Prezident İlham Əliyev: "Bu gün Azərbaycan istənilən istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələr də bu modelin nə qədər düzgün olduğunu sübut edir"
Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin olunub, sənayeləşmə iqtisadiyyatın əsas prioritetlərindən birinə çevrilib, Azərbaycan iqtisadi qüdrəti gündən-günə artan etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuz sahibinə çevrilib. Ötən illər ərzində ölkəmizdə qeyri-neft sektorunun əsas istiqaməti kimi sənayenin inkişafına böyük diqqət yetirilmiş, sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır.
Sənaye müəssisələrində innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi , xüsusilə Bakıda və paytaxtətrafı zonalarda aparılan işlərin intensivləşməsi, sahibkarlığın inkişafına diqqətin artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi çağırışlar sənayeləşmənin həllinə yönəlmiş islahatlardandır.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşması nəticəsində, digər sahələr kimi, sənayenin inkişafına da diqqət artırılmış, sənayeləşmə siyasəti bölgələri də əhatə etmişdir. Son üç ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq və sement zavodları tikilmiş, emal müəssisələrinin sayı artırılmışdır. Perspektivlər isə düşünülmüş və əhatəlidir.
Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gəmiqayırma və sement zavodlarının inşası, alüminium sənayesinin inkişafı önəmli sahələr kimi daim diqqətdə saxlanılır.
2015-ci ildə emal sənayesinin bütün istiqamətlərində dinamik inkişaf müşahidə olunub. Belə ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 26,2 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 faiz şox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı məlumatına görə, mədənçıxarma sektorunda məhsul istehsalı 2 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 5,5 faiz artıb. Emal sektorunda qida məhsullarının istehsalı 2,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,3 faiz, kağız və karton istehsalı 7,5 faiz, poliqrafiya məhsullarının istehsalı 86,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 43,2 faiz, tikinti materiallarının istehsalı 6,3 faiz, hazır metal məhsullarının istehsalı 54,1 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,6 faiz, mebel istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,7 dəfə artıb. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,8 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4 faiz artıb, neft sektorunda isə ötən ilin səviyyəsində qalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2016-cı il vəziyyətinə 317,5 milyon manatlıq hazır məhsul olub.
Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasına uyğun olaraq respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, sənayenin modernləşdirilməsi, regionlarda ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılması bundan sonra da iqtisadiyyatın dinamik inkişafını təmin edəcək, əhalinin rifah halını yaxşılaşdıracaq, məşğulluq səviyyəsini yüksəldəcəkdir. Dövlətimizin başçısının söylədiyi kimi, Azərbaycan öz yolu ilə gedəcək: "Bu gün Azərbaycan istənilən istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələr də bu modelin nə qədər düzgün olduğunu sübut edir".
Su təhlükəsizliyinin təminatı kənd təsərrüfatının da inkişafının qarantıdır
Prezident İlham Əliyev: "Su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin"
Kənd təsərrüfatının inkişafı və geniş ərazilərə malik əkin sahələrinin suvarılması xüsusi əhəmiyyət daşıyır. Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Tovuzçay Su Anbarı da məhz ölkədə irriqasiya infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilmiş ən iri layihələrdən biri oldu.
Bu layihənin başa çatdırılması nəticəsində, 20 min hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq ki, bunun da 16 min 886 hektarı Tovuz, 2 min 939 hektarı Şəmkir rayonu ərazisinə aid əkin sahələridir. Bu su anbarının istifadəyə verilməsi ilə həm də Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq.
Layihənin sitismara verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev bu su anbarının layihəsi hələ sovet dövründə işlənib, ancaq müəyyən səbəblərə görə icra edilməyib, 1992-ci ildə isə layihənin icrası dayandırılıb: "Ancaq indiki dövrdə biz bu layihəni icra edə bildik. Layihənin icrası üçün xüsusi Sərəncam imzalandı, dövlət büdcəsindən vəsait ayrıldı. Artıq bu layihə istifadəyə verilir. Beləliklə, 20 min hektar torpaq sahəsində suvarma yaxşılaşacaq və 300 hektar yeni suvarılan torpaqlar dövriyyəyə buraxılacaqdır.
Əlbəttə, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin. Çünki kənd təsərrüfatının inkişafı iş yerlərinin açılması, yerli istehsalın yaradılması deməkdir. Eyni zamanda, hesab edirəm ki, kənd təsərrüfatı neft və qazdan sonra bizim əsas ixrac məhsulumuz olmalıdır və olacaqdır.
Kənd təsərrüfatının inkişafı üçün buna oxşar iki layihə icra edilmişdir - Taxtakörpü və Şəmkirçay su anbarları. Şəmkirçay Su Anbarı yaxınlıqda yerləşir. Artıq həmin layihələrin ətrafında yeni inkişaf layihələri icra edilir. Şəmkir Aqroparkı, Şabran, Xızı, Siyəzən rayonlarında yeni kənd təsərrüfatı layihələrinin icrası gözlənilir və tezliklə icra ediləcək. Beləliklə, dövlət bu sahəyə investisiya qoymaqla bir neçə məqsədi güdür. İlk növbədə, bunlar su ehtiyatlarımızdan səmərəli istifadə etmək üçün çox önəmli layihələrdir. Su təhlükəsizliyi məsələləri burada öz həllini tapır. Bu da Azərbaycan kimi xarici su mənbələrindən daha çox asılı olan ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz su ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə etməliyik. Eyni zamanda, kənd təsərrüfatının sürətli inkişafı bundan sonra da təmin olunacaqdır.
Keçən il kənd təsərrüfatı 6 faizdən çox artmışdır və ümid edirəm ki, bu il də sürətlə artacaq. Bütün bölgələrdə ixtisaslaşma aparılmalıdır. Tovuz rayonunun ənənəvi kənd təsərrüfatı məhsulları vardır. Onların inkişafı, yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır. İnsanların yaşayış səviyyəsi yaxşılaşacaq. Biz öz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bizim əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda, xarici bazarlara da keyfiyyətli məhsulla çıxmaqdır. Bu istiqamətdə önəmli addımlar atılır. Tovuzçay Su Anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur".
Qeyd edək ki, təkcə Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib, 198 min hektar torpağın su təchizatı yaxşılaşdırılıb. Məhz bu iki layihənin icrası nəticəsində 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi üçün yeni imkanlar yaranıb.
Bundan başqa, 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılıb. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alan Prezident İlham Əliyevin əkin sahələrinin irriqasiya infrastrukturunun genişləndirilməsi məqsədilə imzaladığı müvafiq Sərəncama əsasən, 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində daha 150 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə 12 milyon manat ayrılıb. Bu vəsaitin 2 milyon manatı Naxçıvan Muxtar Respublikası, 10 milyon manatı isə ölkənin digər ərazilərində əkin sahələrinin, həyətyanı torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına yönəldiləcək.
Hazırda 10-dan artıq rayonda 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən Yuxarı Qarabağ kanalında da əsaslı təmir və əlavə bərkitmə işləri aparılıb. Belə ki, kanalın keçdiyi ərazilərdə əlavə bəndlər qurulub. Zərdab rayonunda 37700 hektardan artıq əkin sahələrinin suvarılması üçün 1600 kilometr suvarma, 100 kilometr açıq nov kanallarında yenidənqurma işləri aparılıb. Əsasən, Kür çayından qidalanan bu kanallar nasos stansiyaları vasitəsilə fəaliyyət göstərir. Suyun vaxtlı-vaxtında vurulması və əkin sahələrinə istiqamətləndirilməsi üçün 68 nasos stansiyasında təmir işləri aparılıb.
Bir sözlə, Azərbaycanın su təhlükəsizliyini təmin etməsi, kənd təsərrüfatının inkişafı üçün sumarma sistemlərini müasir standartlara uyğun təşkil etməsi aqrar sektorun inkişafına əlavə nəfəs verəcək. Bu da, öz növbəsində həm yeni iş yerləri, həm də ərzaq təhlükəsizliyinin etibarlı təminatı deməkdir.
"Səs" Analitik Qrupu