PDF Oxu

Araşdırma

  • 3 491

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir

Prezident İlham Əliyev: "Hesab edirəm, gələn iki–üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var"

Məlum olduğu kimi, fevralın 29-da Bakıda, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. Toplantıda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş ŞEVÇOVİÇ, Avropa İttifaqının Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika MOQERİNİ, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat ALBAYRAK, ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos HOKSTAYN, Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund HOSKER, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon BİRRELL, Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk DÜZYOL, Trans-Adriatik qaz kəməri layihəsinin icraçı direktoru İn BRADŞAV, Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod FRİLYAND, Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo DEUFEMİA, Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil MAKKEYN, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van BİLSEN, Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa KALADZE, Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin Enerji və mineral ehtiyatlar üzrə baş katibi Mixail VERROİOPOULOS, Albaniyanın Energetika və Sənaye naziri Damian GJİKNURİ, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De VİNÇENTİ, Bolqarıstanın Energetika naziri xanım Temenujka PETKOVA, Monteneqronun İqtisadiyyat naziri Vladimir KAVARİÇ, Xorvatiyanın İqtisadiyyat naziri Tomislav PANENİÇ və başqaları çıxış edərək "Cənub qaz dəhlizi"nin strateji baxımdan önəmindən danışıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də toplantıda çıxış edərək qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də "Şahdəniz" yatağı hazırda "Cənub" qaz dəhlizi üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir. "Cənub Qaz Dəhlizi" layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda, biz anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda, onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır. Fikrimcə, biz burada "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr və eyni zamanda, istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Həmçinin hesab edirəm, gələn iki–üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var".

Xatırladaq ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzər dənizini Qara və Aralıq dənizlərilə neft kəmərləri birləşdirdi. Bununla yanaşı, 1996-cı ildə "Şahdəniz" qaz kontraktı üzrə sazişin bağlanması da çox önəmli hadisə idi. Çünki bu gün "Cənub qaz dəhlizi"nin resurs mənbəyi "Şahdəniz" qaz yatağıdır və o, dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur. Həmçinin, 1999–cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikildi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. 2007-ci ildə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri tarixə daxil oldu. Məhz bununla Azərbaycan dünyada özünü qaz ölkəsi kimi göstərməyə başladı. Bir sözlə, Azərbaycan enerji siyasətini ardıcıl və uğurla həyata keçirir. Elə bunun nəticəsidir ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi də imzalandı. Bu saziş isə dünyanın siyasi-iqtisadi tablosunda özünün strateji rolu və yerinə görə xüsusi seçilməklə bərabər, digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsi üçün əsaslı zəmin yaratdı.

Bu sazişi imzalamaqla Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb. Saziş Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqlini nəzərdə tutur. Yəni TANAP "Şahdəniz", "Ümid", "Abşeron", "Alov", "İnnam" və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropaya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasiya infrastrukturu deməkdir. Layihə Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət deməkdir. Ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılan ən güclü qaz yatağının yanacaq resurslarının Qərbə axını üçün açıq qapı açıldı. Azərbaycan qazının Qərbə nəqli üçün ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiya baxımından Trans-Adriatik boru kəməri (TAP ) layihəsinin reallaşması da bu sazişlə öz hüquqi-siyasi təminatını möhkəmləndirdi. Strateji baxımdan dünya üçün böyük əhəmiyyət kəsb edən TAP təbii qaz-boru kəməri layihəsi Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqli üçün geniş enerji sistemi deməkdir.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək. "Şahdəniz-2" layihəsinin yekun qərarının qəbul olunmasında, TAP-ın həyata vəsiqə almasında siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi ölkəmiz bölgədə ən mühüm transenerji sistemlərinin yaradılmasında qətiyyət nümayiş etdirir. "Şahdəniz-2", TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayan dövlət başçısı bu layihələrin reallaşması ilə respublikamızın dünyada güclü təchizatçı olduğunu bildirir.

Aydındır ki, bu gün enerji təhlükəsizliyi, əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən və iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Prezident İlham Əliyevin sözlərilə desək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik.

"Səs" Analitik Qrupu

Digər xəbərlər