Vaşinqton öz əhəmiyyətinə görə heç də digərlərindən geri qalmayan "Cənub Qaz Dəhlizi" layihəsinin strateji əhəmiyyətini də anlayır və onu dəstəkləyir
Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir. Rəsmi Vaşinqton da Cənubi Qafqazın güc mərkəzinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran və Avropanın enerji təhlükəsizliyi xəritəsini formalaşdıracaq yeni layihələrin təşəbbüskarı kimi çıxış edən qeyri-adi geostrateji önəmə malik olan respublikamızla çoxtərəfli əməkdaşlığın inkişafında, xüsusilə maraqlı olduğunu dəfələrlə bəyan edib. Ölkələrimizin münasibətlər sisteminə nəzər yetirdikdə, bir daha əminlik yaranır ki, ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir.
Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlərin yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra Amerika onu tanıyan ölkələr arasında ön sıralarda yer aldı. Diplomatik münasibətlər isə 1992-ci il fevralın 28-də quruldu. Həmin ilin mart ayında ABŞ-ın Azərbaycanda, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın Amerikada səfirliyi fəaliyyətə başladı. Rəsmi Vaşinqton Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bunun ən gözəl nümunəsidir. Bir çox beynəlxalq ekspertlər tərəfindən əfsanə hesab olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri məhz ABŞ administrasiyasının dəstəyi ilə inşa edilib və istifadəyə verilib. Bu neft kəmərinin tikintisi Azərbaycana öz resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı yaratmaqla bərabər, həm də yeni enerji dəhlizi, yeni marşrut kimi önəm qazanıb. BTC-nin reallaşmasından sonra bizim tərəfimizdən yaradılan imkandan bu gün ölkəmizlə uğurla tərəfdaşlıq edən Mərkəzi Asiya dövlətləri də faydalanmaqdadır. Region ölkələri üçün bu qədər geniş imkanlar açan layihənin reallaşması isə təbii ki, ABŞ-Azərbaycan həmrəyliyinin təntənəsi hesab edilməlidir.
Təsadüfi deyil ki, Vaşinqton öz əhəmiyyətinə görə heç də digərlərindən geri qalmayan "Cənub Qaz Dəhlizi" layihəsinin strateji əhəmiyyətini də anlayır və onu dəstəkləyir. Məhz fevralın 29-da Bakıda "Cənub" qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyib. ABŞ təmsilçisi Birləşmiş Ştatların "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ-Azərbaycan əlaqələri qarşılıqlı maraqlar, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Cari ilin əvvəlində ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi Birləşmiş Ştatlarda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi də iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından, tərəflərin qarşılıqlı əməkdaşlıqda maraqlı olmasından irəli gəlir. Antiterror koalisiyasının etibarlı üzvü kimi də Azərbaycanın mövqeyi ABŞ rəsmiləri tərəfindən bəyənilir. Bu reallıq da bəllidir ki, 2001-ci ildə ABŞ-da baş verən terror aktına ilk münasibətini bildirən Azərbaycan dövləti oldu. Ulu Öndər Heydər Əliyev beynəlxalq terrorizmə qarşı birgə mübarizənin gərəkliyini, bunu əməli işdə sübut etməyin vacibliyini bildirdi. İraq və Əfqanıstana qeyri-hərbi yüklərin daşınmasında Azərbaycan ABŞ üçün xüsusi əhəmiyyət kəsb edən məkandır. ABŞ-Azərbaycan münasibətlərində sülhün qorunmasına yönəlmiş hərbi əməkdaşlıq təqdir olunur, NATO qüvvələri tərkibində azərbaycanlı əsgərlərin münaqişə bölgələrindəki beynəlxalq standartlara uyğun hazırlığı barədə müsbət rəylər bildirilir.
ABŞ-Azərbaycan müttəfiqliyinin sözdə deyil, əməli işdə sübut olunduğunu bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, böyük təkamül yolu keçmiş dostluq və əməkdaşlığımız hazırkı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bir əsas məqamı da nəzərə alaq ki, ABŞ yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupuna həmsədr dövlətdir. Bu baxımdan da ABŞ-ın mövqeyi ölkəmiz üçün xüsusi önəm daşıyır.
Bir sözlə, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsində hər iki dövlətin birgə iştirakı strateji tərəfdaşlıq nümunəsi kimi dəyərləndirilir. Bu inam ifadə edilir ki, qarşılıqlı münasibətlərə, ümumi dəyərlərə əsaslanan strateji əməkdaşlıq daha da genişlənəcək, möhkəmlənəcək, ABŞ ilə Azərbaycan arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri hərtərəfli inkişaf edəcək. Bu baxımdan, Bakının, ölkəmizin ünvanına ən xoş sözlər deyən və əslində, bütün rasional düşüncəli amerikalı siyasətçilərin mövqeyini ifadə edən konqresmen Şeyla Cekson Lin deyib: "Siz çox mürəkkəb regionda yaşayırsınız. Xəritəyə baxdıqda, biz bir daha şahid oluruq ki, siz çox cəsarətli bir ölkəsiniz. Siz dünyəvi, demokratik və azad müsəlman ölkəsisiniz. Mən fərəhlənirəm ki, sizin kimi ölkəni dəstəkləmək imkanı əldə etmişəm. Azərbaycan XXI əsrin ölkəsidir. Azərbaycan və ABŞ-ın çox mühüm dostluğu vardır. XXI əsrdə və ondan sonra da bizim dostluğumuz yaşayacaqdır".
"Səs" Analitik Qrupu