PDF Oxu

Araşdırma

  • 1 919

Azərbaycan Ordusu xalqımıza qələbə sevinci bəxş etdi

Azərbaycan Ordusu xalqımıza qələbə sevinci bəxş etdi

Aprelin 2-də ordumuz nəinki ermənilərə hərbi dərs keçdi, hətta uzun müddətdir düşmən tapdağında olan əraziləri geri qaytardı

Prezident İlham Əliyev: "Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm"

Xəbər verildiyi kimi, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Düşmənin təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirlərinin görülməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələtəpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən düşmənin yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə silahlı qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan bir "Mi-24" helikopteri düşmən tərəfindən vurulub və bir tank mina partlayışı zamanı sıradan çıxıb.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib. Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq.

Aprelin 2-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev cəbhədəki vəziyyətlə bağlı deyib ki, Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu: "Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq, öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan - diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun.

Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq, bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm".

Göründüyü kimi, artıq Ermənistanın siyasi rəhbərliyi də, ictimaiyyəti də, onu himayə edən qüvvələr də Azərbaycandakı siyasi iradəni və güclü ordunu gördü. Məhz bu məqamda bir daha Azərbaycanda ordu quruculuğu prosesinə nəzər salmaq gündəmə çevrilir.

Qeyd edək ki, Azərbaycan 4 milyard manat illik hərbi büdcəsi, ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkədir. Həmçinin, Azərbaycan silahlı qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Azərbaycanın gəlirlərinin artması ilə paralel şəkildə silahlı qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirməkdədir. Bu, militarizasiya siyasəti deyil və Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri, regionu əhatə edən rikslər, Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması, torpaqlarının 20 faizi 20 ildən artıqdır işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə yönəlmiş vasitəçilik səylərinin nəticə verməməsi ilə bağlı atılmış məcburi addımdır.

İstənilən ölkə üçün döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər tələb edir. Bu səbəbdən də, Azərbaycan güclü silahlı qüvvələrə malik olmaq üçün ölkənin iqtisadi qüdrətinin artması ilə paralel şəkildə hərbi xərclərini də artırıb. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi cəmi 135 milyon ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 3,8 milyard dollardır.Ümumiyyətlə, Azərbaycanın hərbi xərclərində artım dinamikası hər il davam edir və bu gün hərbi büdcəmiz Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötüb.

Azərbaycanın hərbi xərclərində ən böyük artım 2011-ci ildə edilib. Həmin il üçün dövlət büdcəsində hərbi xərclər 2010-cu ilə nisbətən 90 faizə qədər artırılıb və 3.3 milyard dollara çatdırılıb. Müqayisə üçün qeyd olunmalıdır ki, həmin il üçün Ermənistanın dövlət büdcəsinin ümumi xərcləri cəmi 2 milyard 350 milyon dollar təşkil edirdi. Ermənistanın 2011-ci il üçün hərbi xərcləri isə cəmi 387 milyon dollar, yəni Azərbaycanın hərbi büdcəsindən 10 dəfə aşağı idi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) dünya ölkələrinin hərbi büdcələri ilə bağlı açıqlanmış hesabatında da deyilirdi ki, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub: Müdafiə Sənayesi Nazirliyinə ayrılmış vəsaitlər daxil olmadan təxminən 60 faiz.

Azərbaycanın öz hərbi xərclərini bu cür sürətlə və davamlı şəkildə artırmasını zəruri edən başlıca səbəblərdən biri də silahlı qüvvələrin sərəncamında olan sovet istehsalı, köhnəlmiş hərbi texnikanı yeniləmək, onu ən yeni texnologiyalar əsasında hazırlanmış müasir döyüş vasitələri ilə təchiz etmək, habelə silahlı qüvvələrin şəxsi heyətinin sosial vəziyyətini yaxşılaşdırmaq və hərbi tədrisdə yeni metodikanı tətbiq etmək zərurəti olub. Ölkə hərbi xərclərini artırmaqla paralel şəkildə hərbi-texniki sahədə sıx tərəfdaşlıq etdiyi ölkələrdən yeni silah sistemləri və döyüş vasitələri əldə edib. Bu zaman hərbi-hava qüvvələrinin, quru qoşunlarının, sərhəd qoşunlarının, hava hücumundan müdafiə qoşunlarının döyüş qabiliyyətinin artırılması ilə bağlı ehtiyaclar əsas götürülüb. Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırıb. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir.

BMT-nin Adi Silahların Qeydiyyatında və digər açıq mənbələrdə yer alan məlumatların təhlili göstərir ki, Azərbaycan öz hərbi-hava qüvvələrini gücləndirmək üçün ötən illərdə Ukrayna və Belarusdan onlarla dördüncü nəsil modernləşdirilmiş MiQ-29 "Fulcrum" döyüş təyyarələri alıb, habelə Pakistan istehsalı olan 20-dən çox JF-17 təyyarələrinin alınması üçün sifariş vermişdi. Həmçinin ötən bir neçə il ərzində Rusiya, Ukrayna və Belarusdan 100-dən artıq Mi-35M, Mi-24, Mi-8, Mi-17-1V tipli döyüş, hərbi nəqliyyat və hücum tipli helikopterlərin alınmasını həyata keçirib. Eyni vaxtda yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin əldə edilməsi və birgə istehsalı üçün dünyanın ən çox inkişaf etmiş hərbi sənayelərindən birinə malik olan İsraillə sıx tərəfdaşlıq edilir. Bu tərəfdaşlıq çərçivəsində İsrail istehsalı olan onlarla "Orbiter", "Aerostar", "Seacher", "Hermes-450", "Heron" tipli pilotsuz kəşfiyyat təyyarələri alınıb. Nəticədə, Azərbaycan regionda ən güclü hərbi-hava qüvvələrinə malik olan ölkəyə çevrilib. Həmçinin, "Orbiter" və "Aerostar" pilotsuz təyyarələrinin birgə istehsalı üçün Bakıda müəssisə yaradılıb. İsraildən pilotuz təyyarələrin və digər hərbi texnikanın alınmasına dair əməkdaşlıq indi də davam etməkdədir.

Hava döyüş və kəşfiyyat vasitələri ilə yanaşı, Azərbaycan böyük miqdarda zirehli döyüş texnikası, o cümlədən tanklar, piyadaların döyüş maşınları, reaktiv artelleriya sistemləri, o cümlədən hədəfi dəqiq vura bilən sistemlər, uzaqvuran artelleriya qurğuları, hava hücumuna qarşı güclü müdafiə sistemləri, o cümlədən Rusiya istehsalı olan və hazırda dünyada öz sinfinə görə ən güclülərdən sayılan S-300 PMU-2 "Favorit" zenit-raket kompleksləri alıb. Bundan əlavə, İsrail istehsalı olan "Barak-8" zenit-raket komplekslərinin və "Green Pine" radarlarının alınması da ölkənin hava hücumundan etibarlı müdafiəsini təmin etməyə imkan verib. Hərbi ekspertlərə görə, Azərbaycan indi güclü hərbi-hava qüvvələrinə malik olmaqla yanaşı, hava hücumundan etibarlı müdafiə sistemi də qurub, bununla da strateji əhəmiyyətli obyektlərin mümkün hava hücumlarından qorunmasına təminat yaradıb. Eyni zamanda, Azərbaycan region ölkələri arasında öz zirehli hərbi texnikasını istehsal edən ilk dövlətdir. Müdafiə Sənayesi Nazirliyi xarici tərəfdaşlarla birlikdə "Matador" və "Marauder" adlı zirehli transportyorları istehsal edərək onların Müdafiə Nazirliyinin sərəncamına verilməsini həyata keçirməkdədir. Yerli hərbi sənayenin istehsalı olan 14,5 millimetrlik "İstiqlal" snayper tüfəngi isə göstəricilərinə görə öz sinfində dünyada ön sıralarda gedir. Beynəlxalq hərbi ekspertlər də Azərbaycan silahlı qüvvələrinin öz göstəricilərinə və malik olduğu döyüş texnikasına görə regionda ən güclü olduğunu təsdiq edirlər. Böyük Britaniyadakı Beynəlxalq Sülh Araşdırmaları İnstitunun hesabatlarında Azərbaycan Silahlı Qüvvələrinin göstəriciləri əsasında aparılmış müqayisəli təhlildə də bu barədə bildirilir.

Göründüyü kimi, Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirib. Məhz Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyü və suverenliyinin dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir. Ona görə də, bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu hər an müharibəyə və torpaqlarımızı işğaldan azad etməyə hazırdır, necə ki, aprelin 2-də bunu sübut etdi.

"Səs" Analitik Qrupu

Digər xəbərlər