Prezident İlham Əliyev: "ABŞ-Azərbaycan münasibətlərinin 25 illik dövrü əhatə edən tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır"
Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri də faydalı əməkdaşlığın nümunələrindən biridir. Bu mənada, Prezidentin ABŞ səfərini xüsusi vurğulamaq lazımdır. Birləşmiş Ştatların dövlət başçısı Barak Obamanın dəvəti ilə Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər etməsi və burada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirməsi, mühüm müzakirələr aparması bu reallığı bir daha nümayiş etdirir.
Etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin qurulmasında bu ölkənin kifayət qədər böyük rolu var. Bu mənada, Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının ABŞ-a səfəri ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Xüsusilə, Prezidentimizin səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycan-ABŞ tərəfdaşlığının ən incə detalları bir daha vurğulanıb.
Qeyd edək ki, Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevlə görüşündə ABŞ-ın dövlət katibi Con Kerrinin sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana dərin minnətdarlığını ifadə etməsi bu faktı bir daha təsdiqləyir.
Ölkəmiz ABŞ-la enerji sahəsində də uğurla əməkdaşlıq edir. Con Kerri bu məqama da xüsusi olaraq diqqət çəkib və Azərbaycanın beynəlxalq enerji siyasətindəki səylərini yüksək qiymətləndirib. Dövlət katibinin bu gün dünyanın diqqət mərkəzində olan "Cənub Qaz Dəhlizi" layihəsinin Avropanın uzunmüddətli strateji maraqları naminə və vacib olan enerji mənbələrinin şaxələndirilməsi istiqamətində atılmış çox ciddi bir addım olduğunu bildirməsi, sözsüz ki, layihənin əhəmiyyətindən xəbər verir.
Azərbaycan da ABŞ-la ikitərəfli münasibətlərə yüksək dəyər verdiyini də bildirib. Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi ilə görüşündə bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin 25 illik dövrü əhatə edən tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə birlikdə icra edib: "Biz "Cənub Qaz Dəhlizi" layihəsi üzərində birlikdə işləyirik. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı, həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi."
Eyni zamanda, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və bu, Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti ilə görüşündə ABŞ-ın vitse-prezidenti Co Baydenin səsləndirdiyi bu fikirlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Birləşmiş Ştatların qəti mövqeyidir. Təbii ki, ABŞ tərəfindən göstərilən hər bir dəstək bizim üçün çox önəmlidir, eləcə də enerji sahəsində. Co Bayden ABŞ-ın Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını da qeyd edib.
ABŞ-ın vitse-prezidenti ilə görüşündə Prezident İlham Əliyev Azərbaycanda xüsusilə fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olunması və s. sahələrdə islahatlar aparıldığını vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə siyasi-iqtisadi, həmçinin enerji sahəsində faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu bəyan edib.
Martın 31-də Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Barak Obamanın adından Ağ Evdə verilən naharda dövlətimizin başçısının ABŞ Prezidenti ilə bir araya gəlməsi doğrudan da qürurvericidir. Bu, həmçinin Azərbaycanın böyük nüfuz sahibi olmasının göstəricisidir. Məhz ABŞ Prezidenti Barak Obama martın 31-dən aprelin 1-dək Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitinin yekunlarına həsr edilən mətbuat konfransında bildirib ki, bu prosesdə iştirak edən bir sıra başqa ölkələr kimi Azərbaycan da nüvə materiallarının yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görüb. O, vurğulayıb ki, bununla əlaqədar hər bir ölkə öz fəaliyyət planını təqdim edib. Prezident Barak Obama deyib: "Bəzi ölkələrin zənginləşdirilmiş uran ehtiyatları var, onlar həmin ehtiyatların azaldılmasına dair qərar qəbul ediblər. Başqa ölkələrin mülki nüvə obyektləri var, lakin həmin obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübələri yoxdur. Buna görə də onlar təhlükəsizliyin təmin edilməsi üçün daha yaxşı təcrübəni qəbul edirlər. Elə ölkələr də var ki, onlar nüvə materialları qaçaqmalçılığı üçün potensial tranzit məntəqələri ola bilər. Biz belə ölkələrlə sərhədyanı nəzarət və nüvə materiallarının aşkar edilməsi üzrə əməkdaşlıq çərçivəsində iş aparırıq. Azərbaycan yerləşdiyi əraziyə görə bu prosesdə son dərəcə əhəmiyyətli tərəfdaşdır".
Bir sözlə, Azərbaycan artıq güclü dövlətlər sırasında yer alıb. Şübhəsiz ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında bu mövqeyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcək.
"Səs" Analitik Qrupu