PDF Oxu

Araşdırma

  • 1 797

2016-cı il dərin iqtisadi islahatlar ili olacaq

2016-cı il dərin iqtisadi islahatlar ili olacaq

Prezident İlham Əliyev: "Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür"

"Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. Ümumiyyətlə, mən bildirməliyəm ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır. İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanmış və qəbul edilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Maliyyə nizam-intizamı, şəffaflıq - demək istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Sirr deyil ki, bu gün Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq, ən mütərəqqi prinsiplər əsasında inkişaf etdirilir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilir, şəffaflıq tam şəkildə təmin edilir.

Prezident İlham Əliyevin bildirdiyi kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə və hələ də çox aşağı səviyyədə olmasına baxmayaraq, qeyri-neft sektorunun inkişafı sayəsində Azərbaycanın gəlirləri artacaq: "İlin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artmışdır... qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun".

2016-cı ilin birinci rübündə 37 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimidir. Lakin bu müddət ərzində 13 min iş yeri bağlanıb. Həmçinin, Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədilə rüb ərzində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət həyata keçirilib. Bu şirkətlər tərəfindən qısa müddətdə məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edilib və işaxtaran kimi qeydiyyata alınmış şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub. Bundan əlavə, məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb. İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən, ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib.

Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilib. Əmək münasibətlərinin şəffaflaşdırılmasını təmin edən və əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası formalaşdıran əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətlərinə birbaşa və operativ nəzarətin həyata keçirilməsinə imkan yaradıb. Bu sistemin məlumatına əsasən, 2016-cı ilin 1 yanvar tarixinə nisbətən muzdla işləyənlərin sayı 3 ay ərzində 6,6 min nəfər artaraq 1 aprel tarixinə 1256,7 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib.

"Biz burada da müsbət balans görürük. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da mənim göstərişimlə öz həllini tapan məsələdir. Çünki tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara düşüb. Belə olan halda işsizlik səviyyəsini aşağı səviyyədə saxlamaq üçün mən qərar qəbul etdim ki, dövlət şirkətləri, dövlət qurumları yeni iş yerlərini açsınlar. İctimai işlər açılır və birinci rüb ərzində bu qədər iş yerlərinin açılması, əlbəttə ki, insanların sosial müdafiəsinə hesablanıb" - deyə qeyd edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar.

Məlumdur ki, bu gün dünyada böhran yaşanır, iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Hətta əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyev bu ilin birinci rübündə 25-dən artıq Fərman və Sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub. Bunun çox riskli, çətin, eyni zamanda, düşünülmüş ciddi sosial addım və Azərbaycan Prezidentinin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutduğunun göstəricisidir.

"Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən, hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq, maaşları və pensiyaları artırmışıq. Digər sosialyönümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaqdır. Beləliklə, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir. Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaqdır" - deyən Prezident İlham Əliyev əlavə edib ki, iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görüləcək: "Biz operativ tədbirləri görməklə qısa müddət ərzində 31 min daimi iş yeri yaratmışıq, daha çox dövlət sektorunda. Özəl qurumlara da tövsiyə olundu ki, çalışsınlar ixtisarlara yol verməsinlər. Burada biznesin sosial məsuliyyəti ön plana çıxır. Eyni zamanda, əlavə tədbirlərin görülməsi nəticəsində, xüsusilə özəl sektorda minlərlə, on minlərlə yeni iş yeri yaradılmalıdır, qeyd etdiyim kimi, inşaat və kənd təsərrüfatı sektorlarında".

"Səs" Analitik Qrupu

Digər xəbərlər