PDF Oxu

Araşdırma

  • 1 679

İqtisadi islahatların genişləndirilməsi və səmərəli əlaqələndirmə sahəsində mütərəqqi addım

İqtisadi islahatların genişləndirilməsi və səmərəli əlaqələndirmə sahəsində mütərəqqi addım

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması ölkə iqtisadiyyatının bütün sahələrində işlərin davamlı və sistemli aparılmasına əlavə stimul verəcək

Məlum olduğu kimi, dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar bir sıra mühüm qərarlar qəbul edilib. Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir. Məhz aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb və nizamnaməsi təsdiq edilib.

Qeyd edək ki, mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Eyni zamanda, mərkəz qlobal iqtisadi çağırışlara uyğun olaraq ölkənin iqtisadi inkişaf strategiyasının təhlilini, həmin strategiyanın iqtisadi və digər aspektlərinin ekspertizasını həyata keçirəcək və onların səmərəli tətbiqi üsulları barədə təkliflər hazırlayacaq. Mövcud maliyyə-iqtisadi vəziyyəti nəzərə almaqla, ölkə daxilində baş verən sosial-iqtisadi prosesləri təhlil edərək, gözlənilən iqtisadi dəyişiklikləri proqnozlaşdıracaq, müxtəlif təşkilatların, o cümlədən yerli və beynəlxalq kredit təşkilatlarının ayrı-ayrı sahələr üzrə həyata keçirdikləri layihələr çərçivəsində nəzərdə tutulan islahat xarakterli tədbirlər görülməsində iştirak edəcək.

Bununla yanaşı, ölkənin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədilə beynəlxalq təcrübəni təhlil edəcək, yerli və xarici biznes subyektlərinin iştirakı ilə müvafiq təşviqedici kampaniyaların keçirilməsi yolu ilə onların aparılan islahatlar prosesində yaxından iştirakını və bu sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlığını təmin edəcək, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından Azərbaycan Respublikasının xaricdə müsbət imicinin formalaşdırılması məqsədilə ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materiallar yayacaq, müvafiq təbliğat-təşviqat kampaniyaları keçirəcək, aparılan iqtisadi islahatların beynəlxalq səviyyədə lobbiləşdirilməsini, müxtəlif sahələr üzrə xarici investorlarla birgə işçi qrupların fəaliyyətini təşkil edəcək və əlaqələndirəcək.

Mərkəz qlobal iqtisadi tendensiyaları araşdırmaqla, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil edəcək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparacaq, bu sahədə mövcud çağırışları qiymətləndirəcək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlayacaq. Bir sözlə, mərkəz üzərinə düşən bütün funksiyaları həyata keçirməklə ölkə iqtisadiyyatının inkişafını təmin edəcək islahatların reallaşdırılmasını və əlaqələndirməsini təmin edəcək.

Ümumiyyətlə, bu gün belə bir addımın atılması da təsadüfi deyildir. Çünki, dünyanın ən nüfuzlu və mötəbər reytinq institutları və beynəlxalq reytinq agentlikləri də dünya ölkələrinin iqtisadi vəziyyətinə dair yeni yanaşmaların yekunu olaraq reytinq əmsallarında makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, ölkələrin daxili və xarici borc öhdəliklərinin durumu, həyata keçirilən pul-kredit siyasəti və digər komponentləri təhlil edirlər. Məhz Azərbaycanda yaradılan mərkəz də eyni funksiyanı həyat keçirməklə dünya ictimaiyyətinə daha dolğun məlumatların çatdırılmasına nail olacaq.

Reallıqdır ki, hazırda Azərbaycan inkişaf dinamikasına görə Avropa miqyasında əsas aparıcı dövlətlərdən biri sayılır. Azərbaycanda son illərdə əhəmiyyətli dərəcədə pozitiv indikatorlar və də dayanıqlılıq müşahidə olunub. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi artıb, insanların maddi rifah halı yaxşılaşıb. Bütün bu indikatorları nəzərə alan beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldirlər. Elə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər ərzində respublikamıza verilən reytinq əmsalları ən yüksək hesab oluna bilər.

Azərbaycan kredit reytinqinə görə, investisiya qabiliyyətinin yüksək olduğu ölkələr statusundadır. Azərbaycanın beynəlxalq səviyyəli investisiya reytinqi var. Bu, respublikamızın beynəlxalq coğrafiyada potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə zəmin yaradır. Bundan başqa, respublikamızdakı biznes mühiti və xarici sərmayədarların fəaliyyətinin genişlənməsi, normal investisiya fəallığı reytinqin də artmasında əlverişli rol oynayır.

Dünya analitiklərinin fikrincə, stabil reytinq sərmayə cəlbediciliyinə təsir edir və bu mənada, investisiya reytinqinin pozitiv olması xarici investorların ölkəyə marağının artmasına zəmin yaradır. Eyni zamanda, mövcud beynəlxalq kredit statusu Azərbaycanın dünya maliyyə bazarlarına çıxışına münbit şərait yaradır. Məhz mövcud maliyyə sabitliyi və iqtisadiyyatın qeyri-neft bölmələrindəki aktivlik Azərbaycanın 2016-cı ildə də iqtisadiyyatının artımına səbəb olacaq.

Bütün bu göstəricilərə əsasən beynəlxalq reytinq agentliklərinin ekspertlərinin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı olduqca təmkinli qənaəti və nikbin ssenarilər mövcuddur. Proqressiv meyillərin yaranmasında sabitlik faktoru mühüm rol oynayır. Sabitlik, iqtisadi-siyasi islahatlar və inkişaf bir-biri ilə üzvü surətdə bağlıdır. Qeyri-sabit olan ölkədə böhran meyillərinin qarşısını almaq çətin olur və nəticədə, iqtisadi inkişaf zəifləyir. Güclü iqtisadiyyat isə həm siyasi, həm də makroiqtisadi sabitlik nəticəsində mümkün olur. Azərbaycanda möhkəm sabitlik şəraitində müşayiət olunan inkişaf dinamikası və sağlam iqtisadiyyat ölkəmizin beynəlxalq miqyasda reytinqinin artmasında əhəmiyyətli rol oynamış olur.

Göründüyü kimi, respublikamız iqtisadi sahədə islahatları genişləndirməklə artıq bir sıra sahələr üzrə dünya ölkələri içərisində ən qabaqcıl mövqeyə sahib olub. Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmizdə bütün sahələrdə çoxşaxəli islahatlar həyata keçirilir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi inkişaf platforması və aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi və qətiyyətidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər