Ölkəmizdə neft gəlirlərindən asılı olmayan milli iqtisadiyyatın inkişafı üçün güclü zəmin yaradılıb
Azərbaycanda həyata keçirilən siyasətin ortamüddətli dövrdə əsas perspektiv inkişaf sütunu qeyri-neft sənayesi hesab olunur. Sənayenin bu bölməsi son illər sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir. Sənayeləşmənin və industrial cəmiyyət quruculuğunun yeni modellərinin tətbiq olunması ilə bağlı təşəbbüslərin artması da bu strateji planın tərkib hissəsidir.
Ümumiyyətlə, son illərdə regionlarda istifadəyə verilən müəssiələrin istehsal gücünü artırması və yeni rəqabət qabiliyyətli məhsul buraxılışını həyata keçirməsi sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olub. Qeyri-neft sənayesinin ümumi sənaye məhsulunda isə payı daha çox artıb. Son 5 ildə qeyri-neft sənayesində dəfələrlə artım qeydə alınıb.
Qeyri-neft sənayesinin əsas inkişaf etmiş sahələri kimi mədənçıxarma, emal, kimya, metallurgiya, yüngül və yeyinti sənayesi, tikinti materialları bölmələri daha çox diqqəti cəlb edir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda sənaye sektoru çox sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir. Bu, onu göstərir ki, neft gəlirlərindən asılı olmayan milli iqtisadiyyatın inkişafı üçün güclü zəmin yaradılıb.
Hazırda dünyada ən geniş yayılmış iqtisadi ərazi subyekti kimi sənaye texnoloji parkları (texnopark) xüsusi əhəmiyyətə malikdir. İnkişaf etmiş dövlətlər mövcud sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki nailiyyətlərdən daha geniş və səmərəli istifadəyə və bu ölkələrin beynəlxalq əmək bölgüsündə daha fəal iştirakına nail olmaq üçün bu iqtisadi subyektlərin imkanlarından yararlanırlar. Sənaye parklarının yaradılması yeni dövrün tələbləri olaraq meydana çıxmış iqtisadi zərurətdir. Bu iqtisadi ərazi subyektləri ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün xarici sərmayənin və mütərəqqi texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi və yayılması məqsədilə yaradılır. Sənaye parkları geniş ərazi sərhədlərinə malik olan və sənaye sektoruna aid fəaliyyət sahələrinin bütün növlərinin cəmləşdiyi bir genişmiqyaslı xüsusi hüquqi rejimi olan ərazi sayılır. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapital tutumlu bölməsi sayılır.
Hazırda Sumqayıtda neft-kimya məhsullarının, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (aluminium) məmulatların istehsalı uzrə sənaye şəhərcikləri və digər texnoparkların yaradılması sənaye texnoparkları layihələrinin genişləndirilməsi üçün başlıca zəmin hesab olunur. Bu baxımdan, hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla, xususi iqtisadi zonaların yaradılması və sənaye şəhərciklərinin qurulması üçün müxtəlif iqtisadi təşviqedici və stimullaşdırıcı addımların atılması prioritetlərdəndir. Orta və uzunmuddətli perspektivdə sənayeləşmənin bir çox sahələrinin, o cümlədən texnoparkların yüksək inkişafına impuls vermək üçün digər həvəsləndirici addımların atılması nəzərdə tutulur. Güclü texnopark kompleksləri şəbəkəsini genişləndirmək üçün investisiyaların artırılması, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması, daha əlverişli biznes mühitinin təmin edilməsi iqtisadi stimullaşdırma vasitələrinin əsas istiqamətlərini təşkil edir.
Məlum olduğu kimi, sənaye texnoparklarının yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır.
Azərbaycanın yaxın onillikdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatların ixracından movcud asılılığı aradan qaldırmaq və iqtisadi artımım lokomotivi kimi neftdənkənar sahələrin, xüsusilə də, qeyri-neft sektorunun aparıcı bölməsi hesab olunan sənaye sektorunun inkişafını təmin etməkdən ibarətdir. Hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kim sənaye sektoruna daha böyük üstünlük verir. Qarşıdakı onillikdə respublikamızda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tululur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla iqtisadiyyatın inkişafında xüsusi rol oynayacaq. Xüsusilə də, sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edir. Yəni dövlət beynəlxalq standartlarına cavab verən rəqabətqabiliyyətli qeyri-neft sənayesi məhsullarını dünya bazarına ixrac etməklə valyuta gəlirlərini artırmaq niyyətindədir. Hökumət bu məqsədlə yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları yaradacaq, dövlət özü maliyyə dəstəyini gücləndirməklə yanaşı, xarici investorların cəlb olunması üçün bir sıra güzəştləri tətbiq etməyi nəzərdə tutur.
Sənaye texnoparklarının yaradılmasının miqyasının genişlənəcəyini və ölkə sənayesinə çox güclü təkan verəcəyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz bu müəssisələrin tam rentabelli fəaliyyəti nəticəsində beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli məhsulları dünya bazarına ixrac edəcək. Yaxın illər üçün yeni sənaye müəssisələrinin yaradılması iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Hökumət bu sahəyə hər il investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək.
Bu gün dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi innovativ inkişafın əsas fundamentini təşkil edir. Elmi bazası, intellektual mülkiyyəti güclü olan dövlətin inkişafı, iqtisadi modernləşmə xətti öz uğurlu nəticələrini verir. Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi alması "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
"Səs" Analitik Qrupu