Yaxud "Cənub Qaz Dəhlizi"nin uğurla reallaşdırılması yeni mərhələyə qədəm qoyur
Xəbər verildiyi kimi, mayın 17-də Yunanıstanın Saloniki şəhərində bp, SOCAR, "Snam", "Fluxys", "Enagas", "Axpo" şirkətlərinin rəhbərlərinin, Avropa İttifaqının, eləcə də Yunanıstan, Türkiyə, İtaliya və Bolqarıstanın yüksək vəzifəli məmurlarının, ABŞ Dövlət Departamentinin özəl təmsilçisi Amos Hokşteynin, ümumiyyətlə, 300-ə yaxın yüksək səviyyəli qonağın iştirakı ilə Transadriatik Qaz Kəmərinin (TAP) təməli qoyulub.
Mərasimdə çıxış edən Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç kəmərin inşa gününün başlanmasını "tarixi gün" adlandırıb. Yunanıstanın baş naziri Aleksis Sipras isə deyib ki, TAP Qaz Kəməri onun ölkəsi üçün yeni eranı ifadə edir. Çünki Yunanıstan bununla təkcə Xəzərin qaz ehtiyatlarına çıxış əldə etmir, bu boru sayəsində bölgənin energetik qovşağına çevrilir. Yunanıstan-Bolqarıstan interkollektorunun birinci fazasını artıq inşa etmiş Bolqarıstan energetika naziri Temenjuka Petkova isə bildirib ki, onun ölkəsinin hökumətinin prioritetlərindən biri təbii qaz tədarükünün qaynaq və marşrutlarının şaxələndirilməsidir. Beləliklə də, artıq Avropanın enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının diversifikasiyası və tədarükü üzrə əsas layihə kimi dəyərləndirilən "Cənub Qaz Dəhlizi"nin uğurla reallaşdırılması yeni mərhələyə qədəm qoyur.
Xatırladaq ki, 2000-ci illərdən başalayaraq "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanıb. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub Qaz Dəhlizi" ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi keçirilib. 2015-ci il fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib və "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, mətbuat üçün bəyanat qəbul edilib.
TAP Avropa İttifaqına yeni mənbədən qaz çatdıracaq və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyini daha da artıracaq. Adriatik dənizinin dibi ilə Yunanıstanın sərhədindən İtaliyaya uzanan bu qaz kəməri "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir. TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bir müddət bundan əvvəl Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya Adriatika-İonika Şurasının XV toplantısının yekunu olaraq bəyannamə qəbul edərək, regional enerji layihələri arasında, ilk növbədə TAP-a xüsusi dəstək verəcəklərini vəd ediblər. Bu kəmərlərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard, gələcək perspektivdə isə 32 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. "Cənub Qaz Dəhlizi"nin dörd komponentindən biri olan TAP-ın uzunluğu 878 km təşkil edir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Qeyd edək ki, hazırda TAP kəmərinin tikintisinə hazırlıq işləri aparılır. Bu ilin ortasında boru kəmərinin tikintisinə başlanması nəzərdə tutulur.
TAP və "Şahdəniz" konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edir, Avropa İttifaqı ilə Azərbaycan təbii qaz tərəfdaşına çevrilir. Eyni zamanda, "Cənub Qaz Dəhlizi"nin reallaşması həm də ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanlarını daha da genişləndirəcək.
"Səs" Analitik Qrupu