Ermənistanın status-kvonun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd etməsi nəticəsiz qalacaq
Mayın 16-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın, ABŞ dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kasprşikin iştirakı ilə görüş keçirildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və onun həlli yolları müzakirə edilib.
Ekspertlərin fikrincə, Vyanada baş tutan görüş birmənalı olaraq aprel hadisələrinin nəticəsi oldu. Məhz Azərbaycan Ermənistanı danışıqlar masasına əyləşməyə məcbur etdi. Lakin görüşdən sonra rəsmi Yerevan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıdı və Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətinin təhrif olunmasına xidmət etdi.
Bu gün bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən çox təhlükəli olan mövcud status-kvonun qəbuledilməzliyi vurğulanır və dəyişdirilməsi zərurətinə dair çağırışlar edilir. Təəssüf ki, münaqişənin həlli prosesində konstruktivlik nümayiş etdirmək əvəzinə, Ermənistan xarici işlər naziri E.Nalbandyan yenə də bu kimi çıxışları ilə hər vəchlə status-kvonun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd edir. Əgər o, bunu ölkəsinin prezidentinin təlimatı ilə həyata keçirirsə, bu, çox təhlükəli yoldur və vəziyyətin dramatik şəkil almasına xidmət edə bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu barədə ciddi qeyd götürməlidirlər.
Korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən E.Nalbandyanın "Demokratik təhlükəsizlik" və ya "Demokratik sülh" konsepsiyasından danışması yalnız istehza və gülüş doğurur. Öz vətəndaşlarının odlu silahlarla kütləvi qırğınını həyata keçirən Ermənistan rejiminin insan hüquqları və demokratiyadan danışmağa mənəvi, siyasi və hüquqi haqqı yoxdur. Aprelin 2-dən başlayaraq Ermənistanın qoşunların təmas xəttində törətdiyi hərbi avantüra bir daha sübut etdi ki, Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir.
Proseslərin gedişatı bir daha göstərir ki, bundan sonra Ermənistanın status-kvonun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd etməsi nəticəsiz qalacaq. Çünki digər görüşlərdən fərqli olaraq, bu dəfə danışıqlar Rusiyanın nəzarəti altında baş tutmadı. ABŞ və Avropa İttifaqının diplomatları da görüşdə fəallıq göstərdilər. Digər tərəfdən Azərbaycan qalib tərəf kimi danışıqlarda separatçıların iştirakının qarşısını aldı. Bu da, onu göstərir ki, Qarabağ danışıqlarının uzanması Azərbaycanın marağına uyğun deyil.
Beləliklə də, prezidentlərin növbəti görüşünün cəmi bir ay sonra keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu, o deməkdir ki, Azərbaycan proseslərin sürətlənməsini istəyir. Ölkəmiz müəyyənləşdirməyə çalışır ki, Ermənistan güzəştə getməyə hazırdır, yoxsa əvvəlki illərdə olduğu kimi, vaxtı uzatmaq, status-kvonu qoruyub- saxlamaq istəyir. Həm Ermənistan, həm də ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlər başa düşdülər ki, mövcud status-kvonun zaman limiti bitib. Status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil. Bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, Azərbaycan xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində, güc yolu ilə həllinə qadirdir. Bununla da, Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi. Vyana danışıqlarında aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara alınıb. Şübhə yoxdur ki, münaqişə bölgəsində monitorinqlər aparacaq missiyanın gələcəyi qənaət də ATƏT-in əvvəlki missiyalarının rəyləri kimi Azərbaycanın xeyrinə olacaq.
Bir sözlə, Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan Ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir. Bu da, öz növbəsində münaqişənin həlli üçün ciddi zəmin yaradır.
"Səs" Analitik Qrupu