Prezident İlham Əliyev: "Bizim qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunub"
Xəbər verildiyi kimi, İstanbulda Dünya Humanitar Sammiti keçirilib. Dörd il əvvəl Humanitar sammit ideyasının yaranmasına səbəb kimi dünyada humanitar böhranın getdikcə dərinləşdiyi səbəb olub. Lakin bu böhran hər il dərinləşir və insanların bu sahədəki çətinlikləri daha da artır. Bu baxımdan, tədbirdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə 5 mindən çox nümayəndə iştirak edirdi.
Qeyd edək ki, hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu qəbildən olan insanların sayı ildən-ilə artmaqdadır. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırır. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin məbləğini 2003-cü ildəki 3,4 milyard dollardan 21 milyard dollara çatdırmaqdır. Bu baxımdan, sammitin əsas hədəfi münaqişələrin həlli və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına nail olmaqdır.
Onu da əlavə etmək lazımdır ki, bu gün ən ağır humanitar zonalar Yaxın və Orta Şərq ölkələri sayılır. Prezident İlham Əliyev bildirir ki, dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən, hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks-təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək. Səbəblərdən asılı olmayaraq, baş verənlərdən daha çox əziyyət çəkən günahsız insanlardır. Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan xarici müdaxilələr, qanlı toqquşmalar nəticəsində həlak olub. Yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür, qarşıdurma meyilləri güclənir.
Amma unutmaq olmaz ki, Azərbaycan da Ermənistanın hərbi təcavüzü nəticəsində humanitar fəlakətlə qarşılaşıb. Sammitdə çıxış edən Prezident İlham Əliyev deyib ki, biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik. Artıq 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib: "Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədib. 1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən soyqırımı kimi tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir".
2016-cı ilin aprelində Ermənistan dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdi. Bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb. Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib".
Lakin hazırda da 1 milyondan artıq məcburi köçkünü və qaçqını olan Azərbaycan humanitar böhran keçirən ölkələrə yardım edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunub. Qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizə endirilib. Ümumilikdə, son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin "Ebola" virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq.
Bir sözlə, Humanitar sammit bu və ya digər ölkələrdə, bölgələrdə mövcud olan humanitar problemlərin həllinə işıq tuta bilər. Təbii ki, bu sammitdə çıxış edən ölkələr beynəlxalq hüquq normalarına sadiq olsalar, o zaman həm münaqişələr həll edilər, həm də humanitar böhranlar aradan qalxar, gələcəkdə bir daha qlobal humanitar böhranların baş verməsinin qarşısı alınar.
"Səs" Analitik Qrupu