"Zamanın çağırışları" analitik informasiya portalı: "İsrail Azərbaycanın simasında islam dünyasının mayakı olan ölkəni, Cənubi Qafqaz regionunda Avropa dəyərlərinə malik mühüm geosiyasi amili görür"
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi rolu və geosiyasi çəkisi olan ölkə kimi dünyanın aparıcı ölkələrilə səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu ölkələrin sırasında İsrail də yer alıb.
Qeyd edək ki, Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran amil, məhz Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.
Azərbaycanla İsrail arasında ikitərəfli siyasi münasibətlərin əsası 1991-ci ildə qoyulub. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. 1995-ci ildə Ulu Öndər Heydər Əliyev İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin xarici işlər naziri Şimon Pereslə, elə həmin il BMT Baş Məclisinin iclasında İsrailin baş naziri İshaq Rabinlə, 1996-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin artıq baş naziri olan Şimon Pereslə, ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. 1997-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu isə Azərbaycana qısamüddətli səfər edib. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır."
İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə, əsasən də, Şimon Pereslə bir sıra görüşləri olub. 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 nəfər iş adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. İsrail Prezidenti Şimon Peresin səfəri zamanı Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb.
Bir sözlə, iki ölkə arasında səmərəli və qarşılıqlı maraq doğuran əlaqələr mövcuddur. Hətta son günlər ərzində İsraildə hökumətdə baş verən dəyişikliklər haqqında yayılan informasiyalarda İsrail-Azərbaycan münasibətləri xüsusi olaraq nəzərdən keçirilir. Bildirilir ki, İsrailin "Zamanın çağırışları" analitik informasiya portalında beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun İsrailin siyasi həyatındakı son hadisələr, hökumət koalisiyasında dəyişikliklər, ölkənin yeni müdafiə naziri Aviqdor Liberman, İsrail ilə Azərbaycan arasında strateji qarşılıqlı münasibətlərin inkişafı və möhkəmlənməsi haqqında məqaləsi dərc olunub.
Məqalədə deyilir ki, Aviqdor Liberman sərt, amma çox praqmatik diplomat kimi tanınır. Aviqdor Libermanın İsrail dövlətinin maraqlarını müdafiə edən praqmatik siyasətçi olduğunu önə çəkən Arye Qut yazır ki, o, İsrailin dostlarını həmişə düzgün seçib və onun Cənubi Qafqaz regionunda Azərbaycana istinad etməsi də özünü doğruldur. Azərbaycan İsrailin mühüm strateji enerji resursları təchizatçısıdır. Bu ölkə bizi başqa ölkələrin enerji asılılığından azad edib. Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və mehriban münasibət bəsləyir ki, bunun da dünyada presedenti yoxdur. Yəhudilərin Azərbaycan ərazisində yaşadıqları bütün dövr ərzində bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur. Biz, əslən bu ölkədən olanlar də bu tolerantlıq və dini dözümlülük amili ilə fəxr edirik. Azərbaycan bu gün multikulturalizm və tolerantlıq siyasəti yürüdür və bütün dünyaya göstərir ki, ölkə ərazisinin 20 faizinin işğal edilməsi Azərbaycanın həqiqi sivilizasiyalararası dialoqun nümunəsi və bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yaşadığı məkan olmasına mane olmur.
Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından birinin Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər, İsrail tərəfindən, məhz Aviqdor Libermanın olduğunu desəm, heç də böyük sirrin üstünü açmaram. Məhz "İsrail Bizim Evimizdir" Partiyasının liderinin xarici siyasət konsepsiyası İsrailin xarici siyasət strategiyasında Azərbaycanı postsovet məkanındakı adi ölkədən İsrail dövlətinin strateji tərəfdaşına çevrilib. Azərbaycanın regiondakı strateji əhəmiyyətini və geosiyasi mühümlüyünü, məhz A.Liberman başa düşüb.
Müəllifin fikrincə, Azərbaycan real surətdə sübuta yetirib ki, regionun lider dövləti mövqeyində tam möhkəmlənib, onun iştirakı olmadan Cənubi Qafqazda heç bir layihəni həyata keçirmək mümkün deyil. O yazır: "İsrail Azərbaycanı neft-qaz, telekommunikasiya və kənd təsərrüfatı sahələrində ən qabaqcıl texnologiyalarla təchiz edən mühüm strateji tərəfdaşdır. İsrail hərbi sənayenin yaradılmasında və inkişafında Azərbaycanla qarşılıqlı fəaliyyət göstərir. Mən iki il əvvəl Aviqdor Libermandan müsahibə götürən zaman İsrail XİN-in yeni və eyni zamanda, köhnə başçısı demişdi ki, İsrail ilə Azərbaycanın unikal və bənzərsiz strateji tərəfdaşlıq əlaqələri var. İsrail Azərbaycanın simasında islam dünyasının mayakı olan ölkəni, Cənubi Qafqaz regionunda Avropa dəyərlərinə malik mühüm geosiyasi amili görür".
"Səs" Analitik Qrupu