Prezident İlham Əliyev: "Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət sahələrində və humanitar sahədə əlaqələr uğurla inkişaf edir"
Çin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllində maraqlıdır və rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərinə hörmətlə yanaşır
Bu gün Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Bu mənada, Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. İki ölkə arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Məhz Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra onun azadlığını tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb. İki ölkə arasında rəsmi şəxslərin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Belə ki, 1994-cü il 7-10 mart tarixində Ulu Öndər Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub və səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb.
Ümummilli Lider Çin ilə ikitərəfli münasibətlərin təməl prinsiplərinin qurulmasında müstəsna rol oynayıb. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət, eləcə də Çin ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu gün uğurla davam etdirilir. Çin Azərbaycan üçün dost və qardaş ölkədir və Çin ilə münasibətlərin inkişaf etdirilməsi xarici siyasətimizdə əsas istiqamətlərdən biridir. Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərləri zamanı keçirilən görüşlər və aparılan səmərəli danışıqlar bunu bir daha təsdiq etdi.
Bütün bunları nəzərə alaraq, demək olar ki, Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. İki ölkə arasında heç bir problem yoxdur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və ərazilərinin toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir.
Bu mənada, Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitənin Siyasi və Hüquqi Məsələlər Komissiyasının katibi və Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına əlavə stimul verib.
Mayın 22-də nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bu səfərin iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi işinə töhfə verəcəyini dedi. Əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət və humanitar sahələrdə əlaqələr uğurla inkişaf edir. Hüquq-mühafizə və təhlükəsizlik sahələrində də əməkdaşlığımızın genişləndirilməsi ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə töhfə verə bilər.
Ümumiyyətlə, Çin Azərbaycan ilə təhlükəsizlik, hüquq-mühafizə sahələrində, terrorizmə, transmilli iqtisadi cinayətkarlığa, kibercinayətkarlığa qarşı mübarizə, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığın genişləndirməsində maraqlıdır. Bu baxımdan, Azərbaycan Çin üçün dost və qardaş ölkədir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə keçirilən görüşdə də Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.
Çin, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllində maraqlıdır və rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərinə hörmətlə yanaşır.
Bir sözlə, bu gün Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. Dünyanın inkişaf etmiş etmiş ən güclü ölkələrindən biri olan Çinlə strateji əlaqələrin qurulması Azərbaycanın beynəlxalq miqyasda əhəmiyyətindən xəbər verməklə yanaşı, ölkəmizin siyasi çəkisini də artırmış olur.
"Səs" Analitik Qrupu