PDF Oxu

Araşdırma

  • 2 849

Prezident Sərəncamı dağ-mədən sənayesinin inkişafına əlavə stimul verəcək

Prezident Sərəncamı dağ-mədən sənayesinin inkişafına əlavə stimul verəcək

Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında imzaladığı Sərəncam xarici investorların da bu sahəyə olan marağını daha da artıracaq

Bu gün Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısı və regionun ən mühüm tranzit mərkəzidir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strateji inkişaf kursunun nəticəsidir ki, dünyada baş verən iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında artım davam edir, hərtərəfli inkişaf edir. Neft sektorundan gələn gəlirlərin real iqtisadiyyata yönəldilməsi isə böyük nailiyyətlər əldə etməyə səbəb olur.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin genişləndirilməsi və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi nəzərdə tutulur. Bəlli olduğu kimi, yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin əsas hissəsi olmaqla, hər bir ölkənin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyən edən amillərdəndir. Azərbaycan geoloqlarının fədakar əməyi sayəsində respublika ərazisində yaradılmış mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsinə, milli və xarici investorların cəlb olunması ilə dünya sənayesinə inteqrasiyasına geniş imkanlar açır.

Hazırkı qloballaşma dövründə dünya iqtisadiyyatının mövcud vəziyyətinə nəzər salsaq, görərik ki, dağ-mədən sənayesi aparıcı rol oynayır. Dünya iqtisadiyyatında son 10-15 ildə dağ-mədən işləri nəzərə çarpacaq dərəcədə artıb və o, qlobal iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib.

Məlumat üçün bildirək ki, bu gün dünyada dağ-mədən sənayesinin inkişafı baxımından Çin, ABŞ, Rusiya, Avstraliya, Braziliya, Hindistan, CAR və Kanada aparıcı mövqelərə malikdirlər. Eyni zamanda, dünyada 30-dan artıq mineral hasil edən 10 ölkə mövcuddur. Hazırda dağ-mədən sənayesinin əsas istehlakçısı Çindir. Azərbaycan isə bu sahə üzrə 2005-ci ildə 24-cü yerdə idi. Son illər ərzində isə investisiya qoyulmasına görə, dağ-mədən sənayesi 5-ci yerə yüksəlib.

Məlumdur ki, dünya sənayesində qara, əlvan və nadir metallara olan tələbat artmaqdadır. Tələbat isə inkişaf etməkdə olan bazarın artım dinamikası ilə müəyyən olunur. Metallara olan tələbat, ilk növbədə Çində avtomobilqayırma, gəmiqayıma və infrastruktura günbəgün artan xammal tələbatı ilə müəyyən olunur. Məhz Çində metallara olan tələbat dünyada metalların qiymətinin sıçrayışına səbəb olur.

Bir sözlə, mineral-xammal resursları sektoru dünya iqtisadiyyatında baş verən dəyişikliklərin mərkəzində durur. Resurslar sahəsində gözlənilən tələbata böyük invetisiyaların qoyulması, həm də mühəndis və texniki mütəxəssislərə olan tələbatın artacağı gözlənilir. Mineral-xammal sektorunda bazarların tənzimlənməsi və yeni texnologiyaların meydana çıxması nəticəsində yeni strukturların yaranması zərurəti meydana çıxır. Bu da mineral-xammal sektorundakı şirkətlər üzərində dövlətin nəzarətinin güclənməsi zərurətini ortaya qoyur.

Dünya iqtisadiyyatında baş verən proseslərdən irəli gələrək, Azərbaycan da bu sahədə əlavə addımların atılmasına və dağ-mədən sənayesinin daha da inkişafına doğru addımlar atır. Elə Prezident İlham Əliyevin may ayının 25-də Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında imzaladığı Sərəncam bu məsələyə xidmət edir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 358-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş üzrə podratçılara məxsus olan iştirak paylarının onlar tərəfindən satılması niyyətini, beynəlxalq təcrübəyə uyğun şəkildə aparılmış qiymətləndirmə nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu, adıçəkilən yataqların daha səmərəli idarə edilməsinin zəruriliyini, qeyri-neft sənayesinin, o cümlədən, metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəfləri, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təklifi nəzərə alınaraq, Saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirlər görüləcək. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti alqı-satqı baş tutduqdan sonra Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və səmərəli idarə olunmasını təmin etməlidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər