PDF Oxu

Araşdırma

  • 1 754

Yeddi mindən artıq dərman yeni qiymətlərlə satılır

Yeddi mindən artıq dərman yeni qiymətlərlə satılır

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur

Məlum olduğu kimi, iyunun 1-dən daha 1334 dərmanın yeni qiyməti qüvvəyə mindi. Bununla da, Azərbaycanda dövlət qeydiyyatına alınmış 10 mindən çox dərman vasitəsindən indiyədək 7075-nin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib. Bu dərmanlar apteklərdə artıq təsdiq edilmiş qiymətlərlə satılır. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir. Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə əhalisinin sosal rifah halını daha da yaxşılaşdırmaq üçün dövlət proqramlarının icrasını daim diqqət saxlayır. Məhz son 12 il ərzində Prezidentin imzaladığı sərəncam və fərmanların, dövlət proqramlarının 60 faizi sosialyönümlü olub. Lakin bəzi hallarda bu inkişafa süni maneələr də yaradılır ki, bu da dövlət proqramlarının səmərəliliyinə mənfi təsir göstərir. Bunlardan biri də süni şəkildə dərman preparatlarının qiymətlərinin şişirdilməsi idi. Məhz bu amilləri əsas götürən Prezident İlham Əliyev hələ 2015-ci il iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu sahədəki problemlərlə bağlı fikirlərini sərt şəkildə bildirmişdi.

Əlbəttə, əhalinin sosial müdafiəsi baxımından ciddi önəm daşıyan belə məsələlərdən biri də ölkənin dərman bazarındakı vəziyyətlə bağlıdır. Ölkə Prezidentinin bu sahədə insanları narahat edən problemlərə diqqət çəkməsi təsadüfi deyildi. Ölkədə hamı, əhalinin bütün təbəqələrinin təmsilçiləri potensial dərman istehlakçılarıdır. Lakin dövlətin əhalinin sosial müdafiəsinə güclü önəm verməsinə rəğmən, dərman bazarında arzuolunmayan vəziyyət hökm sürürdü. Burada qiymətlər şişirdilir, insanlara bəzən keyfiyyətsiz, mənşəyi bilinməyən dərmanlar təklif olunurdu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Lakin unutmaq olmaz ki, dərman bazarı çox həssas bir sahədir və burada işbazların manipulyasiya əməllərinin qarşısı alınmalıdır. Burada ədalətsizliyə və qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməsinin qarşısı mütləq alınmalıdır".

Prezident İlham Əliyev sözügedən iclasda dərman bazarındakı çatışmazlıqların aradan qaldırılması məqsədilə nəzərdə tutulan tədbirləri ümumiləşdirərək bildirmişdir: "Şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm, Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq".

Beləliklə də, Azərbaycanda bu gün artıq 7000-dən artıq dərman preparatı yeni qiymətlərlə satılır. Bu da, onu göstərir ki, cəmiyyətimizin bütün sahələri və təbəqələri Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər