PDF Oxu

Araşdırma

  • 13 624

Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi qapadılmış məsələ deyil

Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi qapadılmış məsələ deyil

Əli Həsənov: "Bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib"

Uzun müddətdir ki, Azərbaycanda "Diffamasiya haqqında" qanunla bağlı ictimai müzakirələr aparılır. Hətta bununla əlaqədar Aİ və AŞ ilə Azərbaycan Mətbuat Şurası birgə layihələr həyata keçirir. Lakin çox təəssüflər olsun ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığından sui-istifadə edən və kifayət qədər qüsurlu mətbuat orqanları da fəaliyyət göstərir. Bilərəkdən insanlara yalan informasiyalar verən, ictimaiyyətin müxtəlif təbəqələri haqqında böhtan dolu məlumatlar yazan mətbuat orqanlarımız hələ də mövcuddur. Hər bir mətbuat orqanı yazdıqları yazının məsuliyyətini dərk etməli və anlamalıdır ki, kimliyindən asılı olmayaraq, insanları təhqir etmək yolverilməzdir. Bu gün bir neçə qəzet təsis edib öz bəd əməlləri ilə fəaliyyət göstərən insanlar, əfsuslar olsun ki, hələ də mövcuddur. Bu səbəbdən də, bütün bu halların hər biri aradan qalxmalıdır. Əks- təqdirdə, "Diffamasiya haqqında" qanun layihəsi qəbul oluna bilməz. Bunun səbəblərini Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov aydın şəkildə izah edib.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa İttifaqı və Avropa Şurasının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İfadə və media azadlığı" layihəsi çərçivəsində diffamasiya mövzusunda "dəyirmi masa"dakı çıxışında qeyd edib ki, "Diffamasiya haqqında" qanun layihələri bir təşəbbüs kimi 2005-ci, 2011-ci və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub: "İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda, belə bir qanunun qəbul edilməsi əks-effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər. Deməli, ilk növbədə, mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər. Həmçinin, ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi".

2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə edilib. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi" Konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-lərin müstəqilliyinin təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər bu kimi məsələlərin həlli olub.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlayıb. Həmin dövrdən bu vaxtadək, faktiki olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.

Əli Həsənov deyib ki, onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Qeyd edim ki, əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da vardır.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il dekabrın 27-də insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq etdiyini vurğulayan Əli Həsənov deyib: "Həmin planda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi bəndi də öz əksini tapıb. Daha sonra Mətbuat Şurası 2010-cu ili Azərbaycanda "Diffamasiya ili" elan edib, jurnalist təşkilatları "Diffamasiya haqqında" Qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb və Azərbaycan Milli Məclisinə təqdim edilib. Həmçinin, 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb.

Göründüyü kimi, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib. Amma indiki halda "Diffamasiya haqqında qanun"un qəbul olunması müəyyən problemlərə yol aça bilər. Bu gün təhqirə, böhtana yol verən mətbuat orqanlarımız sağlam mətbuatımızın da mövqeyinə xələl gətirir. Buna əsaslanıb demək olar ki, insanların ailəsinə və şəxsi həyatına müdaxilə edən, təhqirə yol verən bəzi mətbuat orqanlarının mövcud olduğu halda "Diffamasiya haqqında qanun"un qəbulu yolverilməzdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər