Əli Həsənov: "Dünya azərbaycanlı iş adamları birliyinin yaradılması məsələsi də çox önəmlidir. Artıq bu birliyin yaradılmasının və onun Bakıda təsis konfransının keçirilməsinin, iş adamlarının imkanlarının səfərbər edilməsinin zamanı gəlib çatıb"
Hazırda diasporun dövlətin dayağı olması bir aksiomdur. Dünya təcrübəsi də, bəzi diasporların fəaliyyəti də bunu təsdiq edir. Diasporlar, faktiki olaraq, dövlət xaricində bir dövlət yaradırlar və öz dövlətlərinə dayaq olurlar. Azərbaycan da böyük potensialı olan diaspora malikdir - dünya azərbaycanlılarının yalnız beşdə biri Azərbaycanda yaşayır. Vətəndən xaricdə yaşayan azərbaycanlıların sayı on milyonla ölçüldüyü kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu, həm iqtisadi, həm də siyasi cəhətdən böyük qüvvədir.
Sirr deyil ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, güclü diasporun yaradılması istiqamətində dövlət səviyyəsində əsaslı işlər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və Azərbaycan Prezidenti seçildikdən sonra başladı. Ulu Öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və güclü diaspora çevrilməsi məsələsini Azərbaycanın xarici siyasətində yeni bir istiqamət kimi dəyərləndirdi. Xarici ölkələrə səfərlərində Azərbaycan diasporu ilə görüşməyi, görüşlərdə çıxış etməyi, soydaşlarımızı eşitməyi bir ənənəyə çevirdi. Ümummilli Lider bu barədə deyirdi: "Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha sıx əlaqələr qurması, öz həmrəyliyini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır".
Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, azərbaycanlıların birliyi və həmrəyliyi ideologiyası Ulu Öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman həyata keçirilib: "1998-ci ildə Ulu Öndər dünya azərbaycanlılarının qurultayının keçirilməsi ideyasını gündəmə gətirəndən sonra biz bu mühüm iş üçün üç il hazırlaşdıq. Biz istəyirdik ki, dünyanın bütün guşələrində yaşayan azərbaycanlılar unudulmasın, onların təşkilatlarını formalaşdıraq, əlaqələrini yaradaq. O dövrdə biz çətinliklərlə də üzləşirdik, çünki dünya azərbaycanlılarının həmrəyliyinə qarşı çıxan qüvvələr var idi. Ancaq bu işin öhdəsindən layiqincə gəldik. Ulu Öndərin böyüklüyü onda idi ki, dünya azərbaycanlılarının birliyi ideyasının təməlinə təkcə Azərbaycan xalqının birliyi və həmrəyliyini qoymadı, eyni zamanda, dünya azərbaycanlılarının yaxşı bir nümunəsinin bünövrəsini qoydu. Ümummilli Lider dünya azərbaycanlılarının birliyini dövlət siyasəti səviyyəsinə qaldırdı. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bunun sübutudur. Ulu Öndər fəaliyyətində diaspor quruculuğu işinə daim xüsusi diqqətlə yanaşıb. Bunun nəticəsidir ki, azərbaycançılıq ideyası bir dövlət ideyası kimi formalaşdı, onun məzmunu və forması müəyyənləşdirildi. Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, onların təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə bağlı son on ildə 17 Sərəncam imzaladığını bildirən Prezidentin köməkçisi vurğuladı ki, dünya azərbaycanlılarının bir araya gəlməsi onların Vətənlə bağlılığının, birlik və həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir".
Əli Həsənov qeyd edib ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal və nümunəvi olmalı, həmçinin bu ölkələrin cəmiyyətlərinə inteqrasiya etməlidirlər. Prezident İlham Əliyevin nitqində diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu xatırladan Əli Həsənov vurğuladı ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi məsələsi çox önəmlidir: "Bu, azərbaycançılıq ideyasının qorunması, möhkəmləndirilməsi və inkişafı baxımından vacibdir. Dünya azərbaycanlılarının birliyi ona görə vacibdir ki, onlarda azərbaycançılıq hissləri, Vətənlə bağlılıq möhkəmlənsin, ana dilimiz, mədəniyyətimiz, multikultural, tolerant ənənələrimiz daha da inkişaf etdirilsin, həmçinin yaşadıqları ölkələrin cəmiyyətlərində onların vasitəsilə bu ideyalar təlqin olunsun. Azərbaycan Prezidentinin qarşıya qoyduğu digər vəzifələrdən biri də budur ki, artıq müasir dünyanın çağırışlarına müvafiq şəkildə fəaliyyət göstərmək, informasiya məkanına çıxmaq lazımdır. Dünya azərbaycanlıları arasında virtual informasiya əlaqələrinin yaradılması dövlətimizin başçısının Azərbaycan diasporu qarşısında qoyduğu ən önəmli vəzifədir. Bu əlaqələr təkcə dünya azərbaycanlılarının bir-biri ilə ünsiyyətinə deyil, istədiyimiz informasiyanın dünya informasiya məkanına, qlobal virtual məkana çıxarılması vəzifələrinin icrasına xidmət etməlidir. Bundan başqa, diaspor təşkilatları arasında tərəfdaş mühitin formalaşması, əlaqələndirmə işi də vacibdir. Həmçinin, dünya azərbaycanlı iş adamları birliyinin yaradılması məsələsi də çox önəmlidir. Artıq bu birliyin yaradılmasının və onun Bakıda təsis konfransının keçirilməsinin, iş adamlarının imkanlarının səfərbər edilməsinin zamanı gəlib çatıb".
Bir sözlə, bu gün Azərbaycan dövlətinin dəstəyi ilə diasporumuz sürətlə inkişaf edir və dünya azərbaycanlılarının haqlarını bütün dünyada qoruya biləcək bir qüvvəyə çevrilir. Azərbaycan diasporunun türk diasporu ilə qüvvələri birləşdirəcəyi, erməni lobbisinə layiqli cavab verəcək güclü lobbiyə çevriləcəyi gün də uzaqda deyil.
"Səs" Analitik Qrupu