PDF Oxu

Araşdırma

  • 2 343

Azərbaycan diasporu dünya mediasında aparıcı rola malik olmalıdır

Azərbaycan diasporu dünya mediasında aparıcı rola malik olmalıdır

Prezident İlham Əliyev: "Diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar... Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir"

"Bizim zəif yerlərimizdən biri, qeyd etdiyim kimi, xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır. İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu, əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq. Bu, qəbuledilməzdir. Ancaq hesab edirəm ki, Azərbaycan diaspor təşkilatları bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər. Bizim xarici mediaya çıxışımız çox məhduddur". Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində deyib.

Təəssüflə qeyd etməliyik ki, bu gün ermənilərin diaspor təşkilatları dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə edirlər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında, məhz erməni qulaqları görünür.

Prezident İlham Əliyev çıxışında bir daha diqqəti sözügedən məsələyə yönəldərək bildirib ki, biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə, media ilə iş aparılmalıdır: "Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Ona görə bax, bu, zəif yerimizdir. Bu, prioritet istiqamətdir və hesab edirəm ki, qurultay zamanı bu məsələ çox ciddi müzakirə edilməlidir. Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün burada lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir. Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır".

Əlbəttə ki, Azərbaycan həqiqətləri haqqında dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Bu məsələdə diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, Azərbaycan bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görür. Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır. Bu kampaniyanın tərkib hissəsi o idi ki, Azərbaycanı qaralasınlar, Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatları sızdırsınlar və onlar buna müəyyən dərəcədə nail ola biliblər.

"Əgər belə olmasaydı, 1992-ci ildə ABŞ Konqresi o məlum və mənfur "907-ci düzəliş"i qəbul etməzdi. Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları didərgin salır, etnik təmizləmə aparır, ABŞ Konqresi "Azadlığa dəstək aktı"na "düzəliş" qəbul edir ki, Azərbaycan Amerika dövlətinin birbaşa yardımından məhrum edilməlidir. Nəyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng və riyakar qətnaməni bəlkə heç bir parlament görməyib" - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, erməni lobbisinə aid olan satqın, rüşvətxor konqresmenlər, - bəziləri bu çirkin missiyanı hələ də davam etdirir, - belə bir yalanı ortaya atıblar: "Azərbaycan isə, sadəcə olaraq susub. O vaxt bizim diasporumuz da yox idi. Azərbaycanı idarə edənlər də, ümumiyyətlə, heç bilmirdilər ki, idarəçilik nədir. Ona görə ölkəni belə uçurum kənarına qoydular və vətəndaş müharibəsinə başladılar. İndi bu "düzəliş" qüvvədədir. İndi bu "düzəliş"i aradan götürmək üçün böyük səylər göstərilməlidir. Birinci mərhələdə biz, doğrudan da böyük səylər göstərirdik. Sonra isə qərara gəldik ki, buna ehtiyac yoxdur. Onsuz da bu "düzəliş"in heç bir mənası yoxdur. Biz heç kimin yardımından asılı deyilik, ayaqda möhkəm dayanmışıq. Özümüz kimə lazımdırsa yardım göstərə bilərik. Ancaq nəyi demək istəyirəm, bax, bu, erməni təxribatı idi. Bu gün onlar müxtəlif ölkələrdə Azərbaycana qarşı eyni üsulla çirkin kampaniya aparırlar. Biz isə həqiqətləri çatdırmalıyıq. Çatdırmalıyıq ki, birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülmüşdür. Nəyə görə köçürülmüşdür? Biz hamımız bunu yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılmışdır. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən silinsin.

Yəni budur reallıq. Bu, bizim tarixi torpağımızdır. Bütün toponimlər, bütün şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağda, Ermənistanın özündə də. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. Götürün, XX əsrin əvvəllərində çar Rusiyasında çap edilmiş xəritələrə baxın, bütün toponimlərin 80 faizi Azərbaycan mənşəlidir. Sonra ermənilər bunları yavaş-yavaş dəyişməyə başladılar, bizim tarixi abidələrimizi, məscidlərimizi dağıtdılar ki, o tarix silinsin. Bu, birinci məsələ.

İkinci məsələ, biz işğala məruz qalmışıq və bu, dünyanın gözü qarşısında baş verib. Torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan artıq qaçqın və köçkünümüz var. Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib, tələb edib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılsın. Bunlara əməl edilmir. Yəni budur bu işin tarixi və hüquqi tərəfi. Əlbəttə ki, bunu heç kim inkar edə bilməz. Hətta ermənipərəst qüvvələr də inkar edə bilməzlər, halbuki buna çalışırlar.

Ona görə bu həqiqətlər çatdırılmalıdır. Azərbaycanda bu mövzu ilə bağlı kifayət qədər materiallar, xəritələr, kitablar, tarixi sənədlər var. Bizim alimlərimiz çox böyük işlər görürlər. "İrəvan xanlığı" adlı böyük bir elmi əsər yaradılıbdır. Çünki dünyada bir çoxları bilmir ki, bu, bizim tarixi torpağımızdır. Ancaq biz bunu sənədlər əsasında sübut edirik, xarici dillərə tərcümə edirik".

Məhz bütün bunlara görə bu istiqamət diaspor təşkilatları üçün əsas olmalıdır. Diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar. O internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun.

Bu gün informasiya dövründə yaşayırıq və informasiyanın əhəmiyyəti getdikcə artacaq. Azərbaycan da buna hazır olmalıdır. Erməni diasporu bunu öz hesabına edir, Ermənistan səfil bir ölkədir, orada heç büdcəni doldurmaq üçün pul tapa bilmirlər, nəinki indi harasa, xaricə nəsə yardım edə bilsinlər. Ancaq Azərbaycan dövləti bir çox məsələləri həll edir və həll edə bilər, dəstək verir və verə bilər. Sadəcə olaraq, bu işlər məqsədyönlü şəkildə aparılmalıdır və səmərəli şəkildə qurulmalıdır. Beləliklə, Azərbaycan reallıqları haqqında həqiqətə uyğun informasiya veriləcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər