Kansler Angela Merkel: "ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həll edilməsinə öz töhfəsini vermək istəyir"
Prezident İlham Əliyev: "Təəssüflər olsun ki, beynəlxalq hüququ kobud şəkildə pozduğuna, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisinin iyirmi faizini işğal etdiyinə görə Ermənistana heç bir sanksiya tətbiq edilməyib."
Xəbər verdiyimiz kimi, iyunun 7-də Prezident İlham Əliyev Almaniyaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib və əsas müzakirə obyekti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Hətta Berlində keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələrin nəticəsi olaraq, ortaya belə bir məntiq çıxır ki, Almaniya Azərbaycanla olan münasibətlərini daha da dərinləşdirmək, hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməklə rəsmi Bakının xeyirinə seçim edir. Bunları elə Angela Merkelin keçirilmiş mətbuat konfransında dediyi "Hazırda isə ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həll edilməsinə öz töhfəsini vermək istəyir" fikrindən də aydın sezmək mümkündür: "Buna nail olmaq üçün nəinki atəşkəs rejiminə əməl etmək lazımdir, eyni zamanda, siyasi proses irəliləyərək, davam etdirilməlidir. Minsk Qrupu fəaliyyət göstərir. Biz hesab edirik ki, Minsk Qrupu təkcə həmsədrlər formatında görüşməməlidir. Eyni zamanda, bura başqaları da daxil olmalıdır, məsələn, Almaniya. Biz istərdik ki, bu qrup razılaşdırılmış prinsiplər əsasında fəaliyyət göstərsin. Biz bu siyasi prosesə necə dəstək olmaq barədə müzakirələr apardıq. Əlbəttə ki, münaqişənin bütün tərəfləri danışıqlar masasına əyləşməlidirlər və münaqişənin həllinə nail olmalıdırlar. Birtərəfli həll olmamalıdır. Düşünürəm ki, hazırkı vəziyyətin ürəkaçan olmamasına hər ikimiz də razılaşardıq, çünki münaqişə istənilən zaman kəskinləşə bilər".
Prezident İlham Əliyev isə çıxışında bir daha qeyri-konstruktiv mövqeyilə münaqişənin həllinə mane olan Ermənistanı ifşa edib: "Təəssüflər olsun ki, beynəlxalq hüququ kobud şəkildə pozduğuna, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisinin iyirmi faizini işğal etdiyinə görə, Ermənistana heç bir sanksiya tətbiq edilməyib. Biz münaqişənin sülh yolu ilə, tez bir zamanda, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında həllini istəyirik. Regionda, təmas xəttində baş verən son hadisələr onu göstərdi ki, atəşkəs rejimi sabit deyil və tez-tez pozulur, mövcud status-kvo qəbuledilməzdir. Aprel ayının əvvəlində Ermənistan Azərbaycana qarşı bir daha hərbi təxribat törətdi. Biz özümüzü, vətəndaşlarımızı müdafiə etmək məcburiyyətində olduq. Yeri gəlmişkən, Ermənistanın təcavüzü nəticəsində altı mülki şəxs qətlə yetirilib, 100 ev tamamilə məhv edilib və 500 evə ziyan dəyib. Status-kvo dəyişməlidir. Minsk Qrupunun həmsədrləri, həmsədr ölkələrin prezidentləri bir neçə dəfə bunu qeyd ediblər. ATƏT-ə sədrlik edən ölkə - Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad olunmasına başlanılması deməkdir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir".
Göründüyü kimi, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Almaniyanın diqqət mərkəzindədir. Xüsusilə, nəzərə alsaq ki, Almaniya ATƏT-ə sədrlik edir, o zaman rəsmi Berlin Cənubi Qafqazda sülhün bərqərar olmasına öz töhfəsini vermək istəyini bütün addımların da isbatlayacaq.
"Səs" Analitik Qrupu