PDF Oxu

Araşdırma

  • 1 992

Almaniyan Azərbaycanın iqtisadi bazasının şaxələndirilməsində iştirak etməyə hazırdır

Almaniyan Azərbaycanın iqtisadi bazasının şaxələndirilməsində iştirak etməyə hazırdır

Prezident İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək"

Azərbaycanın Avropa qitəsində etibarlı tərəfdaş kimi münasibətlərini inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya bu gün dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynamaqla yanaşı, Avropa sülhün, əmin-amanlığın qorunub saxlanması prosesinin fəal iştirakçısıdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranıb. İki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Almaniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Almaniya ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. 1993-cü ildən etibarən Almaniya-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb.

Bu gün Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun həcminə görə Almaniya şirkətləri qabaqcıl mövqeyə malikdir. Hazırda ölkələrimiz arasında təxminən 3 milyard avro həcmində ticarət mübadiləsi mövcuddur. Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində, TAP və TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də "Şərq tərəfdaşlığı" Proqramı"nda mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətləri iştirak etməkdə maraqlıdırlar.

İki ölkə Avropa institutlarında da yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Rəsmi Berlin beynəlxalq və regional təşkilatlarda, habelə maliyyə qurumlarında həlledici səs hüququna malikdir və onun razılığı olmadan Avropa İttifaqı, Avropa Şurası, NATO və ATƏT kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. Almaniya, xüsusilə də Azərbaycanın Avropanın siyasi və iqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Rəsmi Bakı da Almaniya ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır. Məhz iyunun 7-də Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yüksəlişindən xəbər verir.

Berlində Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin görüşündə səslənən fikirlər bir daha qarşılıqlı maraq doğuran münasibətlərin çoxşaxəliliyinə işarə edib.

Görüşdə Azərbaycanın mühüm coğrafi mövqedə yerləşdiyini deyən federal kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin surətdə düşməsi məsələlərinə toxunaraq, Almaniya hökumətinin bu böhranın aradan qaldırılması üçün Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirib. Bu baxımdan, rəsmilər Almaniyanın öz imkanları daxilində Azərbaycanın iqtisadi bazasının şaxələndirilməsində iştirak etməyə hazır olduğunu qeyd edirlər.

Prezident İlham Əliyev də iki ölkə arasındakı münasibətlərə diqqət çəkərək qeyd edib ki, Almaniya-Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

Təsadüfi deyildir ki, Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Məhz qarşılıqlı səfərlər və həyata keçirilən islahatlar siyasəti sayəsində Azərbaycan şirkətləri üçün də almanlarla birgə biznes aparmaq imkanlarını daha da artıracaq. Göründüyü kimi, bölgədə beynəlxalq və regional miqyasda iri layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Bu baxımdan, Azərbaycan-Almaniya əlaqələrinin inkişaf dinamikası onu göstərir ki, yaxın gələcəkdə bu əməkdaşlıq ölkələrimizin maraqlarına uyğun daha da yüksələcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər