Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında Fərman xarici turistlərin ölkəmizə səfərlərini dəfələrlə artıracaq
Bir müddət öncə, qədər xarici turistlərin ölkəmizə səfərləri mürəkkəb proses kimi xarakterizə olunurdu. Çünki Azərbaycanın təbiəti, tarixiliyi və müasirliyi bütün dünya turistlərinin diqqətini çəksə də, onların ölkəmizə gəlməsində viza problem maneəyə çevrilmişdi. Hətta Prezident İlham Əliyev də bu məsələyə münasibət bildirməklə viza məsələsinin həll edilməsi üçün tapşırıqlar vermişdi. Elə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev demişdi ki, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında möhkəm sədd olsun: "Bu, birmənalıdır. Eyni zamanda, viza rejimi elə olmalıdır ki, Azərbaycana turist, qonaq kimi gəlmək istəyənin qarşısında maneəyə çevrilməsin. Ona görə də vizaların elektron verilməsi, xaricdə səfirliklərə baş vurulmaması öz həllini tapmalıdır. Azərbaycana gəlmək istəyən hər bir insan elektron viza almalıdır. Səfirliyə getməyə ehtiyac olmamalıdır, evində kompüter qarşısında oturaraq elektron qaydada bileti, vizanı almalı, turizm şirkətlərinin xətti ilə Azərbaycana gəlməlidir, vəssalam! Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, digər qurumlara göstərişlər verilib, amma nəticə yoxdur. Əgər kimsə mənə desə ki, nəticə var... Yoxdur! Çünki mən bura gələn qonaqlardan soruşuram, ağzıdolu danışırlar ki, nə gözəl ölkədir, amma deyirlər ki, bir problem var ki, gəlmək çətindir, gərək 1 ay, 2 ay qabaq planlaşdıraq. Müasir dünyada insanlar tez hərəkət edirlər, iki, üç gün ərzində hər hansı ölkəyə gəlmək istəyən oteli sifariş edir, müraciət edərək bilet, viza alır, gəlir. Gərək bu məsələni mütləq həll edək".
Təbii ki, Prezident İlham Əliyevin məlum çıxışından sonra Xarici İşlər Nazirliyi tərəfindən vizaların rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər təqdim edildi. Azərbaycan Respublikası Prezidentinin "Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 20 noyabr 2014-cü il tarixli 882 nömrəli Sərəncamı əsasında vizanın rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrupunun iclasları keçirilib. Həmçinin, diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilib. Beləliklə də, bütün lazımi addımlar atıldıqdan sonra iyun ayının 1-də Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında Fərman verdi. Fərmana əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması nəzərdə tutulur.
Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza" sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir. Bunun layihəsini isə bir ay müddətində işləməlidir.
Fərmanda elektron vizanın alınmasının yol xəritəsi də təsvir edilir. Belə ki, elektron viza almaq üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət edəcək, elektron viza alınması üçün zəruri olan məlumatlar, bilavasitə "ASAN Viza" sisteminə daxil ediləcək, elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumu "ASAN Viza" sistemi vasitəsilə elektron qaydada ödəniləcək və elektron viza üç iş günü müddətində veriləcək, həmçinin, müraciət etmiş şəxsin elektron ünvanına göndəriləcək.
Xarici İşlər Nazirliyi isə "ASAN Viza" sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət edəcək, vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək, elektron viza verilməsinin yeni qaydaları və "ASAN Viza" sisteminin yaradılması barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet-informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edəcək.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi də "ASAN Viza" sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin edəcək və sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görəcək.
Bütün bunlarla yanaşı, elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi ilə "Sərhədkeçməyə məhdudiyyət" informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görüləcək.
Beləliklə də, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi proseduru sadələşdirilir, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sistemi yaradılır. Bütün bu tədbirlərin nəticəsində, əlbəttə ki, Azərbaycana səfər edəcək turistlərin sayı dəfələrlə artacaq. Bu isə həm turizmin inkişafı, həm də əlavə gəlirlərin daxil olması deməkdir.
"Səs" Analitik Qrupu