Akademik Ramiz Mehdiyev: "Milli dövlətlərin rolunun və funksiyalarının dəyişməsi qloballaşmanın ən mühüm məqsədlərindən biridir"
Müasir dövrdə milli dövlətlərin taleyinin, onların qloballaşma prosesində mahiyyətinin və xüsusiyyətlərinin dəyişmək imkanlarının müzakirəsi hələ də davam etməkdədir. Milli dövlətlərin tərəfdarları ənənəvi birgəyaşayış formalarına geri qayıtmağı, milli sosial-iqtisadi və siyasi institutlara malik suveren milli dövlət kimi qalmağı tələb etdiyi halda, digərləri milli dövlətlərin xüsusiyyətlərinin radikal şəkildə dəyişdirilməsilə ümumi birgəyaşayış formaları təqdim edirlər. Məsələn, M.Kastels "Şəbəkə cəmiyyəti", A.Q.Duqin "Kontinental federasiyalar", A.Neqri, M.Hardt "Çoxluq cəmiyyəti - reskommuna", N.Ferqüsson ABŞ-ın başçılıq etdiyi "Qlobal demokratik imperiya", D.Darendorf, E.Qiddens "Qlobal vətəndaş cəmiyyəti", U.Habermas, M.Evan "Qlobal vətəndaşlıq", Y.Bek "Kosmopolitik dövlət" və s. nəzəriyyələri irəli sürməklə ənənəvi yaşayış formasından, yəni milli dövlətdən və dövlətçilikdən imtina edərək, qlobal yaşayış formasına keçidi təklif edirlər. Məhz təsadüfi də deyildir ki, 1991-ci ildə keçmiş SSRİ imperiyasının süqutundan sonra qloballaşma strategiyası reallaşdırılmağa başlandı. Bütün gücü ilə bu gün də davam edən bu transformasiya-inteqrasiya tendensiyası dünya miqyasında hər bir sektoru nəzarətinə götürməkdədir. Lakin bu prosesə qarşı duranlar da var ki, onlar milli dövlətlərin mövcudluğunun saxlanılması və xalqların inkişaf hüquqularının qorunmasına nail olmaq niyyətindədirlər. Bəs görəsən, nə üçün qlobalistlər milli dövlətləri sıradan çıxarmaq və dünya imperiyası qurmaq fikrindədir?
Bu suala cavab axtararkən, çox qısa araşdırmaların nəticəsində bəlli olur ki, bu gün ayrı-ayrı xalqların inkişafı və müstəqil fəaliyyəti üçün milliliyini qoruyan dövlətlər çox vacibdir. Çünki dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir və bu mənada xalqsız, milli əsasdan məhrum dövlət ola bilməz.
Milli dövlət müəyyən coğrafiyada ənənəvi birgəyaşayış formasını tərcih edən etnosların ümumi formalaşdırdıqları siyasi idarəçilikdir. Milli dövlətin nəzəri və siyasi əsaslarını millilik təşkil edir. Xalqın sosial-iqtisadi birliyini qoruyub-saxlamaq və inkişaf etdirmək üçün milli dövlət yaradılır. Məhz buna görədir ki, milli dövlətin qurulması ümummilli hərəkat hesab edilir.
Milli dövlətlər xalqların sosial-iqtisadi və mədəni inkişafına lazım olan mühüm faktorları təmin edir, ayrı-ayrı millətlərin dillərinin, adət-ənənələrinin qorunmasına şərait yaradır. Milli dövlətlərin yaranması, eyni zamanda siyasi hakimiyyətin legitimliyi məsələsinə də aydınlıq gətirmiş olur. Çünki qeyri-legitim hakimiyyət qanuni və demokratik hesab edilmir.
Bir sözlə, milli dövlətlər xalqların bütün istiqamətlər üzrə sərbəst inkişafına şərait yaradır, tolerantlıq və multikultural dəyərləri əsas götürməklə ayrı-ayrı millətlərin nümayəndələrinin sərvətlərinin qorunmasına imkan verir. Buna misal olaraq Azərbaycan dövlətini göstərə bilərik. Yəni Azərbaycanda xalq tərəfindən seçilmiş Prezident, onun formalaşdırdığı hökumət fəaliyyət göstərir. Məhz hakimiyyətin legitim xarakter daşıması ölkənin hərtərəfli inkişafı da günün reallığıdır. Digər tərəfdən, tolerantlıq və multikultural dəyərlərə hörmət nəticəsində respublika ərazisindəki 70-dək etnos müstəqil şəkildə inkişaf edir, milli dövlətin vətəndaşları kimi ictimai-siyasi və sosial-iqtisadi proseslərdə yaxından iştirak edir.
Lakin bir faktı da qəbul etmək lazımdır ki, Azərbaycan kimi milli dövlətlərin sayı dünya miqyasında çox azdır. Dünyanın inkişaf etmiş ölkələrinin böyük qismi Avropa qitəsində yerləşməsinə baxmayaraq, onların millilik xüsusiyyəti ümumbəşərililiklə əvəzlənməkdədir. Həm siyasi, həm iqtisadi, həm də idarəçilik sahəsində mühüm rıçaqları üst qurumlara - Avropa İttifaqı komissiyalarına veriblər. Bu mənada, çox mühüm qərarların verilməsində müstəqilliklərini itiriblər.
Göründüyü kimi, dünyanın düzəninin milli dövlətlərdən ibarət olmasını qəbul etməyən qlobalistlər daha çox Qərb mədəniyyətini və yaşayış tərzini ixrac etməklə təkqütblü dünya nizamı formalaşdırmaq və ümumi idarəçilik mərkəzləri yaratmaqdır. Bu mənada, qloballaşma meyilləri bir sıra məsələlərdə müsbət xarakter daşısa da, milli dövlətlərin özül xüsusiyyətlərinin transformasiyasına da təsir edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev yeni kitabının "Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi" adlı fəslində qeyd edir ki, qlobal proseslər, müəyyən mənada milli dövlətlərə çağırışlardır: "Qloballaşmanın həyatımıza nə isə bir yenilik əlavə edəcəyinə aludə olmaq yox, onun hələ tam dərk etmədiyimiz nəticələri haqda düşünmək lazımdır. Bir məsələyə, əsla şübhə yoxdur ki, qloballaşma beynəlxalq ictimaiyyətin Qərb mədəniyyəti və kapitalizm cəmiyyəti prinsipləri əsasında homogenləşdirilməsi (yekcinsləşdirilməsi) prosesidir. Eyni zamanda, milli dövlətlərin rolunun və funksiyalarının dəyişməsi (nivelirlənməsi) qloballaşmanın ən mühüm məqsədlərindən biridir".
Qlobal transformasiya prosesləri davam etdiyindən, bundan sonra da qloballaşma və milli dövlət tərəfdarlarının müzakirəsi davam edəcək. Lakin hər bir xalq anlamaladır ki, milli dövlət onların sərvətidir və onun qorunması üçün bütün resurslardan istifadə etməlidir. Çünki milli dövlətin mövcudluğu xalqın statusunun və suverenliyinin daim aktual olacağını təmin edir.
"Səs" Analitik Qrupu