PDF Oxu

Araşdırma

  • 2 293

İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir

İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir

Əli Həsənov: "İnsan və vətəndaş hüquq və azadlıqlarının əsas hüquqi təminatı Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasıdır"

XX əsrin ortalarından insan hüquqlarının beynəlxalq səviyyədə inkişafı və təşviqi mərhələsi başlayıb. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, habelə sonrakı dövrlərdə "Mülki və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" 1966-cı il tarixli Beynəlxalq Paktları qəbul edib. Bundan əlavə, 1976-cı ildə "Mülki və siyasi hüquqlar haqqında" Pakta dair Birinci Fakültativ Protokol, 1989-cu ildə isə Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolu qəbul olunub. Həmin fundamental sənədlər "İnsan hüquqları haqqında Beynəlxalq Bill" adlanaraq bu sahədə beynəlxalq standartların əsasını təşkil edib.

Ümumdünya Bəyannaməsinin məqsəd və məramları, həmçinin Avropa Şurası tərəfindən qəbul olunmuş "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"da (1950-ci il), Avropa Mədəniyyət Konvensiyasında (1954-cü il), "Terrorizmin qarşısının alınması haqqında Konvensiya"da (1977-ci il), Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası"nda (1995-ci il), "Avropa Sosial Xartiyası"nda (1996-cı il) və ATƏT səviyyəsində imzalanmış 1975-ci il "Helsinki yekun Aktında, 1990-cı il "Yeni Avropa üçün Paris Xartiyası"nda və digər beynəlxalq sənədlərdə özünün gələcək inkişafını tapıb.

Təkzibolunmaz faktdır ki, bu gün dünya ölkələri üçün bütün sahələrdə dinamik inkişaf edən ölkə kimi nümunə olan Azərbaycan da insan hüquq və azadlıqlarının müdafiəsinə təminat üçün demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçib. Çünki insan hüquq və azadlıqlarının qorunması istiqamətində rasional siyasət həyata keçirilməsə, o zaman cəmiyyətdə xaotik hərəkətlənmə başlayar. Bunun bariz nümunəsini AXC-Müsavat hakimiyyəti illərində görmüşük. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərilə desək, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının həyata keçməsi deyil, həm də insan hüquq və azadlıqlarının etibarlı təminatı üçün əlverişli imkandır: "Təəssüf ki, dövlət müstəqilliyinin ilk illəri Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə və qəddarcasına pozulması ilə müşayiət olunub. Qonşu Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürərək, havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, etnik təmizləmə və soyqırımı törədərək, 1 milyondan çox insanı öz yurd-yuvasından didərgin salıb. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər hələ də milyondan çox soydaşımızın hüquqlarının ən kobud şəkildə pozulmasına adekvat hüquqi, siyasi qiymət vermir, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq etməkdən və digər təsirli tədbirlər görməkdən çəkinirlər".

Məhz 1993-cü ildən xalqın təkidli tələbilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatına böyük önəm verdi. 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaradıb. 2002-ci və 2009-cu illərdə isə referendum yolu ilə konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlib. Həmçinin, dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında 1998-ci il fevralın 22-də imzalanan "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman xüsusi əhəmiyyətə malikdir.

Sonrakı mərhələdə ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirib. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib. Bu baxımdan, dövlət başçısının 2011-ci il dekabr ayının 27-dəki Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlib. "18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü" mövzusunda dinləmələrdə çıxış edən Əli Həsənov vurğulayıb ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dönüş, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra yarandı: "Xaos və anarxiyanın, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, davamlı ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkədə demokratik və hüquqi dövlət quruculuğu prosesinin başlanmasına imkan verdi. Bu dövrdən etibarən insan hüquqlarına dair beynəlxalq sənədlərdə təsbit olunmuş standartlar da nəzərə alınmaqla, milli qanunvericiliyin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldı. Təbii ki, insan və vətəndaş hüquq və azadlıqlarının əsas hüquqi təminatı Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasıdır. İnsan hüquqları ilə bağlı digər fundamental sənəd 1998-ci il iyunun 18-də Ulu Öndər tərəfindən təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqrammı"dır. Məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla İnsan Hüquqları Günü elan edilib".

"Səs" Analitik Qrupu

Digər xəbərlər