PDF Oxu

Araşdırma

  • 2 726

Mərhələli həll planı Azərbaycanın torpaqlarının işğaldan azad edilməsini ehtiva edir

Mərhələli həll planı Azərbaycanın torpaqlarının işğaldan azad edilməsini ehtiva edir

Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən praqmatik xarici siyasət Azərbaycanın haqlı mövqeyinin dünya tərəfindən dəstəklənməsilə nəticələnir

25 ildən çoxdur ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi dövlətimizin başlıca prioritetidir. Hətta ölkəmizin xarici siyasət strategiyası müəyyənləşdirilərkən, bütün taktika və metodlar münaqişənin ədalətli şəkildə tənzimlənməsinə istiqamətləndirilib.

1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin diplomatik gedişləri nəticəsində atəşkəsə nail olunduqdan sonra iqtisadi və siyasi resurslar ölkəmizin güclənməsinə və torpaqlarımızın işğaldan azad edilməsi üçün güclü şəkildə danışıqlar masasına əyləşməyə səfərbər edildi. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iki ölkə arasında deyil, qlobal xarakterli problem olduğundan, keçirilmiş bütün danışıqlarda Ermənistan qeyri-kontruktivlik nümayiş etdirib, problemdən çıxış yollarını dalana dirəyib. Hətta beynəlxalq münasibətlər sisteminin söz sahibi olan dövlətləri, eyni zamanda, münaqişənin həllinə birbaşa vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupu da Ermənistanın şıltaqlığına göz yumub, işğal faktını dondurmaq üçün bu bədnam ölkə rəhbərlərini hərtərəfli şəkildə dəstəkləyiblər. Bütün bunlar, əlbəttə ki, bu ilin aprel ayının əvvəllərində baş vermiş hadisələrə qədər davam etdi. Yəni aprel ayının 2-də Ermənistan silahlı qüvvələri təmas xəttində törətdikləri təxribata cavab olaraq, Azərbaycan Ordusu hərəkətə keçdi, dinc əhalini qorumaq məqsədilə işğalçıları təqribən 2000 hektar ərazidən çıxartdı. Məhz Azərbaycan Ordusunun qüdrətini, döyüş taktikasını, müasir silahlarını, eyni zamanda, cəmiyyətdəki döyüşkən ruhu görən maraqlı siyasi dairələr artıq vəziyyətin əvvəlki illərdən fərqləndiyini anladılar. Artıq başa düşdülər ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bütün resurslara sahibdir. Burada milli gücün kəmiyyət və keyfiyyət komponentləri ümumi problemin həllimə yönəldildiyindən, Ermənistan çıxılmaz vəziyyətə düşüb. Həmçinin, ATƏT-in Minsk Qrupu həmsədrləri və dünya ictimaiyyəti bir daha əmin oldular ki, bu, dondurulmuş münaqişə deyil, hər an yenidən alovlana, hərbi əməliyyatlar daha böyük miqyasda bərpa oluna, bununla da müharibə başlaya bilər. Yaxın və Orta Şərqdəki mürəkkəb vəziyyətin, Avropada humanitar fəlakətin ağırlaşması, qlobal sosial-iqtisadi böhranın təsirlərinin getdikcə atması fonunda beləliklə Cənubi Qafqaz kimi geostrateji bölgədə yeni müharibənin başlanması isə, sözün həqiqi mənasında, qüvvələr balansını poza bilər və perspektivi bilinməyən hadisələrə yol aça bilər. Ona görə də, ATƏT-in Minsk Qrupu həmsədrləri qəbul edirlər ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər tez ciddi tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Ermənistan da, öz növbəsində, anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub-saxlamaq mümkün deyildir, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək.

İlk olaraq ABŞ-ın, sonra isə Rusiyanın təşəbbüsü ilə baş tutan görüşlərdə aparılmış müzakirələr nəticəsində, Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantının əsas prinsip kimi götürülməsi problemin həllinə dair ümidləri artırdı.

Xatırladaq ki, Minsk Qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq, iki hissədən ibarət - yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış ediblər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda, Dağlıq Qarabağın statusu da daxil olmaqla, bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı.

Keçirilən görüşlərdə Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalana dirənməsinə və danışıqların nəticəsiz qalmasına gətirib çıxartdı. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu.

Bundan sonra, 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də isə Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin 8 görüşü keçirildi. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, son beş ildə "Praqa prosesi" çərçivəsində işlənilməsi başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşma əldə edilib. Lakin hazırda prezidentlər səviyyəsində müzakirə olunan bir neçə prinsip üzrə anlaşmanın müəyyən cizgiləri hiss olunur. Bu kontekstdə bütün məsələlərə dair ümumi razılıq əldə olunduqdan sonra yekun hər hansı bir sənədin qəbul ediləcəyi bildirilir.

Bir sözlə, Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə, eyni zamanda Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılması mümkündür. Məhz mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər