Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezideni, Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirir
Bu gün dünyanın dinamik inkişaf edən ölkələri sırasında layiqli yerini tutan və tərəqqisi ilə nümunə kimi təqdim edilən Azərbaycanda, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da əhəmiyyətli nailiyyətlərə imza atıb. Sözügedən sahədə həyata keçirdiyi islahatlar və maddi-texniki təchizat sayəsində Azərbaycan Ordusu nəinki bölgənin, hətta Avropanın bir çox ölkələrinin silahlı qüvvələrindən öndə durur. Lakin bir çox dünya ölkələrindən fərqli olaraq Azərbaycan hərbi sənayesini sürətlə inkişaf etdirir, hətta milli silah növləri istehsal edir. Bütün bunlarla yanaşı, Azərbaycanda ordu sıralarında Vətənin keşiyində duran, onun inkişafında xidmətlər göstərən hərbi qulluqçuların problemlərinin həll edilməsi də dövlətin qarşısında duran prioritetdir. Əlbəttə ki, bütün məsələlərdə olduğu kimi, burada da Azərbaycan dövləti üzərinə düşən vəzifələri yerinə yetirir və hərbi qulluqçuların mənzil-məişət problemləri uğurla həll edilir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev silahlı qüvvələr günü münasibətilə hərbçilər üçün inşa edilmiş yaşayış binasında olub və hərbi qulluqçulara yeni evlərin sənədlərini təqdim edib.
Qeyd edək ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib. Sərəncama əsasən, Müdafiə Nazirliyinin xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılıb. Yeni bina birgirişli olmaqla 14 mərtəbəlidir. Burada, ümumilikdə 65 mənzil var. Onlardan 39-u ikiotaqlı, 26-sı isə üçotaqlıdır. İkiotaqlı mənzillərin sahəsi 91, üçotaqlı mənzillərin sahəsi isə 100 kvadratmetrdir. Binada sərnişin və yük liftləri quraşdırılıb. Domofon, yanğınsöndürmə, siqnalizasiya, havalandırma və kombi sistemləri ilə təmin olunan mənzillərə telefon, internet və televiziya xətləri çəkilib. Təbii qazla təchiz olunan binanın həyətində yanğın və içməli su anbarları inşa edilib, idman avadanlıqları qoyulub, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb. Binanı daimi su ilə təchiz edən nasos stansiyası və zirzəmidə müasir avtomobil dayanacağı yaradılıb.
Hərbçilərlə görüşü zamanı çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu binanın tikintisi, bir daha onu göstərir ki, hərbi qulluqçuların mənzil-məişət problemləri Azərbaycanda uğurla həll edilir.
Əlavə edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir. Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq. Bu proqramın icrası üçün bu günə qədər dövlət büdcəsindən 100 milyon manatdan çox vəsait ayrılıb.
Bir sözlə, müasir yaşayış binalarının inşası sübut edir ki, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə mühüm layihələr icra olunur. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirir.
"Səs" Analitik Qrupu