ANALİTİKA
Ömrü nə az, nə də çox - düz 7 ay sürən korlanmış Türkiyə-Rusiya münasibətlərinin yenidən normal məcraya doğru qayıtması bu ölkələrlə qonşuluq və yaxın əməkdaşıq siyasəti yürüdən ölkələrin dərindən nəfəs almalarına səbəb oldu. Çünki hər iki dövlətin regionda, eləcə də dünyada oynadığı mühüm rol korlanmış münasibətlər fonunda daha aydın görünməyə başladı. Lakin normal həyatda olduğu kimi, sən demə, siyasətdə də pis günün ömrü az olarmış. Artıq həm Türkiyə, həm də Rusiya bir-birlərinə tərəf qarşılıqlı addımlar ataraq, əslində korlanmış münasibətlərdən öz məqsədləri üçün istifadə edən gücləri dərindən mütəəssir etdilər.
Qərbin kütləvi insan itkisi ilə müşahidə edilən İstanbul terroruna sərgilədiyi süni münasibəti Paris, Brüssel terrorlarına olan səmimi münasibətlərdən tamamilə fərqləndi
Xüsusilə, Rusiya prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə ölkəsi tərəfindən Türkiyəyə qarşı tətbiq edilən bütün embarqoların aradan qaldırılması barədə tapşırıqlar verməsi, xüsusilə, rusiyalı turistlərin ora getmələri üzərindəki inzibati əngəllərin təcili ləğvi barədə verdiyi tapşırıq bir sıra Qərb siyasi dairələrinə vurulan sarsıdıcı zərbə oldu. Bu gün hər iki ölkənin mərkəzi siyasətində Qərb ittihamı faktoru dayanıb. Rusiya hazırda Qərbin sanksiyalarına qarşı var gücünü ortaya qoyub, Türkiyə isə ölkəsində baş verən terror hadisələrində Qərbin boş bəyanatlar səsləndirməsini, həmin hadisələrə gerçəkdən təəssüflənmədiyini aşkar şəkildə bəyan edir. Hətta belə bir nəzəri fikir də irəli sürə bilərik ki, Tükriyə-Rusiya münasibətlərinin normallaşması Atatürk Hava Limanında törədilən qanlı terror aktının arxasındakı qaranlıq güclərə verilən qətiyyətli cavabdır.
Açığını desək, Qərbin kütləvi insan itkisi ilə müşahidə edilən İstanbul terroruna sərgilədiyi süni münasibəti Paris, Brüssel terrorlarına olan səmimi münasibətlərdən tamamilə fərqləndi. Baxmayaraq ki, hər üç terror aksiyalarının bir törədicisi var - "İslam Dövləti" (keçmiş adı "İŞİD"-R.N.) silahlı terror təşkilatı!
Əbəs yerə deyil ki, Türkiyənin Rusiya ilə münasibətlərinin pozulmasına da, məhz Suriya münaqişəsinin təsiri olub
Artıq hər iki ölkənin bir çox siyasi maraqları üst-üstə düşür. Belə ki, rəsmi Kreml Suriyada Bəşər Əsəd iqtidarına hərbi-strateji dəstək göstərməklə "İslam Dövləti"nin məhvinə böyük töhfələrini verməkdədir. Bxmayaraq ki, ABŞ-ın, eləcə də digər Qərb ölkələrinin hərbi birlikləri koalisiya şəklində bir araya gələrək, "İslam Dövləti" yaraqlılarına qarşı hava hücumları təşkil edirlər, Rusiyanın sözügedən məsələdə təkbaşına atdığı addımları onların hər birini üstələməkdədir. Ortada isə bir həll olunmamış məsələ mövcuddur - Qərb Bəşər Əsədin dərhal istefaya getməsini, Rusiya isə Suriyada hazırkı siyasi quruluşun qalmasını istəyir. Türkiyə rəhbərliyi də belə bir çətin vəziyyətdə vaxtilə dost münasibətlərində olmuş Suriya prezidentinin getməsinin tərəfdarıdır. Əbəs yerə deyil ki, Türkiyənin Rusiya ilə münasibətlərinin pozulmasına da, məhz Suriya münaqişəsinin təsiri olub. Türk qırıcısının rus bombardmançısını Suriya-Türkiyə sərhədləri yaxınlığında vurması da, məhz bu münasibətlərin korlanmasına zəmin yaratmış oldu.
Bir çox suallara cavab Çində veriləcək
Beləliklə, indi vəziyyət tamamilə fərqli situasiyaya doğru dəyişir. Moskva əminliklə bəyan edir ki, Ankara terrorun öhdəsindən gələcək. Ona görə də Putin Ərdoğana bu yöndə istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. Demək, eyni zamanda belə bir nəticəyə də gəlmək olar ki, Ərdoğanın Suriya məsələsində Bəşər Əsəd iqtidarına qarşı mövqeyində müəyyən loyallıq müşahidə etmək olar, əgər Ankara terrorla mübarizədə Moskva ilə eyni baxışdan çıxış etməyə qərar verəcəksə.
Hazırda isə cavab gözləyən bir çox suallar gündəmdədir. Bu suallara cavab isə nə qədər maraqlı görünsə də, Çində veriləcək. Bu zaman belə bir sual yaranır - niyə məhz Çin? İlk növbədə, Çində "Böyük 20-lər"in zirvə toplantısının keçirilməsi planlaşdırılır. Türkiyə isə son vaxtlar Şanxay Əməkdaşlıq Təşkilatıyla əlaqələrinın dərinləşməsi yönündə addımlarını intensivləşdirir. Burada isə daha bir vacib nüansı xatırlamağa dəyər.
Yenə də Suriya münaqişəsi!
Ərdoğan Avropa İttifaqına xatırlatmışdı: "Avropa İttifaqı vədlərinə əməl etmir"
Suriya münaqişəsindən əziyyət çəkən sadə xalqın, məhz Türkiyə sərhədlərinə doğru axın etməsi, Türkiyənin Suriya ilə sərhəd zolağında nəhəng qaçqınlar düşərgəsi salması, o cümlədən, daxili hesabına 100 minlərlə qaçqını himayə etməsi heç bir dövlətin edə bilməyəcəyi bir hal kimi qiymətləndirilə bilər. Halbuki Avropa İttifaqına (Aİ) üzv olan ölkələr hər vəchlə Suriya qaçqınlarını öz ölkələrində görmək istəmədiklərini nümayiş etdirirdilər. Türkiyə qarşısında isə Avropa İttifaqına üzv olmaq üçün növbəti şərt qoyulmağa başlandı - qaçqınları qəbul et, bizdən maliyyə al və gözlə (?!-R.N.)...
Ancaq Türkiyə bu dəfə də aldadıldı. Məsələn, mart ayında Rəcəb Tayyib Ərdoğan çox sərt bir bəyanat verməklə yadda qaldı. Türkiyə prezidenti Aİ-yə qarşı ittiham irəli sürərək, bəyan etdi ki, bu qurum hələ də qaçqınlarla bağlı boş vədlər verməklə məşğuldur, real işə gələndə isə heç bir addım atmır. Ərdoğanın fikrincə, onlar (Aİ) qaçqınlara yardım etmək yerinə, yardımdan sonra nəyin baş verəcəyini düşünürlər. "Artıq 4 ay keçib və ortada heç nə yoxdur. Belə bir danışıq olmuşdu ki, cari il ərzində, ümumilikdə 3 milyard avro veriləcək. Görək, onlar bu vədlərinə əməl edəcəklərmi?"- deyə Türkiyə Prezidenti öz ittihamının səbəblərini bu cür izah etmişdi.
Məhz Türkiyə-Aİ münasibətləri mövzusunda keçirilən konfransda çıxış edən Ərdoğan, həmçinin vurğulamışdı ki, Aİ-nin verəcəyi 3 milyard pul Türkiyənin büdcəsinə deyil, qaçıqnlara veriləcək yardımdır. Göründüyü kimi, hər şey tam çılpaqlığı ilə ortadadır. Bu baxımdan, Türkiyə-Rusiya münasibətlərinin normallaşması artıq yeni məcrada inkişaf edə bilər.
Türkiyə və Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində Prezident İlham Əliyevin mühüm addımlar atması inkarolunmaz həqiqətdir
Biz burada daha bir faktora nəzər salmağı lazım bilərik. Rəsmi Kremlin kənar sözcüsü və anti-türk siyasətçi kimi tanınan Rusiya Dumasının deputatı, eləcə də liberal-demokratlarının lideri Jirinovski son açıqlamasında deyib ki, Türkiyə Rusiya üçün Belarus, Qırğızıstan və hətta Ermənistandan da yaxındır. Yəni ilk növbədə, belə qənaətə gələ bilərik ki, bu fikirlər Jirinovskinin öz fikirləri deyil. Lakin Rusiyanın baxışıdır. Beləliklə, Türkiyə-Rusiya yaxınlaşması - dünyaya yeni siyasi güc mexanizmi təqdim etməyə hazırlaşır.
Təbii ki, burada Azərbaycanın oynadığı rolu da unutmaq olmaz. Türkiyə və Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində Prezident İlham Əliyevin mühüm addımlar atması inkarolunmaz həqiqətdir. Əbəs yerə deyil ki, Türkiyənin baş naziri Binəli Yıldırım da öz çıxışında bu faktoru, xüsusilə vurğulayıb. Əgər nəzərə alsaq ki, Azərbaycanın siyasi maraqlarının dəstəklənməsində Türkiyə əvəzsiz rol oynayır, bu zaman Rusiyanın da Azərbaycanla münasibətlərinə xüsusi önəm verməsi bir çox maraqların üst-üstə düşməsini təmin edir. Bütövlükdə isə, regionun və dünyanın siyasi çalarında çox mühüm, eləcə də müsbət dəyişikliklərin baş verməsi faktı təsdiqini tapmaq üzrədir.
Rövşən NURƏDDİNOĞLU