PDF Oxu

Araşdırma

  • 2 612

Əfqanıstanın təhlükəsizliyi, davamlı inkişafı regional və qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir

Əfqanıstanın təhlükəsizliyi, davamlı inkişafı regional və qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir

Prezident İlham Əliyev: "NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycan "Qətiyyətli dəstək" missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ tranzit daşımalarını təmin edəcək"

Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapıb.

Eyni zamanda, Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycan Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir.

Belə ki, 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında iştirak edən ölkəmiz 2003-cü ildən Əfqanıstandakı əməliyyatında iştirak edir. Məhz Azərbaycan bu gün də NATO-nun Əfqanıstandakı əməliyyatına öz dəstəyini əsirgəmir.

Bu barədə düşüncələr iyulun 9-da Varşavada NATO Sammiti çərçivəsində "Dövlət və hökumət başçıları səviyyəsində "Qətiyyətli dəstək" missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş" mövzusunda keçirilən sessiya da ifadə edilir.

Adıçəkilən sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Əfqanıstanın təhlükəsizliyi və davamlı inkişafı regional və qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir: "NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycan "Qətiyyətli dəstək" missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ tranzit daşımalarını təmin edəcək.

Azərbaycan Əfqanıstanın milli ordusunun Qəyyumluq Fonduna artıq bir neçə dəfə əhəmiyyətli yardımlar göstərib. Biz götürdüyümüz öhdəliklərə uyğun olaraq, həmin fondu maliyyə baxımından dəstəkləməkdə davam edəcəyik.

Biz Əfqanıstan ilə uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki əməkdaşlığa sadiq qalırıq və "Qətiyyətli dəstək" missiyası başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfəmizi verməyi nəzərdə tuturuq.

Azərbaycanın Əfqanıstanda sabitliyə və inkişafa verdiyi töhfə NATO əməliyyatlarındakı iştirakımızdan əlavə olaraq həyata keçirilir.

Biz hərbi tədris, təhsil, infrastruktur, daşıma, sərmayələr və qadınların cəmiyyətdə rolunun artırılması kimi sahələrdə praktiki yardım göstərməklə, Əfqanıstanı etibarlı gələcəyə doğru islahatlar yolunda ikitərəfli qaydada dəstəkləyirik.

Azərbaycan yaxın gələcəkdə başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maliyyə və texniki dəstəyini göstərib. Bu layihə Avropa və Asiyanın dəmir yolu xətlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Əfqanıstan, həmçinin bu mühüm daşımalar şəbəkəsinə qoşula bilər.

Xəzər regionunda ölkəmizin ən iri Beynəlxalq Ticarət Limanının tikintisi Avrasiyada əməkdaşlıq üçün yeni imkanlar yaradır. Əminəm ki, Əfqanıstan, həmçinin bu layihədən faydalanacaq".

Elə Varşavada Prezident İlham Əliyevlə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani arasında keçirilən görüşdə də bu barədə fikir mübadiləsi aparılıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində dünya birliyinin irəli sürdüyü təşəbbüslərə Azərbaycan da öz dəstəyini verir. Ölkəmiz Əfqanıstana sülhməramlı qüvvələrimizin orada təmsil olunması, müəyyən təlimlərin keçirilməsi ilə və digər müxtəlif proseslərdə dəstək göstərir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər