PDF Oxu

Araşdırma

  • 12 790

Azərbaycanın Latın Amerikası ölkələrilə münasibətləri inkişaf edir

Azərbaycanın Latın Amerikası ölkələrilə münasibətləri inkişaf edir

Azərbaycanın müstəqillik yaşının 25 il olmasına baxmayaraq, müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməyi və etibarlı tərəfdaş kimi özünü doğrultmağı bacarıb. Bu gün Azərbaycanın Avropa, Asiya, Şimali Amerika, Afrika ölkələrilə qurduğu münasibətlər daha da inkişaf edir. Acı reallıq ondan ibarətdir ki, erməni lobbisi dünyanın bütün bölgələrində siyasi dairələrə nüfuz edərək, onları siyasi məqsədləri üçün istifadə etməyi bacarıb. Elə qondarma "erməni soyqırımı"nın ayrı-ayrı ölkələrin parlamentlərində qəbul etdirilməsi bunun nəticəsi olub. Ona görə də, Prezident İlham Əliyev erməni lobbisinin siyasi oyunlarının qarşısının alınması və Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə dünyanın bütün regionlarının ölkələrilə səmərəli əlaqələrin qurulmasına istiqamətlənmiş xarici siyasət yürütməkdədir.

Bunun nəticəsidir ki, son illər ərzində Azərbaycanın Latın Amerikası ölkələrilə də münasibətləri inkişaf etməkdədir. Hazırda Kolumbiya, Panama, Qvatemala, Peru ilə əlaqələrin inkişafında yüksələn dinamika müşahidə edilməkdədir. Azərbaycanın, xüsusilə də, böyük erməni icmalarının yaşadığı Argentina, Braziliya, Uruqvay kimi dövlətlərlə səmərəli əməkdaşlıq əlaqələri qurulmaqdadır. Elə bu yaxınlarda Argentina parlamentindəki hadisə də qurulan münasibətlərin göstəricisidir. Belə ki, 2015-ci ilin sonunda tərkibi yenilənmiş Argentina parlamentinin Senatında Azərbaycanla dostluq qrupu yaradılıb. Azərbaycanın Argentinadakı səfirliyinin məlumatına görə, Senatının xarici əlaqələr və etiqad komissiyası səfirliyə məktub ünvanlayaraq dostluq qrupunun yaradılması barədə məlumat verib.

Dostluq qrupuna, əsasən, iqtidar "Dəyişək" və keçmiş iqtidar "Qələbə uğrunda Cəbhə" siyasi bloklarına mənsub 8 senator daxildir və onlar Argentinanın ən böyük əyalətlərini təmsil edirlər. Qrupun rəhbəri senator Valter Barrinuevodur. Dostluq qrupunun tərkibi yaxın iki il üçün nəzərdə tutulub. Qrupa yaxın vaxtlarda digər senatorların da qoşulacağı gözlənilir. Senatdan daxil olmuş məktubda dostluq qrupunun yaradılmasının parlamentlərarası əlaqələr üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir və bunun iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.

Doğrudur, hazırda adıçəkilən regionun ölkələrilə siyasi əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Çünki bölgə ilə ticarət dövriyyəsi 300 mln. dollar təşkil edir ki, bunun xeyli hissəsi Braziliyanın payına düşür.

Əlbəttə ki, qurulan münasibətlərin tarixi yeni olsa da, bəzi Latın Amerikası ölkələrinin (Paraqvay) parlamentlərində "Azərbaycan Respublikası və Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək" adlı bəyanatın qəbul edilməsi diplomatik nəticələrin əldə olunmasına işarədir. Görünür, qurulan qarşılıqlı səmərəli əlaqələr yaxın perspektivdə siyasi sahədən iqtisadi sahəyə də inteqrasiya edəcək, ticarət dövriyyəsi artacaq. Bütün bunlar isə bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini möhkəmləndirəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər