ANALİTİKA
Xalq öz ölkəsini xəyanətkar canilərdən canı bahasına xilas etdi
Danılmaz həqiqətdir ki, Türkiyədə iyulun 15-də və 16-da baş verən hərbi dövlət çevrilişi cəhdinin uğursuzluqla nəticələnməsinin əsas qüvvəsi türk milləti oldu. Belə ki, xalq tərəfindən demokratik yolla seçilmiş hakimiyyətə qarşı bir qrup xain generalların və yüksək rütbəli zabitlərinin silahlı çıxışının qarşısının alınması, əslində türk millətinin vətənsevərliyinin nə dərəcədə yüksək olduğunu kifayət qədər sübuta yetirmiş oldu və söz yox ki, son illərdə Türkiyənin beynəlxalq aləmdəki nüfuzunun durmadan artması, dövlətin istənilən siyasi aspektlər baxımından qərarverici imicinin formalaşması da hərbi qiyamın ayaq tutub yeriməsinə imkan vermədi.
Xalq onun maraqlarını müdafiə edən iqtidarı bütün mənalarda dəstəkləyib
Təbii ki, biz burada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə daxilindəki və dünya miqyasındakı nüfuzunu da unutmamalıyıq. Müxtəlif enerji layihələrində, eləcə də terrorla mübarizə faktorunda Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin qətiyyəti, söz sahibi olması, ilk növbədə xalqın maraqlarına cavab verib. Xalq isə onun maraqlarını müdafiə edən iqtidarı bütün mənalarda dəstəkləyib. Hətta deyə bilərik ki, dövət çevrilişi əsnasında prezidentin xalqa küçələrə çıxmaq çağırışı etməsi və xalqın bu çağırışa dərhal müsbət reaksiya verməsi həmin dəstəyin bariz tərənnümü oldu. Yüz minlərlə xalq kütləsi uzun illərdən bəri formalaşmış dövlətçilik ənənəsini qorumaq üçün əliyalın şəkildə zirehli transpartyorların və tankların üzərinə yürüdü. 260-dan çox türk vətəndaşı qanları və canları bahasına xuntaçıların qurbanına çevrildi. Eləcə də minlərlə yaralılar...
Bu, ilk növbədə Türkiyədə formalaşmış tarixi dövlətçilik ənənəsinin göstəricisi kimi ölkə tarixinin şanlı səhifəsinə yazılmış daha bir nümunə oldu. Əgər biz hadisələrin başvermə anlarından başlayaraq, son anlarına qədər cərəyan edən hadisələri incələsək, bir daha deyilənlərin nə qədər həqiqətəuğunluğunu görərik.
Yəqin ki, dəyərli oxucularımıza yenidən həmin hadisələrin xronologiyasını xatırlatmağa ehtiyac yoxdur. Çünki Türkiyədə baş verənləri hər bir azərbaycanlı diqqətlə izləyib və onun yenidən təkrarlaması vaxt itkisi olardı. Ona görə də əsas mövzunu, məhz həmin dövrü cərəyan edən hadisələrə yönlətmək daha məqsədəuyğun olardı...
Dünya birliyi Türkiyənin yanında!
Əlbəttə ki, bütün bunlar xalqa və millətə yeni nəfəs, yeni güc, tükənməz inam hissi verdi. Nəticədə, hər kəs küçələrə axışdı və qiyamın qarşısının alınması istiqamətində milyonlara söykənən yüz minlik aksiyalara start verildi.
Bu gün bəziləri iddia edirlər ki, hərbi çevriliş etmək istəyində olan hərbçilər zümrəsi guya Türkiyədə dünyəvi və demokratik ənənələrinin pozulmasını əsas gətirərək, dini meyillərin artmasını, Atatürk ideyalarının isə məhv olunmasının qarşısını almağa çalışıblar. Ancaq bu cür düşüncədə olanlar, əlbəttə, yanılıblar. Çünki Türkiyənin Ana Yasasında həmin amillər, ümumiyyətlə yoxdur və ölkə məhz demokratya, dünyəvilik prinsipləri ilə idarə olunur. Həmçinin, Atatürk ideologiyası türk xalqının mənəvi ruhunun uzun illərdən bəri qidalandırıcısı rolunu oynayıb və bu amili silmək, ümumiyyətlə mümkünsüzdür. Ona görə də xalq məhz bu prinsiplərin təhlükəyə düşdüyünü dərk edərək, bütövlükdə dövlətçilik maraqlarının müdafiəsinə qalxmalı oldu.
Daha bir məqam isə dünya siyasi aləminin Türkiyədə baş verənlərdən sonra demokratik qaydalara əsasən seçilmiş hakimiyyəti müdafiə etməsi oldu. Azərbaycan bu sıralamada ilk oldu. Ölkə başçımızın və ümumiyyətlə, iqtidarın mövqeyi, birmənalı olaraq Azərbaycanın qardaş Türkiyənin yanında olmasını sübuta yetirdi. ABŞ, Böyük Brtitaniya, Fransa, Almaniya və digər dövlətlər, o cümlədən nüfuzlu beynəlxalq qurumlar Ərdoğan hakimiyyətinə dəstəkçi olduqlarını nümayiş etdirdilər. Xüsusilə, biz burada Rusiyanın mövqeyini vurğulaya bilərik. Belə ki, bir müddət öncə "təyyarənin vurulması insidenti" səbəbindən münasibətlərinin pozulmasına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin Ərdoğana dəstəyini ifadə etmiş oldu.
Belə sarsılmaz dövlətçilik ənənələrini isə heç bir qüvvə poza bilməz!
Artıq qiyam yatızdırılıb. Ancaq buna rəğmən, Türkiyədə vəziyyət tam olaraq normallaşmayıb. Məsələ ondadır ki, Ərdoğan hakimiyyəti xalqı diqqətli olmağa çağırıb və küçələrdə qalmağı tövsiyə edib. Təbii ki, belə bir həssas dönəmdə Türkiyəyə qarşı düşmənçilik mövqeyi sərgiləyən qaranlıq qüvvələr, xüsusilə paralel qapı deyilən güclər dünyanın müxtəlif yerlərindən öz çirkin niyyətlərini yeritməyə çalışacaqlar. Ancaq onların bu cəhdləri baş tutmayacaq. İlk öncə, ona görə ki, Türkiyədə iyulun 15-də və 16-da növbəti tarix yazıldı - xalq və hakimiyyət vəhdəti! Hətta radikal müxalifət partiyaları belə qiyamçıların hərbi aviasiyaları tərəfindən bombalanaraq dağıdılmış parlamentinə qatılaraq, hakim AK Partiyasına dəstəklərini nümayiş etdirdilər. Türk milləti demokratiyanın müdafiəsindən qürurla çıxdı və xalq öz ölkəsini xəyanətkar canilərdən canı bahasına xilas etdi. Belə sarsılmaz dövlətçilik ənənələrini isə heç bir qüvvə poza bilməz!
Rövşən NURƏDDİNOĞLU