Həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi və institusional islahatların aparılması kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olub. İnstitusional islahatlar, demək olar ki, başa çatdırılaraq elmi müəssisələrin fəaliyyətindəki paralelliyin aradan qaldırılması, nazirliyin balansında olan toxumçuluq, tingçilik və damazlıq üçün nəzərdə tutulan torpaq sahələrinin konsolidasiya olunaraq, birbaşa funksional vəzifələrin icrası məqsədlərinə yönəldilməsi, informasiya-məsləhət xidmətlərinin yaradılması, aqrar sahənin əlavə fiskal tənzimlənmə alətləri ilə dəstəklənməsi tədbirləri daha intensiv davam etdirilib. Aqrar sektorun texnika təminatındakı problemlər həll edilib və lazımi həcmdə gübrə ehtiyatının yaradılması təmin olunub. Bütün bunların nəticəsində, ilin birinci yarısında artım 3,1 faiz təşkil edib və bu artım bütün əsas növ kənd təsərrüfatı məhsulları üzrə müşayiət olunub. İlin sonuna isə aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağı proqnozlaşdırılır.
Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla, artım gözlənilir ki, bunun da hesabına Azərbaycanın, hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur.
İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur. Eyni zamanda, ixracın stimullaşdırılması üçün müəyyən edilən dəstək tədbirləri, habelə aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının, həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırıb. Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub. Rusiya mənbələrində bu ölkənin bazarlarında satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdüyü bildirilir, halbuki ötən il bu göstərici cəmi 1 faiz təşkil etmişdi.
Əlamətdar hal ondan ibarətdir ki, ilk dəfə olaraq ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin, heyvandarlıqda isə, ət və süd məhsullarının ixracına başlanılıb. Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək, ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə edib.
Bununla bərabər yerli istehsalın artımı heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalmasına səbəb olub. İdxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb.
Analoji vəziyyət süd məhsullarının idxalında da müşahidə olunub. Belə ki, azalma xama üzrə 18 faiz, pendir üzrə 6,6 faiz, kərə yağı üzrə 18,8 faiz təşkil edib.
Qeyd edək ki, dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də, qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə verdiyiniz qəti tapşırıqların icrasına başlanılıb, 50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilib, yetişdiriləcək pambığın vaxtında yığılması və tədarükü məqsədilə bütün zəruri tədbirlər görülmüş və müvafiq texnikalar sifariş verilib. Bunun da hesabına cari ildə 100 min tondan artıq, ötən illə müqayisədə 3 dəfə çox məhsulun istehsalı gözlənilir ki, bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı, bölgələrdə məşğulluq probleminin həllinə mühüm töhfə verəcək. Növbəti ildə pambığın əkin sahələrinin 100-120 min hektara çatdırılması və onun 50 min hektara qədər hissəsində müasir pilot suvarma sistemlərinin qurulması pambıq istehsalını ən azı 250 min tona qədər artırmağa imkan verəcək.
Dünya bazarında ipəkçilik məhsullarına tələbatın yüksək olduğunu, bölgələrdə minlərlə ailənin işlə təmin edilməsində əhəmiyyətini nəzərə alaraq, ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili və damazlıq müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, bu tədbirlər nəticəsində keçən il istehsal olunmuş 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni, 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib.
Cari ilin 1 iyun tarixinə respublika üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar və ya 40 faiz çoxdur. Hazırda çəltikçiliyin, çayçılığın və digər əhəmiyyətli məhsulların istehsalının kəskin artırılması üçün ciddi tədbirlərə başlanıb.
Bu yerdə qeyd edək ki, bazarın əsas iştirakçıları ilə birgə görülən tədbirlər hesabına cari ildə pambıq, tütün və barama xammalının tədarük qiymətlərinin artırılması, hökumətin qərarı ilə hər hektar pambıq və tütün əkininə görə əlavə 40 manat subsidiyanın verilməsi, habelə tədarük edilən hər kiloqram yaş baramaya görə istehsalçılara 2 manat subsidiyanın verilməsi və barama toxumlarının isə əvəzsiz paylanması barədə hökumətə təqdim olunmuş qərar layihəsinin qəbul edilməsi bu tapşırıqların icrasına əsaslı zəmin yaradacaq.
Bir sözlə, göründüyü kimi, Azərbaycanda kənd təsərrüfatı sektorunda da inkişaf meyilləri dinamik xarakter alıb. Xüsusilə də, son iki il yarım ərzində Prezident İlham Əliyev tərəfindən verilmiş 41 Fərman və Sərəncam, qəbul edilmiş 3 qanun, 40 qərar və qaydalar aqrar sektorda iqtisadi fəallığın kəskin yüksəlməsinə, xaricdən və respublikanın müxtəlif şəhərlərindən xeyli sayda əhalinin kənd yerlərinə dönüşünə səbəb olub. Aqrar sahədə həyata keçirilən bütün tədbirlərin məntiqi nəticəsi isə ondan ibarətdir ki, ərzaq təhlükəsizliyinin təminatı dövlətin prioritetidir.
"Səs" Analitik Qrupu