Qlobal transformasiya dövrünü keçən dünyada beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi siyasi-iqtisadi proseslərə təsir etmək heç də bütün dövlətlərə nəsib olmur. Lakin sevindirici haldır ki, bu baxımdan, Azərbaycan Respublikası istisna təşkil edir. Çünki bu gün regionun sosial-iqtisadi gücü kimi bütün inkişaf parametrlərinə görə ölkəmiz nəinki Cənubi Qafqazda, hətta Şərqi Avropa regionu üzrə güclü dövlət olaraq qəbul edilir. Əlbəttə ki, burada həlledici amil LİDER faktorudur ki, məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin aktiv aktoruna çevrilib.
Azərbaycan beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etdiyi kimi xaricdə də aktiv şəkildə təmsil olunur. Bu, özünü 2016-cı ildə də göstərib. Belə ki, cari ilin 6 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumundan tutmuş Vaşinqtonda Nüvə Sammitinə qədər bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə sözünü deyib. Bununla bağlı Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, 2016-cı ildə də xarici siyasətimiz çox fəal olub: "İlin birinci yarısında Azərbaycana 10-dan çox dövlət və hökumət başçısı səfər etmişdir. Mənim çoxsaylı xarici səfərlərim beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirib. Mən ilin əvvəlindən bəri bir neçə beynəlxalq tədbirdə iştirak etmişəm. Davos Ümumdünya İqtisadi Forumu - bu, dünya miqyasında birinci beynəlxalq tədbirdir. Orada həm iqtisadi, həm siyasi məsələlər gündəlikdədir. Ondan sonra Münxen Təhlükəsizlik Konfransı - bu da dünya miqyasında Davos Forumu ilə eyni səviyyədə olan beynəlxalq tədbirdir. Orada da Azərbaycanın, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi səsləndi. Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda mənim iştirakım Azərbaycanın mövqeyini və imkanlarını bir daha ortaya qoydu. Vaşinqtonda Nüvə Sammitində Azərbaycan fəal iştirak etmişdir. Bizim o sammitə dəvət olunmağımız ölkəmizin nüfuzunu göstərir. Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları demək olar ki, aparılmır. Ancaq buna baxmayaraq, Azərbaycan oraya dəvət edilmiş ölkələrin sırasında idi. Eyni zamanda, sammit çərçivəsində Amerikanın yüksək səviyyəli rəhbərləri ilə - Prezident, dövlət katibi ilə mənim çox səmərəli görüşlərim olmuşdur.
Mən Türkiyədə iki beynəlxalq tədbirdə iştirak etmişəm. İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilmişdir və orada aprel döyüşləri ilə bağlı Azərbaycanın mövqeyi tam dəstəklənmişdir. Yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü məsələləri əks olunmuşdur və münaqişənin bu prinsiplər əsasında həlli qeyd edilmişdir. Bununla bərabər, münaqişə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində kontakt qrupu da yaradıldı. Bu da bizim böyük diplomatik uğurumuzdur".
Türkiyədə digər mötəbər beynəlxalq tədbirdə - Dünya Humanitar Sammitinin işində Azərbaycan çox fəal iştirak etmişdir. Bu səfərlərlə yanaşı, ikitərəfli formatda bir neçə səfər təşkil edilmişdir - Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə və Almaniyada. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki görüş keçirilmişdir. May ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda".
Bütün bu beynəlxalq tədbirlər və Azərbaycanın o tədbirlərdə fəal iştirakı ölkəmizin önəmini göstərir, eyni zamanda, ölkəmiz üçün yeni imkanlar açır. Məhz keçirilən görüşlərdə, edilən çıxışlarda əsas ideya, prioritet, təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi, ədalətin bərqərar edilməsi olub. Elə Prezident İlham Əliyevin sözlərilə desək, hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı: "Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. Onlar diaspor imkanlarından və bizim beynəlxalq səviyyədə o qədər də çıxışımızın olmamasından istifadə edərək, münaqişə ilə bağlı yalan məlumatlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir".
"Səs" Analitik Qrupu