Prezident İlham Əliyev: "2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür"
Həqiqətən də, son illər ərzində Azərbaycanın sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatların aparılmasına şərait yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları da genişləndirib. Belə ki, dövlət başçısının son illərdə imzaladığı fərman və sərəncamlar, həmçinin xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə, ölkədə həyata keçirilən sosial tədbirlərin sayı da artıb. 2016-cı ildə də sosial məsələlərin həlli istiqamətində ciddi addımlar atılıb.
Baxmayaraq ki, bu il neftin qiyməti əvvəlki illərə nəzərən iki dəfə aşağı düşdü və bunun nəticəsi olaraq Azərbaycana daxil olan valyutanın həcmində dəyişikliklər oldu, amma hökumət heç bir sosial layihəni dayandırmadı, əksinə maaş və pensiyaları artırdı, əlavə stimullaşdırıcı addımlar atdı. Prezident İlham Əliyevin söylədiyi kimi, sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılıb, ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar və pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür: "Sosial sahədə maaşlar, pensiyalar qalxıb, eyni zamanda, digər islahatlar da aparılır. İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Biz birinci təcrübənin nəticələrini yəqin ki, yaxın vaxtlarda görəcəyik. Hesab edirəm ki, öz məşğulluğunu təminetmə yanaşması üstünlük təşkil etməlidir".
Azərbaycan dövləti daim çalışıb ki, vətəndaş yaxşı yaşasın, işləsin, qazansın və ən əsası, ələbaxımlılıq prinsipindən uzaq olsun. Elə son müddət ərzində atılan addımlar da bunu isbatlayır. Yeni iş yerlərinin açılması, maaşların qaldırılması bunun əyani sübutudur. Hökumət, eyni zamanda, insanların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə ünvanlı dövlət sosial yardım proqramında da dəyişiklərin edilməsi üzərində işlər gedir.
Bununla bağlı Prezident İlham Əliyev qeyd edib ki, biz uzun illər insanlara ünvanlı sosial yardım veririk: "Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə, hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıbdır. Lazım olarsa, daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar".
Bununla yanaşı, Azərbaycan dövləti vətəndaşlarının rahat və normal yaşayışının təmin edilməsi məqsədilə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini də davam etdirir. Məhz, uzun illərdir insanların arzusu olan "sosial evlər" layihəsini Azərbaycan dövləti reallığa çevirməkdədir. Bununla bağlı ciddi addımlar da atılıb. Elə bu məsələyə də toxunan Prezident İlham Əliyev deyib ki, bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik: "Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaqdır".
Bir sözlə, göründüyü kimi, Azərbaycan dövlətinin sosial siyasəti sistemli xarakter daşıyır və bütün atılan addımlar sosial məsələlərin yüksək səviyyədə həll edilməsinə şərait yaradır.
"Səs" Analitik Qrupu