PDF Oxu

Araşdırma

  • 2 804

Naxçıvan perspektivli inkişaf yolunda

Naxçıvan perspektivli inkişaf yolunda

Cari ilin altı ayının yekunları bu qənaətə gəlməyə əsas verir

Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası çox sürətlə inkişaf edir. Qədim diyarda Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində, Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır.

Sahibkarlıq fəaliyyəti dövlət siyasətində

Dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edən sahibkarlığın inkişafı muxtar republikada geniş formada həyata keçirilir. İnsanların sosial rifah halının yaxşılaşdırılması, yeni istehsal müəssisələri yaradılması və məşğulluq probleminin əsaslı həlli ilə yanaşı, əhalinin tələbatının maksimum səviyyədə keyfiyyətli yerli istehsal məhsulları hesabına ödənilməsi də qarşıda duran vəzifələrdəndir.

Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 13 milyon 32 min 600 manat təşkil edib. Ayrılan kreditlərdən 9 milyon 414 min 600 manatı fərdi sahibkarlığın inkişafına, 3 milyon 618 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 20 milyon 410 min 900 manat həcmində kreditlərin verilməsi təmin edilmişdir. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 365 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 245 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

2014-2015-ci illərdə Naxçıvan şəhərində köynək, konserv taraları, ətin konservləşdirilməsi, ət qovurması və unlu-qənnadı məmulatları istehsalı, melamin lövhə, laminat örtüklü iş masası lövhəsi və PVC örtüklü parlaq lövhə, silikon yorğan və yaylı döşək istehsalı sahələri yaradılıb, "Cahan" Ticarət Mərkəzi tikilib istifadəyə verilib. Həmçinin, Naxçıvan "Alt Trikotaj" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa olunub, müəssisədə tələbələr üçün geyim dəstləri, sukeçirməz əlcək, kostyum və yüngül ayaqqabı istehsalı sahələri yaradılıb. "Naxçıvan Xalça" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti də genişləndirilib, polietilen torba və təsərrüfat ipi, yuyucu maddələr, uşaq bezi və qəlyan kömürü istehsalına başlanılıb.

Cari ilin 6 ayı ərzində muxtar respublikada 1811 yeni iş yeri açılıb

Bu gün yeni iş yerlərinin açılması zamanın ümdə tələbidir. Prezident İlham Əliyevin apardığı və həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının vacib tərkib hissəsi, məhz yeni iş yerlərinin açılmasından ibarətdir.

2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada 1811 yeni iş yeri yaradılmışdır ki, bunun da 1768-i və ya 97,6 faizi daimi iş yerləridir.

Ümumiyyətlə, son iki ildə muxtar respublikada 6300-dən çox yeni iş yeri açılıb. Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son iki il ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 5537 işaxtaran işlə təmin edilib. Əmək yarmarkaları bu baxımdan mühüm rol oynayıb. Ümumiyyətlə, 2014-2015-ci illərdə keçirilən əmək yarmarkaları vasitəsilə 1627 nəfər, o cümlədən, təhsil yarmarkalarında 220, səhiyyə yarmarkalarında isə 24 nəfər öz peşə və ixtisaslarına uyğun işlə təmin edilib.

Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli, Babək rayonunun Məzrə, Ordubad rayonunun Baş Dizə, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Kolanı kəndlərində məktəb binalarının və Şərur şəhərində 2 nömrəli məktəb binasının tikintisi, Naxçıvan şəhərində 3 nömrəli və Şərur rayonunun Arbatan kəndində məktəb binalarının yenidən qurulması hazırda davam etdirilir.

Turizmin inkişafı iqtisadiyyatın təmlidir

"Turizmin təbliğində mühüm əhəmiyyətə malik olan elektron resurslarda Naxçıvan Muxtar Respublikasının görməli yerləri, tarixi abidələri, müasir turizm və sosial-mədəni infrastrukturu barədə təbliğat işi düzgün qurulmayıb". Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib. V.Talıbov bildirib ki, turizm potensialının zəngin olmasına və bununla bağlı zəruri infrastrukturun mövcudluğuna baxmayaraq, muxtar respublika əlverişli turizm məkanı kimi lazımi səviyyədə tanıdılmır. Ali Məclis sədri qeyd edib ki, Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etməli, dövlət təşkilatlarının internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələr yaradılmalıdır.

Turizmin kompleks şəkildə inkişafını təmin etmək məqsədilə həyata keçirilən mühüm tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, dünya əhəmiyyətli tarixi abidələrimiz bərpa olunmuş, Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlamışdır. 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 187 mindən artıq turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,1 faiz çoxdur.

Beləliklə, nəticə etibarilə, onu qeyd etmək lazımdır ki, bu gün Naxçıvan Muxtar Respublikası dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. İndi Naxçıvan Muxtar Respublikasının şöhrəti onun hüdudlarını, ölkə sərhədlərini çoxdan aşıb.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər