PDF Oxu

Araşdırma

  • 2 462

Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq

Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq

Prezident İlham Əliyev: Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Qəbələ və İsmayıllı rayonlarında səfərdə olub, bir sıra social-iqtisadi obyektlərin açılışında iştirak edib, yerli insanlarla görüşüb. Prezident İlham Əliyevin bölgələrə səfəri Azərbaycanın son aylar ərzində qeyri-neft sektoru üzrə xeyli inkişaf yolu qət edib. Bunu təkcə Prezident İlham Əliyevin İsmayıllı rayonunda açılışını etdiyi "İSMA BİKES" velosiped istehsalı zavodunun timsalında söyləmək olar.

Məlumat üçün bildirək ki, İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya Velosiped Zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub. Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur. İlkin mərhələdə 60 işçi çalışacaq. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur. Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək.

Ümumiyyətlə, velosiped bu gün nəinki idmançıların istifadə etdiyi təkərli vasitədir, hətta ictimai xarakter daşıyan nəqliyyat formasına keçib. Təsadüfi deyildir ki, dünyada ətraf mühit üçün daha təmiz, zərərsiz nəqliyyat növlərindən istifadə etməyin vacibliyi artdıqca bir sıra ölkələrdə nəqliyyat vasitələrinin ən qədim formalarından biri olan velosipeddən istifadənin önəmi artır. İnkişaf etmiş ölkələr insanları velosipeddən istifadə etməyi həvəsləndirir, velosiped üçün lazım olan infrastrukturu təkmilləşdirirlər. Biz son vaxtlar Azərbaycanda da bu proseslərin şahidi oluruq.

Velosipeddən istifadənin faydalı olduğu barədə ilk dəfə məlumat əldə edən alimlər bununla bağlı təbliğatın daha geniş aparılmasını tövsiyə ediblər. On altı milyon əhalisi olan Hollandiya dünyada velosipeddən istifadəyə görə ön sıralardadır. Bu ölkədə 18 milyon velosiped var. Hətta bu gün bir sıra ölkələrdə tıxaclardan və korlanmış havadan yan keçmək üçün velosipedi əsas ictimai nəqliyyat növü kimi təqdim edirlər. Məsələn, Nyu-Yorkda velosipeddən istifadəni artıqmaq məqsədilə şəhər meriyası 1 milyard dollar vəsait ayırıb.

Göründüyü kimi, velosipeddən istifadə insan sağlamlığının təmin edilməsi ilə yanaşı, ekoloji mühitin də qorunmasına səbəb olur. Eyni zamanda, əgər velosiped insanların öz ölkəsində istehsal olunursa, o zaman kütləvi şəkildə alınan velosipedlər dövlət büdcəsinə də xeyir gətirəcək, istehsal sahəsi daha da genişlənəcək, qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək. Bu gün əgər Azərbaycanda yığılan velosipedlərin hissələri ayrı-ayrı ölkələrdən gətirilirsə, gələcəkdə həmin ehtiyat hissələrin istehsalı da ölkəmizdə həyata keçirilə bilər. Bu da, öz növbəsində onlarla yeni və daimi müəssisələrin, iş yerlərinin açılması demək olacaq.

Prezident İlham Əliyev zavodun açılışında rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşərkən deyib ki, bu istehsal, əslində, ölkəmizin inkişafını göstərir. Göstərir ki, Azərbaycanda indi müxtəlif istiqamətlər üzrə yerli istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir: "Azərbaycanın uğurlu inkişafı, bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı, bax, bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, şadam ki, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb.

Qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var.

Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq."

Zavodun istehsal gücü ildə 30 min ədəd velosiped olacaq. İstehsal olunan velosipedlər həm daxili bazarda satılacaq, eyni zamanda, xaricə də ixrac edilə bilər. Çünki bunun üçün potensial bazarlar da vardır. Məsələn, Gürcüstan, Moldova, Şərqi Avropa ölkələri və s. Adları çəkilən inkişaf etməkdə olan ölkələrin də əhalisi gənc olduğundan, velosipedə tələbat böyükdür. Həmçinin, istehsal olunan velosipedlərin qiymətinin münasib olması onlara tələbatı daha da artıracaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər