Yaxud Natiq Cəfərov, İlqar Məmmədovlar kimiləri müdafiə edənlərin "beşinci kolon"un fəaliyyətinə siyasi rəng qatmaları qəbuledilməzdir
Azərbaycan müstəqilliyini ikinci dəfə elan etdikdən sonra demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının da daha münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görüldü. 1993-cü ildən başlanan proses çərçivəsində vətəndaş cəmiyyəti, eləcə də, QHT-lərlə bağlı qanunvericilik sisteminin yaradılması, hökumətlə münasibətlər, bir sıra mühüm QHT hadisələri və s. nəzərə çarpdı.
Müstəqilliyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində, ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu.
Ulu Öndər Heydər Əliyevin tarixi mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Bu konstitusiya dövlətçiliyimiz və həm də vətəndaş cəmiyyətimiz üçün mühüm tarixi sənəd oldu. Çünki keçmiş bütün sənədlərdə yalnız məhdud və ideoloji çərçivədə olan birləşmək hüququ var idi. Bu hüququn təminatı belə yox idi. 1995-ci il Konstitusiyasının 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Əslində, müasir və beynəlxalq standartlara uyğun olaraq yaranmış və fəaliyyət göstərən QHT-lər, məhz 1995-ci il Konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdı. Əlbəttə ki, müstəqilliyin ilk illərində ictimai birliklərin dövlət qeydiyyatına alınması bu dövrdə vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişaf etdiyindən bəhs etməyə əsas vermir. Amma 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq dövlət müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi.
Məhz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan QHT sistemi bu günümüzdə də inkişaf etməkdə, fəaliyyətini daha da genişləndirməkdədir. QHT-lərin inkişafı istiqmətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlar bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan Avropa Şurası və onun strukturları ilə səmərəli əməkdaşlıq edir və təsadüfi deyil ki, avropalı ekspertlərin iştirakı ilə son illər ölkəmizdə QHT sahəsində də mühüm islahatlar aparılıb. Ədliyyə Nazirliyi də layihələrin həyata keçirilməsinə dəstək verib, Avropa Şurasının Bakı ofisi ilə səmərəli iş aparılıb.
Qeyd edək ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. Son 10 il ərzində dövlət qeydiyyatına alınmış təşkilatların sayı 2 dəfə artaraq, hazırda 3 mini ötüb. Onlardan 500-ə yaxını, bilavasitə insan hüquqları və hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Qeyri-hökumət təşkilatlarına təkcə son iki ildə 95 milyon manatdan çox vəsait ayrılıb. Təhlillər göstərir ki, 2015-ci ildə qrantların təxminən 58 faizi, məhz yerli donorlar tərəfindən verilib. Bu gün qeyri-hökumət təşkilatları ictimai həyatın müxtəlif sahələrində çox mühüm işlər görərək, uğurlu proqram və layihələr həyata keçirirlər. Bununla da, dövlətimizin və cəmiyyətimizin davamlı inkişafında onların rolu getdikcə artır.
Məhz Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi-sosial və mədəni həyatında mühüm rol oynayıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib.
Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda yaradılmış vəziyyətdən sui-istifadə edib şəxsi maraqlarını təmin edərək, milli mənafeləri zərbə altında saxlamaq istəyən QHT-lər və digər qüvvələr də tapılmaqdadır. Birbaşa xarici anti-Azərbaycan dairələrin direktivlərini alan "vətəndaş cəmiyyəti nümayəndələri" ölkəmizdə siyasi sabitliyin pozulmasına xidmət etmiş olurlar. Məhz onlardan biri də "REAL"-ın funksionerlərindən olan Natiq Cəfərovdur.
Hüquq-mühafizə orqanlarının sayıqlığı sayəsində, o və tərəfdarları milli maraqlarımıza zərbə vurmaq missiyasını davam etdirə bilməyiblər. Natiq Cəfərov ilkin istintaqda qanunsuz olaraq sahibkarlıqla məşğul olduğunu etiraf edib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, Cəfərov Natiq Mehman oğlunun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması barədə səlahiyyətli dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında maliyyə və vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb.
N.Cəfərovun 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni vergiləri ödəməkdən yayınaraq, gəlir əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib. Demokratiyaya Milli Dəstək Fondu tərəfindən özünün, bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 min 565 ABŞ dolları məbləğində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə pul vəsaitlərinin "Bank Respublika" ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin etməklə nağdlaşdırıb götürərək, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri kimi müxtəlif vəzifələrə işçilər cəlb edib. Onun özünə, eləcə də, həmin şəxslərə xidmət və əməkhaqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil etməsində, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək, xeyli miqdarda-71 min 334 manat məbləğində gəlir əldə etməklə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında əsaslı şübhələr müəyyən edilib.
Məlumatda bildirilir ki, Natiq Cəfərov iş üzrə verdiyi ifadələrində göstərilənləri təsdiq edərək, qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda, həmin dövrdə "REAL" Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməyi ilə mənfəət əldə etmək məqsədilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.
Məsələnin maraqlı tərəfi odur ki, əməli törədənlər qanunsuz fəaliyyətlə məşğul olduqlarını etiraf edirlər, lakin onların havadarları və yaxud bundan istifadə edənlər bunu "demokratiyanın boğulması"kimi qələmə verməyə çalışırlar. Hətta xaricdəki anti-Azərbaycan dairələrin təsirində olanlar səslərini çıxarmağa başlayıblar. Onların verdikləri bəyanatlarda guya N.Cəfərovun həbsindən "narahat" olduqlarını bildirirlər. Lakin onların "beşinci kolon"larının əllərindən çıxmasından narahat olduqları aydın hiss edilir.
Bir sözlə, aydın olur ki, anti-Azərbaycan dairələri yenidən iş başındadırlar. Onlar Azərbaycandakı əlaltılarının xidmətlərini "mükafatlandırmaq" üçün dövlətə qarşı çirkin qarayaxma kampaniyası həyata keçirirlər. Amma başa düşməlidirlər ki, demokratiya və hüquq anarxiya demək deyildir. Ona görə də, Azərbaycan ictimaiyyəti Natiq Cəfərov, İlqar Məmmədovlar kimiləri müdafiə edənlərin "beşinci kolon"un fəaliyyətinə siyasi rəng qatmasını qəbuledilməz hesab edir.
"Səs" Analitik Qrupu