PDF Oxu

Araşdırma

  • 3 144

Xain FETÖ planı Azərbaycanda ifşa olunur! ARAŞDIRMA

Xain FETÖ planı Azərbaycanda ifşa olunur! ARAŞDIRMA

Bu planda kimlərin və hansı təşkilatların adı keçir?

Məqalənin əvvəlini buradan oxuyun:(http://sia.az/az/news/analysis/560519-xain-feto-plani-azerbaycanda-ifsa-olunur)

Ötən ay qardaş Türkiyədə Fətullah Gülənin lideri olduğu FETÖ təşkilatının dövlət çevrilişinə uğursuz cəhdindən sonra bu ölkədə ciddi araşdırmalara başlanıldı və müəyyən olundu ki, dövlətin aparıcı strukturlarına yerləşdirilən nurçular sektası məqsədli şəkildə qanuni, demokratik hakimiyyəti ələ keçirməyə cəhd göstəriblər. Hətta bunun üçün uzun illər xain planlarını realizə edərək, paralel hökumət qurub vəzifələrini bu və ya digər şəkildə icra ediblər. Artıq Türkiyədə bu istiqamətdə əməliyyat-istintaq tədbirləri aparılır, dövlətin daxilinə qədər yerləşdirilmiş FETÖ üzvləri ifşa olunaraq məhkəmələr qarşısına çıxarılır.

Lakin son günlər xain FETÖ planının Azərbaycanda da realizə edilməsi hallarının baş verməsi müxtəlif faktlara və sübutlara söykənən dəlillərlə üzə çıxmağa başlayıb. Artıq sirr deyil ki, Fətullah Gülən şəbəkəsinin Azərbaycanda qolları çox uzundur və onlar hakimiyyət orqanlarının yuxarı postlarına, Milli Məclis orqanlarına və s. qədər yayılıblar. O cümlədən, hakimiyyət daxilində uzun illər çalışmış gülənçilər AXCP sədri Əli Kərimli ilə gizli işbirliyinə gedərək, bu və ya digər şəkildə FETÖ liderinə "hizmətçilik" ediblər.

Bu məqsədlə, "SƏS" qəzeti olaraq sözügedən istiqamətdə daxili araşdırmalarımızı davam edirik.

ABŞ hər vəchlə - hətta Türkiyə hökumətinin təqdim etdiyi dəlil və sübutlarla bol olan "Fətulla Gülən dosyalarını" təqdim etməsinə rəğmən FETÖ liderinin ekstradisiya olunmamasına səylər göstərir

Əvvəlki araşdırma xaralterli yazılarımızda biz FETÖ təxribatçı-terrorçu təşkilatının lideri Fətullah Gülənin himayəsi və təlimatları altında fəaliyyət göstərən bir sıra Azərbaycan və Türkiyə vətəndaşlarının adlarını çəkərək, onların istiqamətləndirilmələri, nurçuluq ideologiyası əsasında başlatdıqları yol və s. bu kimi danılmaz faktları təqdim etdik. Nəticədə bəlli oldu ki, hakimiyyətdaxili strukturlara qədər ayaq açmış və daxillərində şaxələndirilmə siyasəti aparmış şəxslər eyni zamanda ölkə müxalifətində təmsil olunan partiyalarla da gizli sövdələşmələrə gedib FETÖ planının Azərbaycanda reallaşdırılmasına cəhdlər göstəriblər. Xüsusilə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sözügedən məsələdə aktivlik göstərməsini sübuta yetirən hallar hazırkı məqamda da təsdiqini tapmağa davam edir.

Məhz bu məsələnin köklü şəkildə məğzinə keçməmişdən öncə, yenidən FETÖ lideri ilə Əli Kərimli arasında olan bağlantıları sübut edən bəzi dəlillərə toxunmaq istərdik. Qeyd etmək yerinə düşərdi ki, FETÖ lideri Fətullah Gülənin məhz ABŞ-da məskunlaşması, onun MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti olaraq təşkilatını idarə etməsi, beləliklə də bütün varlığı ilə ölkəsinə qarşı xəyanət siyasəti yürütməsi onun bilavasitə amerikalıların nökəri olmasını isbatlayır. Yeri gəlmişkən, Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün aparılan danışıqlar istənilən nəticəni vermir. Hətta bir neçə gündür ki, ABŞ-ın Ədliyyə nazirliyi ilə Türkiyənin müvafiq strukturlarınn rəsmiləri arasında Ankarada aparılan danışıqlar belə, tam şəkildə nəticəsini tapmayıb. Araşdırma aparılarkən, Türkiyə mətbuatı Ankaranın Əsənboğa hava limanına ABŞ-ın dövlət katibinin köməkçisi Con Baydenin endiyi və onu Türkiyə hökumətinin heç bir rəsmisinin deyil, yalnız bu ölkənin ABŞ-dakı səfirinin qarşıladığını qeyd edib (!). Bu isə belə qənaətə gəlməyə əsas verir ki, ABŞ hər vəchlə, hətta Türkiyə hökumətinin təqdim etdiyi dəlil və sübutlarla bol olan "Fətulla Gülən dosyalarını" təqdim etməsinə rəğmən, FETÖ liderinin ekstradisiya olunmamasına səylər göstərir. Bu zaman qardaş Türkiyə ictimaiyyəti də haqlı olaraq sual edir ki, Amerikanın siyasi dairələri nəyə görə Gülənin Türkiyəyə verilməməsi üçün bu qədər canfənalıq göstərir? Demək ki, FETÖ liderinin bildiyi çox şey var və o ölkəsinə göndərilərsə, çıxarılacağı məhkəmə qarşısında ABŞ xüsusi xidmət orqanları tərəfindən aldığı bütün təlimatları, sifarişləri ifşa etməli olacaq. Bu baxımdan, türkiyəli ictimaiyyətin ağılna ilk gələn də bu cür reallığa yaxın olan ehtimallar olur.

Fətullah Güləndən şok bəyanat: "Səlib yürüşləri müsəlmanlara zərər vurmayıb"

Digər tərəfdən, Fətullah Gülən hamisi olan ABŞ siyasi dairələrinin qarşısında sədaqətli olduğunu sübuta yetirməkdən ötrü bugünlərdə müsəlman aləmini şok edən bir bəyanatla çıxış edib. O, deyib ki, tarixlər boyu müsəlman ölkələrinə səlib yürüşləri təşkil edən xristian dünyasından müsəlmanlara heç bir zərər toxunmayıb. Mənbə: http://www.takvim.com.tr/webtv/video-haber/video/haclilarin-kopegi-gulen) Hansı ki, səlib yürüşləri (müasir zamanda terror kimi də adlandırıla bilinər – R.N.) nəticəsində milyonlarla müsəlmanlar qətliamlara, qız-gəlinlər cinsi zorakılıqlara məruz qalıb və s. Xüsusilə birinci dünya müharibəsi dövründə Türkiyəyə qarşı aparılan aşkar səlib yürüşlərinin ağrı-acısı bu gün də çəkilməyib!

Bu gün xristian klubunun "şah əsəri" hesab edilən və müsəlmanları qətlə yetirən "Əl-Qaidə", "İŞİD", "Ən-Nusra", "Boko-Haram" da səlib yürüşünün başqa tərəfidir. Maraqlıdır, özünü "İslam alimi" kimi təqdim edən nurçuluq ideologiyasının baş sektantı nədən birdən-birə xristian aləminə xoş olan bir bəyanatla çıxış edir? Əlbəttə ki, həmin dünyada özünü sığortalamaq üçün.

Əli Kərimlinin "Yurd"u və Gülənin "Yurt"u arasındakı paralellik

Belə bir əsnada AXCP sədri Əli Kərimlinin və yaxın ətrafının "Gülən işi"ndə adlarının hallanması, müxalifətçi partiya sədrinin FETÖ ilə bağlantısı olduğunun üzə çıxması növbəti dəlillərə söykənir. Növbəti detala diqqət yetirək: vaxtilə AXCP daxilində "Yurd" qruplaşması yaradaraq sonradan partiyanın sədrlik kreslosunu işğal etmiş Əli Kərimlinin adıçəkilən qrupu ilə Fətullah Gülənin Türkiyədə təhsil sisteminə sızdırdığı nurçu tələbələrin "Gülən Yurtları" kamplarında yaşamlarını təmin etməsi suallar doğurur. Kərimlinin "Yurd"u və Gülənin "Yurt"u hər halda paralellik təşkil edən amillərdir.

Fətullah Gülənin nəzarəti altında çıxış edən media qurumlarının bağlanması fonunda Əli Kərimlinin oğlunun ABŞ səfəri arasında möhkəm bağlar mövcuddur

Digər detala keçid alaq. Biz daha öncələr də qeyd etmişdik ki, Kərilminin oğlu Türkel Kərimli Türkiyədə 15 iyul hərbi çevrilişinə cəhddən həmən sonra Amerikaya getdi və orada atasının göstərtişlərinə əsasən bir neçə amerikalı siyasilərlə fərdi görüşlər keçirdi. Bu mənada deyə bilərik ki, məhz Fətullah Gülənin nəzarəti altında çıxış edən media qurumlarının bağlanması fonunda Əli Kərimlinin oğlunun ABŞ səfəri arasında möhkəm bağlar mövcuddur. Çünki Kərimlinin yaxını, "Azadlıq" qəzetinin baş redakatoru Qənimət Zahidin Azərbaycan və Türkiyə hakimiyyətlərini Gülənə məxsus TV-lər və s. media qurumları vasitəsilə ("Barış TV", "Can Ərzincan TV", "Azadlıq" qəzetində uzun müddət təbliğ olunan "Kurtuluş" dərgisi və s.) "vurması" da deyilənləri kifayət qədər isbatlamış olur. Nəticə isə bunlardır:

1.Əgər adlarıçəkilən media qurumlarına Fətullah Gülən ABŞ-dan təlimatlar verirdisə, çox yəqin ki, həmin təlimatlar FETÖ liderinə də verilirdi. Gülənin MKİ-yə bağlılığı isə bu iddiaların reallığa yaxın olduğunu sübuta yetirir.

2. Əli Kərilmi Fətullah Gülənlə bağlı bağlantılarının olmadığını bəyan edərək, özünün və tərəfdarlarının "repressiyalara" uğradığını iddia edirsə, onun Fətullah Gülənin himasəyi altında fəaliyyət göstərən TV və s. media qurumlarında başqa hansı işi ola bilərdi?

3. Türkiyədəki qiyamdan sonra Əli Kərimli oğlu Türkel Kərimlini hansı səbəblərə görə ABŞ-a yollamışdı?

Bütün bu kimi sualların cavabları yoxdur. Əslində, var, sadəcə Əli Kərimli bu suallara cavab verməsi yerinə, AXCP-nin yedək qurumu hesab edilən "Milli Şura" vasitəsilə özünən və ətrafının "repressiyaya" uğradığını təlaş, narahatlıq hissləri ilə bəyan edir və…

AXCP sədrinin amerikalı diplomatla apardığı əsas mövzusu məhz FETÖ faktoru ətrafında olub

Və bəlli olur ki, Əli Kərimli özünüsığorta siyasəti yürüdərək Fətullah Gülənin baş himayədarı hesab edilən ABŞ diplomatiyasının Bakıdakı baş ofisinə - ABŞ səfirliyinə üz tutur. Məsələn, o, avqustun əvvəllərində, daha dəqiqi isə ayın 4-də Türkiyədəki çevriliş cəhdindən 20 gün sonra ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Syuzan Çeşli ilə görüşüb. Bilavasitə nəzarətində olan "Azadlıq" qəzetinə məlumat verən Kərimli Syuzan Çeşli ilə Referendum Aktı layihəsi və "siyasi məhbuslar" ətrafında söhbət apardığını bildirib. Amma nədənsə, o Türkiyədə baş verən hadisələrlə bağlı apardığı söhbəti və həmin söhbət əsnasında hansı məqamlara toxunulduğu barədə bir kəlmə olsa belə danışmayıb! Halbuki, dədiqləşdirilən informasiyalara görə, AXCP sədrinin amerikalı diplomatla apardığı əsas mövzusu məhz FETÖ faktoru ətrafında olub.

ABŞ-ın Döövlət Departamenti Fətullah Gülən sarıdan necə narahat olursa, Əli Kərimlidən də həmin cür narahatdır…

Bunun ardınca isə, AXCP sədri avqustun 23-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. Bu dəfəki görüş isə daha böyük miqyasda baş tutub. Belə ki, ora ABŞ səfirinin müavini Uilyam R.Qill, Səfirliyin siyasi şöbə müdiri Ziya Sayed, səfirin siyasi işlər üzrə müşaviri Süzan Çesli də iştirak edib. Daha öncəki görüşlərdən fərqlənməyən məlumatları ilə FETÖ təşkilatı ətrafındakı məsələləri gizlətməyə çalışan Əli Kərimli yalnız sonda "Azadlıq" qəzetinə deyib ki, "Görüşdə həmçinin bütün bunlar, ölkədəki demokratik qüvvələrə, xüsusilə də AXCP-yə qarşı başlanmış yeni repressiya dalğası ətraflı müzakirə olunub" (?!) Məhz bu bir cümlə ilə Əli Kərimli özünü açığa çıxarıb. Sual olunur, nəyə görə məhz ABŞ səfirliyi? Yəqin ki, daha yuxarıda qeyd edilən faktlarla əlaqəli olan məsələləri bir-biri ilə uzlaşdırarasaq, nəyin nə olduğu bir daha üzə çıxmış olur.

Lakin bu da son deyil. Daim Azərbaycanın müstəqil və qətiyyətli siyasi addım və qərarlarına qarşı çıxış edən, buna alışıq olan ABŞ-ın Dövlət Departamenti Əli Kərimlinin "repressiyaya" uğramasından narahatlıq keçirdiyini bəyan edir. Eyni ilə Fətullah Güləndən narahat olduğu kimi!

Beləliklə, Fətullah Gülən-Əli Kərimli bağlantıları arasındakı danılmaz sübutların Amerikanın siyasi dairələri tərəfindən diqqətə alınması özü-özülüyündə hər şeyi tam çılpaqlığı ilə ortaya qoyur.

(Ardı var)

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər