Yaxud işəgötürənlər işçilərə təsir göstərmək məqsədilə əmək haqlarının ödənilməsini dondurmaqla müəssisənin fəaliyyətini müvəqqəti dayandırması mümkün olmayacaq
Bu gün Azərbaycanın sürətlə inkişaf edən, iqtisadi modernləşməyə və sosial rifaha nail olan müasir ölkəyə çevrildiyi heç kəsə sirr deyildir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf siyasətinin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevrilib. Azərbaycan bölgə iqtisadiyyatının 75, maliyyə kütləsinin isə 80 faizinə sahibdir. Xüsusilə də, 2004-cü ildən başlayaraq, Prezident İlham Əliyevin müəllifi olduğu "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları"nın icrasının həyata keçirilməsilə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də sosial-iqtisadi canlanma başladı və təsadüfi deyildir ki, bu gün artıq kəndlər də öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Ötən müddət ərzində regional proqramların icrası nəticəsində yüzlərlə istehsal müəssisələri yaradılıb, 1,5 milyon iş yeri açılıb, insanların maddi rifah halı yüksəlib. Hətta ölkədəki iqtisadi-maliyyə bazasının möhkəm qurulması hələ 2008-ci ildən başlanan dünya maliyyə böhranı zamanı Azərbaycan az itkilərlə vəziyyətdən çıxa bildi. 2015-ci ilin sonundan başlayaraq dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində, dövlətin gəlirlərində azalmalar müşahidə edildi. Amma bütün çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, maaş və pensiyalar artırıldı, insanların yaşayış səviyyəsinin qorunub-saxlanılması üçün ciddi tədbirlər görüldü.
Bu məqamda qeyd etmək lazımdır ki, böhranlı vəziyyəti əsas götürərək bəzi işəgötürənlər, sahibkarla işçilərinin maaşlarının verilməsini dondurmaqla müəssisələrini müvəqqəti bağlamaq kimi addımlar da atmağa cəhdlər göstərdilər. Bu da, öz növbəsində, işsizlik mühiti yaratdı və insanların çətin duruma düşmək təhlükəsi ortaya çıxdı. Ancaq Prezident İlham Əliyevin vəziyyətə vaxtında müdaxilə etməsi və yeni iş yerlərinin yaradılması üçün göstərişlər verməsi, eyni zamanda, sahibkarlara sosial məsuliyyətini xatırlatmasından sonra lokaut proseslərinin qarşısı alındı. Təbii ki, bu prosesin qarşısının alınmasında insanların həyatını düşünən Prezident İlham Əliyev etdi. Amma o da bildirilməlidir ki, bir daha bu cür lokaut hadisələrinin baş verməməsi üçün ali qanunvericilik səviyyəsində addımlar atılmalı idi. Bu da baş verdi...
Beləliklə də, Prezident İlham Əliyevin iyulun 18-də imzaladığı Sərəncamına əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edildi. İyulun 25-də Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarıldı, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edildi.
Məhz əlavə və dəyişikliklərə əsasən, konstitusiyanın 36-cı maddəsində (Tətil hüququ) edilən dəyişikliklə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun (işçilərə təsir göstərmək məqsədilə əmək haqlarının ödənilməsini dayandırmaqla işəgötürən tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması (yaxud istehsal həcminin əhəmiyyətli azaldılması), tətilin analoqu, lakin işçilər tərəfindən deyil, işəgötürən tərəfindən) qadağan edilməsi təklif olunur.
Hazırda Əmək Məcəlləsinin 284-cü maddəsinə əsasən, işəgötürən tərəfindən lokaut elan edilməsinin kifayət qədər məhdud yol verilən halları müəyyən olunub. Həmin məcəlləsinin 285-ci maddəsi işəgötürən tərəfindən lokautun elan edilməsi hallarında işçilərin hüquqlarının müdafiəsini özündə əks etdirir və işçilərin müraciəti əsasında lokautun qanunauyğun elan edilməsi və əsaslandırılması məsələsinə məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Bu hüquq 1996-cı il 3 may tarixli Avropa Sosial Xartiyasında da təsbit edilib. Belə ki, həmin Xartiyanın 6-cı maddəsinin 4-cü bəndinə müvafiq olaraq maraqların toqquşması hallarında işçilərin və işəgötürənlərin əvvəlcədən bağlanmış kollektiv müqavilələrdən irəli gələ biləcək öhdəliklərə riayət etmək şərti ilə kollektiv fəaliyyət hüququ, o cümlədən, tətil etmək hüququ tanınır.
Beynəlxalq təcrübədə lokautla əlaqədar işçilərin müəyyən hüquqlardan yararlana bilmələri ilə bağlı müddəalar mövcuddur. Məsələn, ABŞ-ın əmək qanunvericiliyinə əsasən, lokaut zamanı işçilərin müavinət almaq hüququ var. Lakin işçilərin tətilləri zamanı bu müavinətdən yararlanmaq hüququ məhdudlaşdırılır.
Bir sözlə, sentyabrın 26-da səsverməyə çıxarılacaq Referendum Aktında lokautun qadağan edilməsi təklif olunur. Məhz bununla işəgötürənlər işçilərə təsir göstərmək məqsədilə əmək haqlarının ödənilməsini dondurmaqla, müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması mümkün olmayacaq. Bu da, bir daha Azərbaycanda dövlət siyasətinin əsasında insan amilinin durduğunu isbatlayır.
"Səs" Analitik Qrupu