ANALİTİKA
Rusiya ilə razılaşma, yoxsa terrorla mübarizə faktoru?
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisinə daxil olaraq, Cerablus şəhərini, o cümlədən, onun ətrafını bir gecədə "İŞİD" və "PKK" tərəfdarları olan "PYD" kürd terror qruplaşmalarından təmizləməsi, ümumiyyətlə, bir faktı sübuta yetirdi - dünya birliyinə təsdiq edildi ki, lazım olan təqdirdə bu kimi terror qruplarını, hətta bir gecəyə böyük şəhərlərdən çıxarmaq mümkündür.
Lakin bu məsələ ətrafında bir sıra xarici politoloqlar çox yəqin ki, Türkiyə SQ-nin yüksək nüfuzunu gözdən salmaqdan ötrü bəzi real görünməyən versiyalarla çıxış edirlər. Məsələn, ABŞ və Qərb siyasi təhlilçiləri hesab edirlər ki, Türkiyənin Cerablusa daxil olması arxasında Rusiya ilə bu ölkə arasında olan gizli anlaşmalar mövcuddur və əgər Rusiya bu məsələdə Türkiyəyə dəstək verməsəydi, "İŞİD", "PKK", "PYD" kimi güclər hələ də bu şəhərdə mövcudluqlarını qoruyub-saxlayacaqdılar.
Ancaq bu kimi iddiaların kökündən yanlış olması göz önündədir. Ümumiyyətlə, qardaş ölkənin SQ-nin Cerablus əməliyyatı çərçivəsində iki strateji məqsədinin olması sirr deyil.
1."PKK"-nın Suriya qolu "PYD"-nin bu bölgədə təsirini aradan qaldıraraq gələcəkdəki müstəqil dövləti üçün strateji üstünlük əldə etməsinə imkan verməmək və Qərbin Türkiyəyə qarşı apardığı siyasəti sərhədlərindən kənarlaşdırmaq.
2.Türkiyə bu addımı ilə Rusiyanın, İranın və Suriyanın ümumi düşməni- İŞİD-i zərərsizləşdirərək, regionda aparıcı güc olduğunu isbatlamaq.
Düzdür, Türkiyənin açıq hücum xarakterində terrora qarşı müharibə elan etməsi, ümumilikdə, regiona səmərəsini verərəcəksə də, digər tərəfdən, terrorçuların bu ölkədəki qanlı hadisələr törətmələrinə zəmin yaradır. Lakin terrorla köklü mübarizə üçün başqa çıxış yolu da yoxdur.
Növbəti hədəf Aziz və sonradan İraqın Mosul şəhəridir
Bəlli olan daha bir amil Türkiyənin dayanmaq fikrində olmadığını göstərir. Artıq bu ölkənin Müdafiə Nazirlliyindən, o cümlədən, Baş Qərargahından bldirilir ki, növbəti hədəf Aziz və sonradan İraqın Mosul şəhəridir.
Maraqlı məqamlardan biri də bir müddət öncə, İraq hökumətinin "İŞİD"-lə mübarizədə Rusiyanın qırıcı və bombardmançı təyyarələrinə hava yolu təqdim etməyə hazır olması barədə verdiyi bəyanatlarıdır. Ümumiyyətlə, mürəkkəb siyasi hadisələr çərçivəsində regionda ölkələr arasında müəyyən anlaşmaların yaranması nəticə etibarilə müsbət nəticələrini verməkdədir.
"İŞİD" və s. terrorçu güclərə qarşı koalisiyada birləşən Qərb dünyası öz mübarizəsində qeyri-səmimi görünüb
Maraqların uzalaşması, eyni zamanda, Yaxın Şərq xəritəsinə yenidən baxılması zərurətini gündəmə gətirir. Bu gün Suriyada Bəşər Əsəd iqtidarını beynəlxalq qanunlar çərçivəsində leqal hakimiyyət kimi qəbul edən ölkələrlə Əsədə qarşı döyüşən mülayim müxalifətə - Azad Suriya Ordusuna (ASO) dəstək göstərən Türkiyə arasındakı anlaşmalar da belə nəticəyə gəlməyə zəmin yaradır. Hər halda, baş verənlər bölgədə yeni sülhün yaranmasına hesablanmış addımdır və görünən də budur ki, bir neçə ildir "İŞİD" və s. terrorçu güclərə qarşı koalisiyada birləşən Qərb dünyası öz mübarizəsində qeyri-səmimi görünüb. Əbəs yerə deyil ki, həmin koalisiyaya bu və ya digər şəkildə dəstək göstərmiş Türkiyə indi tamamilə mövqeyini dəyişməli olub. Bunu isə son günlər Türkiyə-İran-Rusiya-Suriya arasındakı mövcud bağlantılar yetərincə təsdiq edir.
Rövşən NURƏDDİNOĞLU