Prezident İlham Əliyev: "42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcəkdir"
Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Həm idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. 2015-ci ildə I Avropa Oyunlarının, bu il "Formula-1" yarışlarının keçirilməsi, həmçinin, gələn il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır. Elə sentyabrın 2-də start götürəcək 42-ci Ümumdünya Şahmat Olimpiadası da bu baxımdan istisna deyildir.
Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq.
Məlumat üçün bildirək ki, 2014-cü ilin fevralında Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Olimpiadanın keçirilməsi üçün Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yaradılıb. Təşkilat Komitəsi bütün aidiyyəti qurumlarla birgə fəaliyyəti nəticəsində "Baku Crystal Hall" bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib. Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, təşkilati işlər peşəkarlıqla həyata keçirilib. Eyni zamanda, nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün Prezident İlham Əliyevin imzaladığı Sərəncam sayəsində sadələşdirilmiş viza rejimi tətbiq olunub. İdmançıların təhlükəsizliyinin təmin olunması üçün də bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib. Olimpiadanın açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq. Yarışlara isə sentyabrın 2-də saat 15:00-da start veriləcək.
Həmçinin, Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.
Prezident İlham Əliyev də, öz növbəsində, 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına uğurlar arzulayıb. Dövlət başçısı Olimpiada iştirakçılarına ünvanlandığı məktubda deyib ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkan yaradacaq: "Ümumdünya Şahmat Olimpiadasının bu günlərə təsadüf etməsi, həqiqətən də, əlamətdar hadisədir. Rio de-Janeyro Olimpiadasının zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir.
Tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilmişdir. Azərbaycan klassiklərinin əsərlərində və orta əsr miniatürlərində şahmat oyunu ilə bağlı süjetlər dolğun şəkildə öz əksini tapmışdır. Təqdirəlayiqdir ki, Avropa səyyahlarının xatirələrində Azərbaycanda bu oyunun geniş yayılması və hətta qadınların belə, şahmat oynaması haqqında ətraflı məlumatlar verilmişdir.
XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter almış, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlamışdır. İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman növü kimi daha geniş vüsət almasına təkan vermişdir. Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır. İnanıram ki, bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcəkdir. Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcəkdir".
Bütün bunları nəzərə alaraq, demək olar ki, Bakı Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Azərbaycan idman ictimaiyyəti də bütün idmançılarımızdan - həm kişilər, həm də qadınlardan ibarət intellektual səviyyəli komandalarımızdan uğurlu çıxış və yüksək nəticələr gözləyir.
"Səs" Analitik Qrupu