PDF Oxu

Araşdırma

  • 4 082

Azərbaycanda pambıqçılığın zəngin ənənələri bərpa edilir

Azərbaycanda pambıqçılığın zəngin ənənələri bərpa edilir

Prezident İlham Əliyev: "Gələn il 7 min hektarda ən azı 14 min insan işləyəcək, pul qazanacaq və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də, ümumi işimizə də töhfə verəcək"

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir müddət ölkədə yaranmış hərc-mərclik, bütün sahələr kimi, kənd təsərrüfatına da mənfi təsirini göstərdi. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən "ağ qızıl" istehsalı da tədricən unuduldu. Texnika, mineral kübrələr və məhsulu satmaq üçün bazar olmadığından, pambıqçılığa olan maraq ildən-ilə zəiflədi. Bundan sonra zavodların istehsal gücü azaldıldı və bu məhsulun bazarında durğunluq yarandı. Lakin Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, ölkənin bütün sahələrində olduğu kimi, aqrar sektorda da canlanma başladı. Kənd təsərrüfatının ayrı-ayrı sektorlarında olduğu kimi, pambıqçılıqda da irəliləyişlər müşahidə edildi. Məhz, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində "ağ qızıl"ın istehsalı sahəsində dönüş yarandı. Xüsusilə də, dövlət başçısı İlham Əliyevin son tapşırıqlarından sonra bu sahədə ciddi nailiyyətlər əldə olunur. Elə ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrində olarkən, bir daha bu sahədə əldə olunan nailiyyətləri əyani şəkildə gördük.

Dövlətimizin başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verib. 2017-ci ildə respublikamızda pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30 sentnerə çatdırılmalıdır. Salyan rayonunda da aqrar bölmənin ənənəvi sahələrindən biri olan pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. 2016-cı ildə rayonun 16 kəndində 2168 hektar sahədə pambıq əkini aparılıb. Gələn il Salyanda 7 min hektarda pambıq əkilməsi planlaşdırılır.

Pambıqçılarla söhbət edən Prezident İlham Əliyev deyib ki, 1970-ci illərdə Azərbaycanda ildə bir milyon ton pambıq yığılırdı və işçilər də razı idi, iş də gedirdi. Pambıqçılar yaxşı pul da qazanırdılar. Ondan sonra yavaş-yavaş azalma başladı: "Keçən il cəmi 30 min ton pambıq yığılmışdır. İndi 24 rayonda yeni proqram icra edilir, o cümlədən, Salyan rayonunda pambıq sahələri genişləndirilib. 2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var idisə, bu gün artıq 2200 hektarda pambıq əkilib. Gələn il, bu, 7 min hektara qalxacaq. Bütün bu sahələr yeni sahələrdir. Şoranlaşmış torpaq idi. Görülən operativ tədbirlər nəticəsində, indi 120 hektarda pambıq əkilib. Yaxın günlərdə yığım başlanacaq.

İndi dövlət xətti ilə yeni texnikanın da alınması təmin edilir. Biz bu məqsədlər üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, bu iş daha geniş vüsət alsın, ölkəmizin inkişafı təmin edilsin və yeni iş yerləri yaradılsın. Çünki pambıq tarlalarında çoxsaylı iş yerləri yaradılır. Hər hektardan orta hesabla iki nəfər işləyir. Gələn il 7 min hektarda ən azı 14 min insan işləyəcək, pul qazanacaq və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də, ümumi işimizə də töhfə verəcək".

Bütün bunlar, bir daha sübut edir ki, bu strateji məhsulun inkişafı yenidən dövlətin diqqət mərkəzindədir və "ağ qızıl"ın əvvəlki şöhrəti qaytarılır. Xüsusilə də, Milli Məclisdə "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul olunması ölkədə pambıqçılığın, yüngül sənayenin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi-təşkilati və iqtisadi zəmin yaratmaqdır.

Bununla da, ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində də əsaslı dönüş yaranacaq. Çünki Aran zonasında yaşayanlar pambığın necə qiymətli bitki olduğunu çox yaxşı bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, dövlət başçımızın digər sahələr kimi, pambıqçılığın da inkişafının zəruriliyini qeyd etməsi və bununla əlaqədar qarşıya konkret vəzifələr qoyması məndə bu sahədə əsaslı dönüş yaranacağına böyük inam yaratdı. Ölkə başçısı bildirmişdi ki, kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını geinşləndirməliyik, ilk növbədə, pambıqçılığı. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur.

Pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Bu məhsula dünyada böyük ehtiyac var. Pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Pambığa dünya bazarında həmişə tələbat olub. Pambıqçılığın inkişaf etdirilməsi işsizlik probleminin aradan qaldırılmasında böyük rol oynayacaq. Bu sahənin daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasına kömək edəcək. Bu da, yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən, əvvəllər ölkəmizdə fəaliyyət göstərən, son illər isə pambıq istehsalının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandıran müəssisələr yenidən bərpa olunacaq. Pambıq məhsullarından həm də yeyinti sənayesində istifadə olunur. Ölkənin ərzaq təhlükəsizliyi həmişə dövlətin nəzarətində saxlanılmaqla tənzimlənir. Bu baxımdan, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da qəbul olunmuşdu. Bildiyiniz kimi, pambıq texniki bitki olsa da, onun toxumundan-çiyiddən, emal olunmaqla, ərzaq üçün pambıq yağı və heyvandarlıq üçün qüvvəli yem istehsal olunur. Yüksək səviyyədə rafinə olunmuş pambıq yağı və digər məhsullar daxili və xarici bazarlarda satılır.

Göründüyü kimi, əkin sahələrini genişləndirmək və məhsuldarlığı artırmaq üçün bütün imkanlardan istifadə edilir. Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Prezident İlham Əliyev demişdi: "Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək-keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən, suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik. 1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi, keçən il 18 min hektar. Ona görə, məhsuldarlığın artırılması və əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri öz həllini tapmalıdır və biz bu il 100 min ton pambıq gözləyirik. Ancaq bir il ərzində, gələn ilin əkininə qədər bütün lazımi tədbirlər görülməlidir ki, 2017-ci ildə, – mən indi rəqəm demək istəmirəm, – Azərbaycanda 100 min tondan bir neçə dəfə çox pambıq yığılmalıdır. Pambıq satılacaq, ölkəmizə lazım olan valyuta gələcəkdir".

"Səs" Analitik Qrupu

Digər xəbərlər