PDF Oxu

Araşdırma

  • 2 538

"Mən yalana artıq cavab verdim"

"Mən yalana artıq cavab verdim"

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Prezident İlham Əliyevdən Sarkisyana sillə kimi cavab

"Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib"

Xəbər verildiyi kimi, sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Bütün tədbirlərdə olduğu kimi, bu dəfə də erməni xisləti özünü göstərib. Belə ki, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.

Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Prezident İlham Əliyev Belarus Prezidentindən xahiş etdi ki, ona danışmaq üçün imkan versin. Belarus Prezidentinin razılığından sonra çıxış edən Prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verərək dedi: "Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə, bunu şərh etməyi özümə borc saydım. Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən, tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri, məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.

Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var – BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir.

Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk Qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim".

Serj Sarkisyan: Yalana cavab verməyin, sadəcə, mənası yoxdur.

İlham Əliyev: Mən yalana artıq cavab verdim.

Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə də ermənilərin tutarlı cavabını verib. Əgər xatırlayırsınızsa, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq Tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunan sammitdə də Ermənistan preidentinə sillə kimi cavab vermişdi. O zaman çıxışında Türkiyə əleyhinə danışmağa cəhd etmiş Sarkisyana Prezident İlham Əliyev demişdi ki, "Təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək, Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: "Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".

Göründüyü kimi, Prezident İlham Əliyev bütün səviyyələrdə nəinki Ermənistanın, hətta Azərbaycana dil uzatmağa çalışan bütün dövlət və hökumət nümayənlərinin, erməni lobbisinin təsiri altında olan siyasətçilərin, jurnalistlərin cavablarını yerindəcə verməyə hazırdır. Bununla Azərbaycanın milli maraqlarını qoruyan Prezident İlham Əliyev hər bir azərbaycanlıya örnək və nümunə olur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər