PDF Oxu

Araşdırma

  • 3 402

Qeyri-neft sektorunun perspektiv inkişafında aqroparkların rolu

Qeyri-neft sektorunun perspektiv inkişafında aqroparkların rolu

Prezident İlham Əliyev: "Bu aqrokompleksdə bizim siyasətimiz əksini tapır. Çünki bizim indi iqtisadi inkişafla bağlı prioritetlərimiz bəllidir"

Azərbaycanda aqrar və emal sənayesinin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bununla əlaqədar Prezident İlham Əliyev bir çox sənədlər imzalayıb, eyni zamanda, Milli Məclisdə müvafiq qanunlar qəbul olunub. Çox aydın başa düşülür ki, aqrar-sənaye komplekslərinin yaradılması, aqrar parkların təşkili kənd təsərrüfatının müasir və perspektiv inkişaf şaxələrini təşkil edir. Bu layihələrin həyata keçirilməsi qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də, aqroparkların yaradılması müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin istifadəyə verilməsinin əsas komponentlərindəndir.

Aqroparklar kənd təsərrüfatının, emal və aqrar sənayesinin tamamilə yenidən qurulmasını əhatə edir. Aqrar sektorun sahibkarlıq potensialının inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafına əlverişli mühitin formalaşdırılması ilə yanaşı, texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların və innovasiya zonalarının yaradılması da nəzərdə tutulur.

Aqroparkların əsas hədəflərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin tətbiqinın həyata keçirilməsidir. Respublikamızda ərzaq təhlükəsizliyi sahəsində beynəlxalq standartların qəbul edilməsi və yeni milli standartların inkişaf etdirilməsi nəzərdə tutulur. Bunun üçün dövlət proqramına daxil olan meyarlara uyğun tədbirlər görüləcək, özəl qurumların təşəbbüsü ilə ərzaq təminatının gücləndirilməsinə dair mikrolayihələr həyata keçiriləcək. Məqsəd Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən və xüsusilə də, aqrar biznesdə rəqabətin artırılmasına, ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şərait yaratmaq, yeni məhsulların istehsalını və bazar əlaqələrini inkişaf etdirmək, mülkiyyətçilərin maliyyə xidmətlərinə çıxışını artırmaqdır. Elə bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Yalama Aqroparkı qarşıya qoyulmuş vəzifələr baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində "Yalama" Südçülük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, süd emalı zavodu tikilməli, kərə yağı və pendir istehsalı təşkil edilməlidir: "Hesab edirəm ki, biz indiki nailiyyətlərlə kifayətlənməməliyik. Biz bu aqroparkın fəaliyyətini genişləndirməliyik. Mənə verilən məlumata görə, bu kompleksə 20 milyon manat investisiya qoyulub. Həm özəl sektor tərəfindən, eyni zamanda, dövlət də kömək göstərib. Bu da Azərbaycanda son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət və özəl sektor tərəfdaşlıq formatında əməkdaşlıq edir. Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır. Biz təqribən 1000 hektar əlavə torpağı dövriyyəyə cəlb etməliyik. Burada süd emalı zavodu tikilməli, xüsusilə, kərə yağı və pendir istehsalı təşkil edilməlidir. Çünki baxmayaraq çox işlər görülür, əfsuslar olsun ki, hələlik, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik. Ancaq etməliyik. Düzdür, indi Azərbaycan şirkətləri xaricə də süd məhsullarını ixrac etməyə başlayıblar. Ancaq biz istəyirik ki, ilk növbədə, özümüzü 100 faiz təmin edək, ondan sonra ixrac potensialı daha da artacaq. Ona görə də, burada çox böyük süd emalı zavodu tikilməlidir və prinsipcə, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik. Biz buna yaxınlaşırıq. Belə aqrokomplekslərin yaradılması bu məqsədə çatmaq üçün yeni imkanlar yaradır".

Qeyri-neft sektorunun inkişafına diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, bu aqrokompleksdə bizim siyasətimiz əksini tapır. Çünki bizim indi iqtisadi inkişafla bağlı prioritetlərimiz bəllidir. Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə, ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik.

Növbəti açılış mərasiminin Şəmkir rayonunda olacağını vurğulayan Prezident İlham Əliyev deyib: "Orada da böyük aqropark tikilir. Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda, biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik".

"Səs" Analitik Qrupu

Digər xəbərlər