PDF Oxu

Araşdırma

  • 2 699

Dünyada benzinin qiyməti sürətlə artmaqdadır

Dünyada benzinin qiyməti sürətlə artmaqdadır

Dövlət vətəndaşlara zərər dəyməsin və benzin qıtlığını hiss etməsin deyə özü ziyana getdi, amma bununla belə vətəndaşlar bilməlidirlər ki, Azərbaycanda benzin çox ucuzdur

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb. Belə ki, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədə olacaq. Nazirlər Kabineti, həmçinin, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib. Bu qərar da avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.

Məsələ ilə bağlı açıqlama verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyat edib: "Biz hökumətdən xahiş etdik və 30 min tona yaxın benzin gətirdik. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədəki benzinə olan tələbatı tam ödədik. Əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub".

Göründüyü kimi, dövlət vətəndaşlara zərər dəyməsin və benzin qıtlığını hiss etməsin deyə özü ziyana gedib. Amma bununla belə vətəndaşlar bilməlidirlər ki, Azərbaycanda benzin çox ucuzdur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev onu da bildirib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: "Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də, heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir".

"Qlobal Neft Prices" 2016-cı ildə dünya ölkələrində benzinin qiymətlərinin siyahısını yayıb. Həmin siyahıya görə, benzinin litrinin qiyməti Honq Konqda 1,82, Hollandiyada 1,67, Norveçdə 1,63, Monakoda 1,58, Danimarkada 1,57, İtaliyada 1,56, İsraildə 1,52, Yunanıstanda 1,51, Portuqaliyada, İsveçdə 1,49, İngiltərədə və İslandiyada 1,48, San-Marinoda, Finlandiyada 1,47, Fransada 1,40, Türkiyədə və Almaniyada 1,37, Braziliyada, Çində, Hindistanda, İraqda, Özbəkistanda və digər ölkələrdə 1 dollar səviyyəsindədir. Xüsusilə də, son aylar nəticəsində dünya səviyyəsində dolların qiymərinin 2 dəfəyədək yüksəlməsi adıçəkilən ölkələrdə benzinin də qiymətinin artmasına gətirib çıxarıb. Lakin Azərbaycanda bu gün benzinin qiyməti dünya səviyyəsilə müqayisədə çox aşağıdır: təxminən 0,50 dollar civarındadır.

Bu gün Azərbaycanda benzinin qiyməti Səudiyyə Ərəbistanı, Qətər, İran, Qazaxıstan, Bəhreyn və Malayziya - yəni dünyanın ən iri neft hasilatçıları olan ölkələrdəki qiymətlərlə təxminən eynilik təşkil edir, hətta bir qədər də aşağıdır. Məsələn, Səudiyyə Ərəbistanı və Qətərdə neftin qiyməti 0,55-0,60 dollar səviyyəsindədir.

Göründüyü kimi, Azərbaycanda benzin dünya ölkələrilə müqayisədə çox ucuzdur. Bunu isə, əlbəttə ki, dövlətin atdığı addımlar nəticəsində etmək mümkün olmuşdur. Bu baxımdan da, müəyyən dairələrin spekulyasiları əsassızdır və reallığı əks etdirmir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər