PDF Oxu

Araşdırma

  • 3 750

Təhsilə qoyulan sərmayə perspektivə yatırılmış kapitaldır

Təhsilə qoyulan sərmayə perspektivə yatırılmış kapitaldır

Prezident İlham Əliyev son bir neçə gündə 10-a yaxın təhsil ocağının əsaslı şəkildə təmir edilməsindən sonra açılışını etmişdir

Məlum olduğu kimi, Azərbaycanda 15 Sentyabr Bilik Günü münasibətilə onlarla təhsil ocağının əsaslı şəkildə təmir edildikdən sonra təhsil ictimaiyyətinin istifadəsinə verilməsi mərasimləri ənənə halını alıb. Elə bu il də Prezident İlham Əliyevin iştirakı ilə təkcə Bakı şəhərində 58, 109, 229, 245, 247, 265, 261 saylı məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Əlbəttə ki, bütün bu işlər dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq əsaslı təmir işləri görülür.

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin, fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu təhsil siyasətinin ötən illərdə ölkə Prezidenti İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməsi nəticəsində, təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilib. Həmin məqsədlə ölkəmizdə son illərdə 3000-ə yaxın məktəb binası tikilib və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında aparılmış islahatlar, görülmüş tədbirlər, qazanılmış nəticələr bundan sonrakı illər üçün də dərin nikbinlik yaradır. Əgər 2003-cü ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat səviyyəsində idisə, hazırda bu rəqəm 2 milyard manata qədər yüksəlib. İnvestisiya xərcləri isə 2004-cü ildəki 5 milyondan 500 milyon manata qədər çatıb.

Bu dövr ərzində qəbul olunmuş dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi əsas istiqamətlərdən idi. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında əksini tapdı. Ölkə üzrə məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində, 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Məktəbli uşaqların dərsliklərlə tam təmin edilməsi problemi artıq həll olunub. Prezident İlham Əliyev bu problemin aradan qaldırılmasını Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramına daxil etdi. Proqramın qəbulundan sonra ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirildi. Azərbaycan müstəqillik əldə etdikdən sonra postsovet məkanında orta məktəb şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təminatını reallaşdıran yeganə ölkə oldu. Dərsliklərin dövlət hesabına nəşri üçün hər il milyonlarla manat sərf olunur.

Təhsil Nazirliyi tərəfindən hazırlanan "Ümumtəhsil məktəblərinin dərsliklə təminatı Proqramı (2006-2015-ci illər)" çərçivəsində hər il dərsliklər yeni tədris proqramlarına uyğun yenilənir və çap olunaraq, məktəblərə pulsuz paylanır. Ötən illər ərzində Azərbaycan və rus dillərində, ümumilikdə, 40 milyondan çox dərslik çap edilərək məktəblilərin istifadəsinə verilib. Gürcüstandakı azərbaycanlılar da dərs ləvazimatı ilə pulsuz təmin edilib. Dağıstanın Azərbaycan məktəblərinə, səfirliklər vasitəsi ilə Amerika, Hollandiya, Macarıstan, İngiltərə, Kanada, Rusiya, Ukrayna, Belarus, Almaniya və Orta Asiya respublikalarında fəaliyyət göstərən "Bazar günü" məktəblərinə də hər il dərslik və dərs vəsaitləri göndərilir.

Bir sözlə, neft kapitalını insan kapitalına çevirməyi strateji hədəf kimi qarşıya qoyan Prezident İlham Əliyev qısa zamanda Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasını təhsil siyasətinin prioritetlərindən birinə çevirdi. Təhsil sistemində yaradılan sağlam, şəffaf mühit onu deməyə əsas verir ki, Prezidentin sərəncamları ilə Azərbaycan təhsili inkişaf etmiş ölkələrin göstəriciləri səviyyəsinə yüksələcək. Ölkə rəhbərinin milli təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, həm də onu deməyə əsas verir ki, Azərbaycan təhsili neft kapitalının insan kapitalına çevrilməsi üçün öz müstəsna rolunu şərəflə yerinə yetirəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər