Yaxud anti-azərbaycançı qüvvələrin siyasi sifarişli hesabatlarla Azərbaycanın uğurlarına kölgə salmaq cəhdləri baş tutmayacaq
Bu gün Azərbaycanın regionda lider dövlətə çevrilməsi, mühüm, əhəmiyyətli layihələrin iştirakçısı və təşəbbüsçüsü qismində çıxış etməsi hər kəs tərəfindən təsdiqlənir, qəbul edilir. Müxtəlif nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət və hökumət başçıları, ekspertlər Azərbaycanın müstəqillik illərində güclü dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları, hazırkı dövrdə dinamik inkişafını xüsusi vurğulayırlar. Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik ABŞ və Qərbin ermənipərəst və islamofob dairələrini narahat edir. ABŞ və Qərbin anti-Azərbaycan dairələri hər dəfə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər.
Çox təəssüflər olsun ki, ABŞ-ın bəzi "beyin mərkəzləri" Azərbaycanı hədəf seçirlər. Onlar Azərbaycanda olmayan və baş verməyən hadisələri ssenariləşdirib ictimai fikri manipulyasi etmək məqsədilə dövriyyəyə buraxırlar. Amma başa düşmürlər ki, "yalan ayaq tutaq, amma yeriməz". Çünki ABŞ özündə bu gün belə milli-dini və etnik zəmində problemlər qalmaqdadır. Məhz son vaxtlar ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamofobiya təzahürləri güclənib. Bu ölkədə milli-dini və etnik zəmində baş verən münaqişələrin miqyası gündən-günə genişlənərək, qarşısıalınmaz prosesə çevrilir, kriminogen vəziyyət ağırlaşır. İş o yerə çatıb ki, bu ölkənin tanınmış ekspertləri ABŞ-da son illər silah satışının artmasını qanunsuzluğun və quldurluğun baş alıb getdiyi bir şəraitdə özünüqoruma tədbiri kimi qiymətləndirirlər. Görəsən, öz vətəndaşının hüquqlarına biganə münasibət göstərən ABŞ-ın dünyanın ayrı-ayrı ölkələrində "insan haqlarının", "vətəndaş cəmiyyətinin" təəssübkeşi kimi çıxış etməsi nə qədər səmimi görünür?
Bütün dünyaya özünü "demokratiyanın beşiyi" qiyafəsində sırımağa çalışan ABŞ-da insan hüquqlarının tapdanması, polis özbaşınalığı artıq adi hala çevrilib. Bir müddət bundan əvvəl Fergü sonda baş verən hadisələr, istərsə də Los-Anceles dairəsində yerləşən Skid-Rou rayonunun mərkəzində polislərin evsiz adamı səbəbsiz yerə sərib güllələməsi, Madison şəhərində silahsız qaradərili gəncin polis əməkdaşının açdığı atəş nəticəsində öldürülməsi deyilənlərin əyani sübutu idi. O zaman "The New York Times" qəzeti yazırdı ki, Staten Island yaşayış məntəqəsində Deniel Pantaleo adlı polis 6 uşaq atası olan 43 yaşlı Erik Harneri qanunsuz siqaret satdığına görə həbs etmək istəmişdi. Polis Afrika əsilli vətəndaşı kobudcasına boğub. Nəticədə, astma xəstəliyindən əziyyət çəkən Erik Harner elə hadisə yerindəcə vəfat etmiş, bu cinayəti törədən həmin polis isə qısa müddətdən sonra azadlığa buraxılmışdı. İnsan hüquq və azadlıqlarının pozulmasına etiraz edən on minlərlə insan üzərində Erik Harnerin ölümündən qabaq dediyi "mən nəfəs ala bilmirəm" sözləri yazılan plakatlarla küçə və meydanlara axışaraq, etiraz aksiyaları keçirdilər. ABŞ vətəndaşı olan qaradərili siyasətçilərdən biri isə Erik Harnerin dediyi həmin ifadəyə siyasi məzmun vermişdi: "İnsan haqlarının pozulduğu ölkədə nəfəs almaq mümkün deyil!". Bu hadisələrdən sonra BMT-nin İnsan Hüquqları üzrə Komitəsi ABŞ-ı Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarına əməl etməməkdə günahlandırmışdır. Britaniyalı professor Naycel Rodlinin başçılıq etdiyi komitə isə Vaşinqtonu sosial şəbəkələrə qanunsuz nəzarət etməkdə ittiham edərək, bunu insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirmişdi.
Maraqlıdır ki, dünyaya demokratiya dərsi keçməyə çalışan ABŞ insan haqları ilə bağlı 13 beynəlxalq konvensiyadan 9-na qoşulmayıb. Bu gün "demokratiyanın beşiyi" olan ABŞ-da dini dözümsüzlük də elə dözülməz həddədir. Bu ölkədə anti-müsəlman islamofobiya meyilləri gündən-günə artır. Bir müddət bundan əvvəl, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsindən sonra Texasdakı Müsəlman Mərkəzi yandırıldı. Hazırda uydurma "islam terrorizmi" və "islam fundamentalizmi" ABŞ rəsmilərinin tez-tez işlətdikləri ifadəyə çevrilib.
Bununla yanaşı, ABŞ bir çox ölkəyə demokratiyaya dəstək adı ilə müdaxilələr edib. BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxiləsi nəticəsində yaranıb. Çünki ABŞ və onun Avropadakı müttəfiqləri zaman-zaman müstəqil ölkələrin daxili işlərinə qarışır, sabit cəmiyyətlərdə qarışıqlıq salır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir. ABŞ bununla bütün dünyaya bəyan edir ki, həqiqət hər zaman güclünün tərəfindədir. Rəsmi Vaşinqtonun imperiya siyasəti nümayiş etdirir ki, beynəlxalq hüquq işləmir, diktat siyasəti bütün dünyaya hakimdir.
Bütün bunlar göstərir ki, birqütblü dünyanın idarəçiliyi missiyasını öz üzərinə götürən ABŞ-da bütün bəşəri dəyərlər ayaqlar altına atılır, dini, irqi ayrı-seçkilik, rasizm, anti-müsəlman meyilləri gündən-günə güclənir. Ksenofobiyanın və dözümsüzlüyün ən iyrənc formalarından olan islamofobiya isə, artıq bu ölkədə dövlət siyasətinin bir parçasına çevrilib.
Əlbəttə ki, biz ABŞ-ın eyiblərini açıb göstərməklə onlara "öz gözündəki tiri gör" deyirik. Nə ABŞ-ın, nədə ki, Qərbdəki digər anti-azərbaycançı dairələrin təxribatları, çirkin oyunları, "qara-piar" kampaniyaları" nəticə verəcək. Çünki Azərbaycanda legitim hakimiyyət mövcuddur, xalq hər zaman Prezidentini və dövlətini dəstəkləyir. Belə olan təqdirdə, heç bir təsir və təzyiq Azərbaycanı öz müstəqil yolundan döndərə bilməyəcək.
"Səs" Analitik Qrupu