Avropa Şurasının Venesiya Komissiyasının referendumla bağlı qərəzli rəyini açıqlaması bu hücumun ilkin mərhələsidir
Əli Həsənov: "Bütün bunlar bir mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir və referendumla bağlı Azərbaycan hakimiyyətinin siyasi mövqeyinə, xalqın iradəsinə təsir göstərmək məqsədi daşıyan sifarişli kampaniyadır"
Azərbaycanın sürətli inkişafı sosial-iqtisadi sahələrlə yanaşı, ölkənin siyasi-hüquqi sisteminin də təkmilləşməsinə yol açıb. Etiraf edilməlidir ki, Azərbaycanda bütün məsələlər qanun çərçivəsində tənzimlənir, hakimiyyət bölgüsü qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında tarazlılığı təmin edir. Bununla yanaşı, Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq və digər azadlıqlar təmin olunub, yüzlərlə KİV, QHT, onlarla siyasi partiya fəaliyyət göstərir, ictimai-siyasi proseslərdə fəallıqları ilə seçilir, öz mövqelərini açıq şəkildə ortaya qoyurlar. Azərbaycanda islahatlar genişləndirilməklə insanların hüquq və azadlıqlarının qorunması, təminatı keyfiyyətcə yeni mərhələyə yülsəldilir. Elə sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi bu baxımdan da qiymətləndirilməlidir.
Konstitusiya İslahatları son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Bu təşəbbüs dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlib. Lakin görünür, Azərbaycanın vaxtında təhdidləri görərək, onlardan yan keçmək üçün lazımi addımlar atması bəzi qərəzli dairələri ciddi narahat etməkdədir. Çünki artıq bəzi xarici dairələrin davranışı, onu deməyə əsas verir ki, hər dəfə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşan və ölkəmizi hədəfə götürən qüvvələr bu dəfə də Azərbaycana xüsusi münasibətlərini büruzə verirlər. Elə sentyabrın 20-də Avropa Şurasının Venesiya Komissiyasının referendumla bağlı qərəzli rəyini açıqlaması söylənilənlərin əyani sübutudur.
Məlumat üçün bildirək ki, adətən - Venesiya Komissiyası tez bir zamanda hər hansı qanun layihəsinə rəy yazmır və qarşı tərəfin də mövqeyini öyrənir. Ancaq bu dəfə referendum layihəsi ilə bağlı bütün prosedurlar pozulub və AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində tələm-tələsik rəy hazırlanaraq yayılıb. Bununla da Azərbaycan tərəfi öz mövqeyini bildirmək hüququndan məhrum edilib.
Venesiya Komissiyasının fəaliyyəti haqda məlumatlı olan hər kəsdə belə təəssürat yaranır ki, qurum bu rəyi yalnız siyasi sifariş əsasında hazırlayıb. Referendum Aktının layihəsi ilk dəfə iyulun 18-də dərc edilib və eyni vaxtda Konstitusiya Məhkəməsinə təqdim olunub. İyulun 18-dən 26-dək hamının, Azərbaycan Respublikasının hər bir vətəndaşının, hər bir təşkilatın layihəyə dair irad və təklif vermək hüququ olub. Lakin AŞPA sədrinin sorğusu nə həmin müddətdə, nə də avqustda deyil, referenduma cəmi 20 gün qalmış Venesiya Komissiyasına ünvanlanıb. Referenduma 20 gün qalmış Venesiya Komissiyasına bununla bağlı sorğunun göndərilməsi və iki həftə ərzində belə şübhəli rəyin hazırlanması yalnız siyasi sifariş kimi izah oluna bilər.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məsələ ilə bağlı mətbuata müsahibəsində bildirib ki, Venesiya Komissiyasından dərhal sonra BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi hesabat açıqlayaraq, Azərbaycanı hədəfə götürüb və ola bilsin ki, qarşıdan gələn bir neçə gün ərzində başqa təşkilatlar və məlum xarici QHT şəbəkəsi hansısa bəyanatlar versinlər və hesabatlar açıqlasınlar: "Hesab edirəm ki, bütün bunlar bir mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir və referendumla bağlı Azərbaycan hakimiyyətinin siyasi mövqeyinə, xalqın iradəsinə təsir göstərmək məqsədi daşıyan sifarişli kampaniyadır. Düşünmürəm ki, bu cəhdlər hansısa səmərə versin. Azərbaycan hakimiyyəti xalqın maraqlarından çıxış edir, onun qarşısında məsuliyyət daşıyır və öz siyasətini davamlı inkişaf, sosial rifah, dövlətçiliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, problemlərin milli maraqlar çərçivəsində həlli və digər bu kimi meyarlar üzərində qurur. Azərbaycan xalqı da Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti hərtərəfli dəstəkləyir və öz liderinin arxasınca gedir. Buna görə də Azərbaycanı düzgün inkişaf yolundan çəkindirməyə hesablanmış bütün cəhdlər iflasa məhkumdur".
"Səs" Analitik Qrupu