Yaxud BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst ermənipərəst qüvvələrin siyasi sifarişini həyata keçirir
Əli Həsənov: "Hesabatda və xüsusi məruzəçinin məntiqində ziddiyyətlər, qeyri-dəqiqlik, faktların təhrif olunması halları o qədər çoxdur ki, bu, cənab Forstun ekspert kimi səriştəliliyini ciddi şübhə altına qoyur"
Bu gün, sözün həqiqi mənasında, Azərbaycan dünyada siyasi və sosial-iqtisadi sahələrdə ciddi nailiyyətlər əldə etmiş ölkə kimi qəbul edilir. İnsan hüquqlarının yüksək səviyyədə təmin edilməsi, qorunması, vətəndaş cəmiyyətinin inkişafı, insanlararası münasibətlərin stabil formada davam etməsi, xalq-dövlət birliyinin hər gün daha da möhkəmlənməsi, demokratik dəyərlərin cəmiyyətin fəaliyyətində daimi əks olunması Azərbaycanın müasir, inkişaf etmiş ölkə kimi diqqət mərkəzinə gətirir. Bu səbəbdəndir ki, Azərbaycan daim anti-milli qüvvələrin təxribatı, çirkin siyasəti ilə qarşılaşır. Məhz 26 sentyabr tarixində keçiriləcək referendum ərəfəsində ermənipərəst qüvvələrin siyasi sifarişlərini yerinə yetirən bəzi dairələrin reallıqdan uzaq sayıqlamalarına, ittihamlarına məruz qalması deyilənlərin əyani sübutudur. Elə BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun qurumun Azərbaycan ilə bağlı hesabatında qərəzli yanaşma nümayiş etdirməsi də eyni prizmadan qiymətləndirilməlidir.
Çünki hər bir beynəlxalq təşkilatın, xüsusilə də, BMT kimi ali qurumun hesabatı müstəqil şəkildə hazırlanmalı, balanslı olmalı, dəqiq və yoxlanılmış faktlara əsaslanmalı, istənilən sahə ilə bağlı həm müsbət, həm də mənfi məqamlar nəzərə alınmalıdır. Təəssüf ki, Mişel Forstun məruzəsində balans gözlənilməyib, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı "faktlar" araşdırılmayıb, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməyib və nəzərə alınmayıb. "Freedom House" kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin "hesabatlarında" əksini tapmış mülahizələr olduğu kimi, həmin sənədə köçürülüb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata müsahibəsində məsələyə münasibət bildirərək, deyib ki, insan hüquqlarından danışarkən, xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi. Lakin təəssüflə qeyd etməliyəm ki, ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılıb: "Təsadüfi deyil ki, mətbuat konfransında cənab Forst öz mandatını əsas gətirərək, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi və onun nəticələrinə toxunmayacağını bəyan edib. Bu da onun Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir. Burada söhbət mandatla müəyyən olunmuş səlahiyyətlərdən deyil, Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış humanitar vəziyyətin ümumi duruma mənfi təsirindən gedir ki, bu məqam da beynəlxalq hüquq məsələləri ilə məşğul olan hər bir şəxsin, xüsusilə də, BMT-nin məruzəçi missiyasını yerinə yetirən rəsmi nümayəndənin diqqətində olmalıdır".
Beynəlxalq səviyyədə ali qurum kimi qəbul edilən təşkilatın hesabatını təqdim edən Forst, çox təəssüflər olsun ki, ermənipərəst qüvvələrin təsiri altına düşüb. Əgər belə olmasaydı, o, Ermənistanla bağlı analoji hesabatında bu ölkədəki vəziyyəti az qala İsveçrə, Almaniya və ya Fransa ilə bir səviyyəyə çatdırmazdı. Hər kəs çox yaxşı bilir ki, bu gün Ermənistanda insan hüquqlarının total şəkildə pozulması faktları var.
Digər xüsusi məqam ondan ibarətdir ki, vətəndaş cəmiyyətilə bağlı vəziyyəti araşdıran Forst yalnız "beşinci kolona" daxil olan QHT-lərlə görüşüb və ənənəvi "qara-piar" maşınından informasiya əldə edib. Elə bu məsələyə də toxunan Əli Həsənov vurğulayıb ki, cənab Forst Azərbaycanda yalnız ona lazım olan QHT-lərlə görüşüb: "Həmin QHT-lərin hesabatlarında isə, adətən, hökumətin ardıcıl şəkildə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər təşkil etdiyi, onların problemlərini öyrəndiyi və həlli istiqamətində addımlar atdığı barədə informasiyalar gizlədilir. O ki qaldı QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişikliklərlə bağlı iradlara, qeyd etməliyəm ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində şəffaflığın təmin olunması, ilk növbədə, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin marağında olmalıdır".
Forst BMT kimi ali qurumda işləsə də, görünür, hüquqi baxımdan təkmil savada sahib deyildir. Çünki hesabatında cinayətkarla adi vətəndaşı qarışdıran Forst cinayət materialları ilə tanış olmadan birbaşa ittihama keçib. Əli Həsənov Forstun bu cəhdlərinə münasibətində diqqətə çatdırıb ki, əgər o, tanış olsaydı, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin barəsində "internetdəki" fikirlərinə görə cinayət işi açılıb" ifadəsini işlətməzdi: "Bu, ən azından peşəkarlıq məsələsidir. Həmçinin, cənab Forst maliyyə çətinliyi ilə üzləşən və buna görə də fəaliyyətini dayandıran hər hansı KİV-lə bağlı yaranmış vəziyyətin məsuliyyətini hökumətin üzərinə yıxmazdı. Ümumiyyətlə, həmin hesabatda və xüsusi məruzəçinin məntiqində ziddiyyətlər, qeyri-dəqiqlik, faktların təhrif olunması halları o qədər çoxdur ki, bu, cənab Forstun ekspert kimi səriştəliliyini ciddi şübhə altına qoyur".
Təbii ki, bütün bunlar, bir daha onu göstərir ki, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir. Bu, 26 sentyabr referendumu ərəfəsində Azərbaycana təzyiq etmək üçün anti-azərbaycançı dairələrin hücumunun növbəti həlqəsi idi.
"Səs" Analitik Qrupu