PDF Oxu

Araşdırma

  • 2 458

Con Kerrinin sabotaj xarakterli açıqlaması...

Con Kerrinin sabotaj xarakterli açıqlaması...

Yaxud dövlət katibi postunu tərk etməyə hazırlaşan Kerri erməni lobbisinə yaxınlaşmaq xətti tutub və onun qarşısında öz öhdəliklərini sona kimi yerinə yetirmək əzmindədir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təxminən 25 ildir ki, davam edir. Münaqişənin sülh yolu ilə həllini üzərinə götürən ATƏT-in Minsk Qrupu hələ də məsələ ilə bağlı nəticə əldə edə bilməyib. Məhz bu uğursuzluğun başlıca səbəblərindən biri və birincisi zaman-zaman ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin ölkəmizə münasibətdə ikili standartlı münasibətinin ortaya qoyulmasıdır. Elə ABŞ-ın dövlət katibi Con Kerrinin son açıqlaması da sözügedən qərəzli və ikili standartlı münasibətini bir daha ortaya qoydu.

"Liderlər buna hazır deyillər" açıqlaması ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının məsuliyyətini Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə atan Con Kerri bununla da, birmənalı olaraq, problemin həllində ATƏT-in Minsk Qrupunun, o cümlədən, ABŞ-ın yaxasını kənara çəkmək niyyətində olduğunu sübut edir. Dağlıq Qarabağ münaqişəsinin həllinin 1948-ci ildən bu günə kimi davam edən İsrail-Fələstin münaqişəsindən də mürəkkəb məsələ hesab edən ABŞ tərəfinin bu açıqlaması Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Qeyd edək ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ Dağlıq Qarabağ probleminin həlli üçün ciddi addımlar atmadı, problemin həllinə dair qəti mövqe ortaya qoyulmadı, liderlərin görüşü təşkil edilmədi. Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək üçün təşəbbüslər irəli sürülmədi. ABŞ dövlət katibinin sonuncu bəyanatı da birbaşa ABŞ-ın nüfuzuna kölgə saldı.

ABŞ BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi beynəlxalq hüquq normalarının qorunmasının zəmanətçilərindən biridir. Ortada Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi faktı olduğu halda, Con Kerri hər iki ölkəni eyni statusda görür. Con Kerrinin dediklərindən belə çıxır ki, Azərbaycan işğalla razılaşmalı, torpaqlarının bir hissəsini güzəştə getməli, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməli idi.

Ümumiyyətlə, ABŞ dövlət katibi Con Kerri birinci dəfə deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərəzli fikir bildirir. Onun bu çıxışı bir daha sübut edir ki, ABŞ münaqişənin həllində maraqlı deyil. Eyni zamanda, onun özünün ermənipərəst mövqeyi münaqişənin həllinə mane olur.

Xatırladaq ki, C.Kerri 30 ilə yaxındır ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını prioritet kimi müdafiə edir. Dövlət katibinin ermənilər və erməni diasporu qarşısında bir vədi var - qondarma "erməni soyqırımı"nı qəbul etdirmək.

C.Kerrinin fəaliyyətinə nəzər salanda da, eyni ruhu görürük. Hələ 1983-cü ildə, o, Masseçusets ştatının qubernatoru, anti-türk baxışları ilə ad çıxarmış Maykl Dukakisin köməkçisi olub. Senator olduğu dövrdə C.Kerri "erməni soyqırımı" iddiasının tanınmasına ciddi dəstək verib, bununla bağlı konqresdə qətnamənin hazırlanmasında iştirak edib.

1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə C.Kerri və konqresmen Ueyn Ouens Azadlığı Müdafiə Aktına bədnam "907-ci düzəlişi" irəli sürüblər və onun qəbul edilməsinə nail olublar. C.Kerri 2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olanda, "erməni soyqırımı"nı tanıyacağını vəd edib. O, 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə C.Buşdan aprelin 24-də "erməni soyqırımı"nın tanımasını tələb edib. 2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və C.Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb ediblər. 2012-ci il sentyabrın 5-də C.Kerri Ramil Səfərovun azad olunmasını pisləmiş və bundan "şoka düşdüyünü" demişdir.

C.Kerri də daxil olmaqla, bir qrup senator 1990-cı il 20 Yanvar hadisələri ərəfəsində M.Qorbaçova müraciət ünvanlayaraq, "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini" önə çəkmişdi.

"Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra məsələlər üzərində işləmişik". Bunu isə Kerri 2013-cü il mayın 5-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanala görüşü zamanı bildirmişdir. Məhz bu qısa tanıtım C.Kerrinin kimliyinin təsdiqidir. Ermənilərə və erməni diasporuna yaxın olan bir ölkə rəsmisindən ədalətli mövqe gözləmək sadəlövhlük deyilmi?

Bu səbəbdən də, C.Kerrinin məlum açıqlaması sübut edir ki, artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan C.Kerri erməni lobbisinə yaxınlaşmaq xətti tutub və onun qarşısında öz öhdəliklərini sona kimi yerinə yetirmək əzmindədir, həmçinin, o, münaqişənin həllində Rusiyanın fəallığını zəiflətmək və gündəlikdə olan təşəbbüslərin reallaşmasını sabotaj etmək istəyir.

Bir sözlə, ABŞ dövlət katibinin son bəyanatı, faktiki olaraq, heç bir halda Birləşmiş Ştatların münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil. Həmçinin, onun bu iddiası ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçıları tərəfindən ən yüksək səviyyədə verilmiş mövcud status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına da ziddir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər