Prezident İlham Əliyev: "Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da, əslində, bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir"
Məlum olduğu kimi, sentyabrın 26-da Azərbaycanda referendum keçirilib. Referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib və nəticələrin hamısı Mərkəzi Seçki Komissiyasına daxil olub. Ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub. Səsvermədə seçicilərin iştirak faizi 69,7 faiz təşkil edib.
Referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Səsvermə prosesinin müşahidəsinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb. Ümumxalq səsverməsinin gedişini kifayət qədər çox sayda həm yerli və həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilib: "Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir. Bir neçə beynəlxalq rəy sorğusu agentliyi "exit-poll" keçirmişlər. "Exit-poll"un nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf və ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə, Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər. Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən, Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurmu ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə, özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər".
Ümumi şəkildə qeyd etməliyik ki, referendum xalqın siyasi hakimiyyətə olan etimadını nümayiş etdirdi. Prezident İlham Əliyevin sözlərilə desək, bu da, əslində, bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir: "Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma "HƏ" dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi.
Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək, referendumda "HƏ" dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə, bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz".
"Səs" Analitik Qrupu