Prezident İlham Əliyev: "Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik"
Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində atılan addımlar nəticələrini verməkdədir. Hər şeydən öncə beynəxalq aləmdə Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın ölkəmizin işğal edilmiş torpaqlarından çıxmasının tələb olunması respublikamızın beynəlxalq mövqelərini möhkəmləndirib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı, xüsusilə qeyd etmək olar.
Birincisi, İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıb. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu.
İkincisi, BMT-dən sonra ən çox üzvü olan Qoşulmama Hərəkatının Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu da, əlbəttə, Azərbaycanın böyük diplomatik və siyasi uğurudur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ölkəmizin mövqeyinin müdafiə edilməsində digər təşkilatların da fəallığını müşahidə edirik. Məsələn, Avropa Parlamenti. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi.
Azərbaycan, eyni zamanda hərbi mövqelərini də çox gücləndirib. Bunu biz bir neçə ay öncə də gördük. Belə ki, bu ilin aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etdi. Aprel döyüşləri tariximizin şanlı səhifəsinə çevrildi. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi, o torpaqlarda Azərbaycan bayrağını ucaltdı. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Azərbaycan təmas xəttində tam üstünlük əldə etdi və bu gün düşmənin istənilən hədəfini asanlıqla məhv edə bilər.
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar: "Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq, yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa, öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.
Biz həm iqtisadi-siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq, istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq".
Əlbəttə ki, bu gün Azərbaycan nə qədər güclü olsa da, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ikili standartlı siyasətlə tez-tez qarşılaşır. Azərbaycanın mövqeyi haqlı olsa da, dünyanın böyük gücləri prinsipial məsələlərə görə Ermənistana dəstək verirlər. Bu da, təbii olaraq, etimad və inam balansını pozur. Elə bu yaxınlarda ABŞ-ın dövlət katibinin səsləndirdiyi bəyanat söylədiklərimizə əyani sübutdur. Prezident İlham Əliyevin sözlərilə desək, bu, təəccüb doğuran bir bəyanatdır: "Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya və Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: "Status-kvo qəbuledilməzdir". Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda, bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, "hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir" demək, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks-təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək, bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".
"Səs" Analitik Qrupu